Milli Məclisin deputatı Zahid Oruc “Yeni Müsavat”ın dünənki sayına müsahibəsində müzakirələrə yol açan bir sıra fikirlər bildirib. Z.Oruc qeyd edib ki, devalvasiya fonunda ənənəvi iqtisadi inkişafdan qopmuş və sosial sabitlik atmosferindən kənarlaşmaq yolunu tutmuş insanları görərkən ona biganə qalmaq nəinki millət vəkili adına, eləcə də müdafiə etdiyi siyasi kursun mahiyyətinə və onun gələcək davamlılığı ideyasına zidd olardı.
Bir müddət əvvəl mediada tənqidi ruhlu ardıcıl açıqlamaları da bununla bağlı olub: “Əlimizi sıxıb bizimlə həmrəylik göstərənlər hər vəchlə susmaqla hara xidmət etdiklərini özləri bilmirdilər. Onlar qazandıqlarını itirməmək üçün istənilən rejimlə müqavilə bağlayarlar. Onlar bir vaxtlar Napoleon Fransasında olduğu kimi, royalistlər və yakobinçilərin, digər cərəyanların arasında gedən qanlı savaşlarda, termidor inqilablarında başları kötüyə gəlməsin deyə, min cür hiyləyə əl atanlara bənzəyirlər. Əslində parlamentdə normal müzakirə mühitində prezident İlham Əliyevin elan etdiyi yeni kursun mahiyyətini daha yaxşı izah etmək, onun hansı hədəfləri qarşıya qoyduğunu daha müfəssəl çatdırmaq mümkün idi. Lakin bəzən sükutu mövqeyə çevirənlərin çoxluğu fonunda fərqli tribunalarda söylənilən fikirlərimizə fərqli libas geyindirənlər, ”niyə filan fikir filan qəzetdə, saytda getdi" kimi yanaşanlar olur.
Faktiki olaraq institusional islahatların dərinləşməsi və dəyişilən siyasətin keyfiyyət fərqi dediklərimizə sübutdur. Xalqdan gələn çağırışları ən yaxşı dinləyən lider məhz prezidentin özüdür. “Sükut mövqeyi”nə çəkilməyə gəldikdə isə hər halda, siyasət birxətli və təkməchullu tənlik deyil. Onu matrisa kimi qəbul edərək bir çox beyinlərin sakitləşməsini gözləmək lazım idi. Lakin mən parlament üzvü kimi heç zaman əqidəmdən və siyasi yolumdan dönməmişəm".
Z.Orucun bu fikirləri bir daha göstərir ki, iqtidar və müxalifət düşərgəsinin bir neçə oxşar xüsusiyyətləri var. O xüsusiyyətlərdən ən başlıcası odur ki, fərqli fikrə həddən artıq dözümsüzdürlər. Tutaq ki, “Yeni Müsavat” qəzetində hansısa iqtidar adamının müsahibəsi çıxanda müxalifətdəki bir çox şəxslər az qalırlar diktofonu müsahibəni götürən müxbirin başında sındırsınlar. Yaxud iqtidar tərəfdən bir adam “Yeni Müsavat” və digər müstəqil qəzetlərə danışanda həmin adama qarşı müəyyən bir basqı olur. Əvvəllər basqı daha çox idi. Artıq son dövrlər bu aqressiyanı qəzetlər xeyli dərəcədə azalda biliblər. İstər iqtidar, istər müxalifət siyasətçisi olsun, onların işi həm də mediaya danışmaqdır. Danışarkən də fərq qoymamalıdır. Mediaya açıqlama məsələsində “bu iqtidar, bu müxalifət mətbuatıdır” sıralaması aparmaq qüsurdur, "KİV haqqında" Qanuna da ziddir. Zahid Oruc o deputatlardandır ki, biz illərdir ondan çox asan müsahibələr, rəylər ala bilirik.
O, mediaya münasibətdə ayrı-seçkiliyə yol vermir. Z.Oruc müsahibələrində hətta iqtidarın özünü belə tənqid edir. Onun sonuncu müsahibəsindən də belə anlaşılır ki, Azərbaycan iqtidarı ilə müxalifətinin baxışları üst-üstə düşür. Məsələn, Zahid Orucu kimlərsə müxalifətyönlü qəzetlərə, müstəqil mətbuata danışmaqda suçlayır. O cümlədən də müxalifət düşərgəsindən kim hakimiyyət qəzetlərinə müsahibə verirsə, müxalifət həmin adamı suçlayır, hətta satqın da adlandırır. Yaxud da, məsələn, “Yeni Müsavat” qəzetində iqtidar deputatlarının müəllif məqalələri çap ediləndə bəzi müxalifətçilər bunu çox kəskin qarşılayır. “Filan deputatın yazısı sizdə niyə gedib” tipli suallar verirlər. Halbuki müstəqil qəzetin işi bütün mövqeləri oxucuya çatdırmaqdır. O mövqedən nəticə çıxarmaq, qiymətləndirmək isə oxucunun işidir, qəzetin, jurnalistin işi deyil. KİV hər kəsə, bütün mövqelərə yer ayırmağa borcludur və buna görə media orqanını, jurnalisti günahlandırmaq qanuna və jurnalistika prinsiplərinə uyğun deyil.
cia.az
