|
Hillari Klintonun Bakıdakı tanışından və demokrat siyasətçidən açıqlamalar
Demokratlar Partiyasının namizədi Hillari Klintonun ABŞ prezidenti olacağı ehtimalı getdikcə artır. Artıq rəy sorğularında xanım Klinton respublikaçı rəqibi Donald Trampı 60 faiz səs toplamaqla xeyli üstələyib. Məlumdur ki, Klinton dövlət katibi olduğu dövrdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokolunun müəlliflərindən biri olub. Türkiyənin Ermənistanla sərhədi açması, əlaqələrin bərpa olunması üçün Klinton xeyli cəhdlər etmişdi. 

Buna baxmayaraq, müsbət nəticə əldə edilməmişdi. Bu fakt “Hillari Klinton prezident olacağı halda sərhəd açılması məsələsi yenidən ABŞ tərəfindən ciddi şəkildə gündəmə gətirilə bilərmi və Klinton prezident olsa ABŞ-ın Qarabağ problemi ilə bağlı mövqeyində hansısa dəyişikliklər olması mümkündürmü” suallarını meydana çıxır.

H.Klintonla şəxsi tanışlığı olan siyasi ekspert Bəxtiyar Hacıyev “Yeni Müsavat”a bildirdi ki, xanım Klinton dövlət katibi kimi fəaliyyət göstərdiyi müddətdə Türkiyə və Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılması və yaxınlaşdırılmasına, Ermənistanın “soyqırım” iddialarından regional əməkdaşlığa cəlb edilməsinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışmışdı. 
 
 
Bu, çox düzgün, doğru yanaşma idi və Sürix prosesinin uğurla nəticələnməsi Ermənistanın öz maraqlarında olmalı idi: “Ermənistanın həm Türkiyə ilə ”soyqırım" iddialarından əl çəkib əməkdaşlıq qurması, həm Azərbaycanın işğal edilmiş ərazilərini boşaldıb qondarma “DQR”in müstəqilliyinə çalışmaqdan əl çəkməsi və Azərbaycanla münasibətləri yaxşılaşdırması Ermənistanı regional iqtisadi layihələrə cəlb edə, ölkəni Rusiyanın təsirindən çıxara, Qərbə bir çox yeni qapılar aça bilərdi. 
 
Ancaq haqlı olaraq Azərbaycan və Türkiyə tərəfləri yaxınlaşma üçün ilkin şərt kimi Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad edilməsi şərtini qoydu. Ermənistan isə növbəti dəfə praqmatik, öz ölkəsinin maraqlarında olan yaxınlaşmanı yox, işğalı, soyqırım iddialarını üstün tutdu".
 
B.Hacıyev qeyd etdi ki, xanım Klinton ABŞ prezidenti seçilərsə, çox güman ki, Obamanın xarici siyasi yanaşmasını davam etdirəcək. Bu isə daha az qarşıdurma, daha çox əməkdaşlıq və yaxınlaşma deməkdir:“Corc Buş hakimiyyətindən fərqli olaraq Obama administrasiyası sərt gücə yox, yumşaq və ağıllı gücə üstünlük verdi və həm qarşıya qoyulan məqsədlərə çatdı, həm də ABŞ-ın dünyadakı itmiş nüfuzunu nisbətən bərpa etdi. Düşünürəm ki, xanım Klinton da həm öz təcrübəsi ilə, həm Obama administrasiyasının uğurlarının davam etdirilməsi məqsədi ilə, həm də iki dönəm prezident olmuş həyat yoldaşı Bill Klintonun təcrübəsi ilə bu xətti davam etdirəcək”.
 
 
Azərbaycandakı Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev isə bildirdi ki, H.Klinton Azərbaycanın da yerləşdiyi regionun problemlərinə yaxından bələd olan bir siyasətçidir. ABŞ-ın dövlət katibi olduğu müddətdə onun Türkiyə-Ermənistan münasibətlərinin yoluna qoyulması istiqamətində atdığı addımları nəzərə alsaq, prezident seçiləcəyi təqdirdə yarımçıq qoyduğu məsələlərin həllinə yeni cəhdlərin edilməsini proqnozlaşdırmaq olar: “Əslinə qalsa, Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması, Azərbaycan-Ermənistan münasibətlərinin, daha doğrusu, Dağlıq Qarabağ probleminin ədalətli həll olunmasından birbaşa asılı olan məsələdir. Xanım Klintonun da müəllifi olduğu Sürix protokolunun da nəticəsiz qalmasında əsas səbəb Azərbaycan-Ermənistan münasibətləri oldu. Artıq ABŞ siyasi dairələri də anlayır ki, Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabaş münaqişəsi həll olunmayınca, Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması həlli çətin olan məsələdir. Xanım Klinton prezident seçiləcəyi təqdirdə Türkiyə-Ermənistan münasibətlərinin yoluna qoyulmasına yenidən qayıdacaqsa, bu faktoru nəzərə almalı olacaq. 
 
Prezident seçiləcəyi təqdirdə Hillari Klintonun konkret olaraq Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansı yeni addımlar atmasına gəlincə isə bu məsələdə konkret proqnoz vermək çətindir. Bu məsələyə ötən dövr ərzində ABŞ-ın münasibətindən çıxış edərək deyə bilərəm ki, növbəti dönəmdə də ABŞ tərəfindən bu problemin həlli istiqamətində addımlar atılacaq. Sadəcə, son illər dünyada və regionda, o cümlədən son aylar Azərbaycan və Ermənistan arasında davam edən qısamüddətli müharibə bu problemin həlli ilə bağlı daha ciddi addımların atılmasını şərtləndirə bilər”.
cia.az