|
Rusiya Qarabağın “açar”ını verəcəkmi?
Qarabağ danışıqlarının növbəti raundundan - Rusiyanın Sankt-Peterburq şəhərindəkı görüşdən gözləntilər böyükdür. Yayılan məlumata görə, Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi arasında üçtərəfli görüşün iyunun sonunda keçirilməsi planlaşdırılır. Almaniya kansleri Angela Merkelin Qarabağın açarının Rusiyada olduğu barədə dediklərindən sonra Moskva görüşünün həlledici ola biləcəyi ehtimalı da daha ciddi şəkildə səslənir. 
 
Qeyd edək ki, ATƏT-in fəaliyyətdəki sədri olan Almaniya liderinin sərgilədiyi bu mövqe həm də Qərbin razılaşdırılmış münasibəti kimi qiymətləndirilir. Hesab olunur ki, Qərb hazırkı durumda, xüsusilə də aprel gərginliyini səngitməyə nail olduqdan sonra Rusiyanın moderatorluğunun alternativini görmədiyi üçün Kremlə “stavka” etməyi qərarlaşdırıb. Ancaq bu da var ki, Rusiyanın bölgədəki maraqları, Ermənistanın hava məkanını da nəzarət altına alması, işğalçı ölkənin Qarabağdakı destruktiv davranışları və digər məsələlər proseslərin müsbət axarına ümid etməyə imkan vermir. Xüsusilə də düşmənin iyun danışıqları ərəfəsində yenidən  aktivləşməsi savaş risklərini artırır. Bir neçə gün əvvəllə müqayisədə atəşkəsin pozulması halları da getdikcə çoxalır. 

Özü də düşmən daha çox Ermənistan-Azərbaycan sərhədi boyu atəşkəsi pozmağa üstünlük verir ki, bunun da səbəbi bəllidir. Düşmən var gücü ilə çalışır ki, Azərbaycanla Rusiyanı, paralel olaraq KTMT-ni üz-üzə qoysun. Ona görə də “özünün ərazi bütövlüyünə təhlükə yaradıldığı” görüntüsünü təqdim etmək üçün çeşidli təxribatlara əl atır.

İşğalçı ölkə adətən planlaşdırılan görüş ərəfəsində təxribat-diversiya hərəkətlərinə əl atır və danışıqlarda üstün mövqedən çıxış etməyə çalışır. Bu dəfə də analoji addımlar gözləniləndir. Azərbaycan tərəf düşmənin hətta əks həmləyə keçməsi ehtimalını da nəzərə alaraq mövqelərini gücləndirir. 
 
Bugünlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Silahlı Qüvvələrin Mühəndis-İstehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib. Məlumata görə, təlimin keçirilməsində əsas məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə edilməsini praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirməkdir. Həmçinin şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq da əsas məqsədlərdən olub. Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib. Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə iştirak edib, şəxsi heyətə xüsusi avadanlıq, mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika və vasitələr barədə məlumat verilib. 
 
Burada tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarının yeni növləri nümayiş edilib. Həmçinin ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və s. praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.
 
Tərəflərin müharibə hazırlığından Moskvada da məlumatlıdırlar və minimum nəticələrə hesablanmış da olsa, bir görüşün keçirilməsinə hazırlıqlar müşahidə olunur. Düzdür, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın dediklərindən belə çıxıb ki, Moskva özü də münaqişənin həllində “açar” rolunu oynamaq istəmir. Bu mənada diplomatın “bu, kompliment kimi səslənir ki, Rusiya Qarabağ münaqişəsinin həlli məsələsini öz əlinə alıb. Biz heç kimi dialoqdan çıxarmırıq. Fikir mübadiləsi edirik, söhbət edirik, əlaqə saxlayırıq və həmsədrlərin rolunu yüksək qiymətləndiririk. Biz mövcud formatda fəal işləyirik” - sözləri də bundan xəbər verir. Moskvanın bundan əvvəl Azərbaycan və Ermənistana “münaqişənin həlli özünüzdən asılıdır” məzmunlu mesaj verməsi də unudulmamalıdır.  
 
“Bundan əvvəlki görüş Qərbdə baş tutduğuna görə Moskva budəfəki görüşün Rusiyada reallaşmasını çox istəyir”. Bunu isə Kremlə yaxınlığı ilə tanınan rus politoloq Sergey Markov deyib (ANS) S.Markovun fikrincə, görüş iyunun ortalarında, yəni 16-18 iyunda Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində də mümkün ola bilər. Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi bu foruma Azərbaycan və Ermənistan prezidentləri də dəvət edilib. Düzdür, Markov bundan əvvəl də optimistcəsinə demişdi ki, ilin sonuna qədər qaçqınlar öz evlərinə dönə biləcək, o mənada rus politoloqun dedikləri tam səhih sayılmamalıdır. 
***
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, prezidentlərin görüşündə artıq konkret məsələlərə keçməyin vaxtı çatıb: “Yəni ATƏT-in Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, kifayət qədər verilən bəyanatlar öz həllini tapmalıdır. Zənnimcə, cənab İlham Əliyev bu görüşə istər Madrid prinsipləri, istər Kazan danışıqları, istərsə də son Vyana danışıqlarının artıq konkret həllinə keçilməsi gözləntisi ilə gedir”. 

Siyasi təhlilçi xatırlatdı ki, ermənilər cidd-cəhdlə qondarma qurumu tərəf kimi danışıqlara qatmaq istəyirlər:“Təbii ki, bu, alınan deyil. Bundan başqa, məsələnin ərazi bütövlüyümüz çərçivəsində həlli Azərbaycan tərəfinin birinci şərti olaraq qalır. Yəni Azərbaycan tərəfinin gözləntiləri konkretdir”. A.Nağıyev Almaniya kansleri A.Merkelin bəyanatında Rusiyaya önəm verilməsinin səbəblərinə də toxundu: “Kansler çox diplomatik bir tərzdə Rusiyanın münaqişənin yaranmasında həmmüəllif olduğunu vurğuladı və buna görə də Moskvanı bir açar fiqur kimi göstərdi. Bu əvvəldən də məlum idi. Məhz buna görə də Rusiya prezidenti Putin belə bir görüşün, məhz belə bir formatda keçirilməsi təşəbbüsünü irəli sürdü və təbii ki, burada regionda nüfuz məsələsi də önəm kəsb edir. Rusiya münaqişənin həllinin müsbət sonluğunda maraqlı olduğu kimi, eyni zamanda əleyhinədir. Çünki münaqişə həll edilsə, Moskva Sərkisyan və onun komandasını itirə, digər tərəfdən isə silah bazarında vəsait itkiləri ilə üzləşə bilər. Buna görə də Rusiya sona qədər maraq göstərməyəcək və itirəcəklərini kompensasiya etmək üçün müəyyən dividentlər qazanmağa çalışacaq. Elə buna görə də görüş ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin qərarına əsasən, ABŞ, Rusiya və Fransa xarici işlər nazirləri ilə baş tutacaq formatdan fərqlənir. Sankt-Peterburqda gözlənilən görüş məhz buna görə Moskva tərəfindən irəli sürülüb və bir sıra mətləblərdən xəbər verir”.
 
Düzdür, Ermənistanda və Qarabağda vəziyyət heç də Ermənistan hakimiyyətinin xeyrinə cərəyan etmir. Ötən ilin iyun ayında Moskvadan Dağlıq Qarabağa köçən, sonra isə peşman olan məşhur rusiyalı biznesmen German Sterliqov bugünlərdə deyib ki,  hazırda insanlar Qarabağdan qaçırlar və bu, çox pis haldır: “Bu, şübhəsiz ki, Dağlıq Qarabağ hökumətinin işindəki çatışmazlıqdan irəli gəlir. Əgər bu, belə davam etsə, yəni insanlar Qarabağdan qaçmağa davam etsələr, azərbaycanlılar sərbəst şəkildə həmin boş ərazilərə girəcəklər. Çünki burada heç bir yerli əhali qalmayacaq”.
 
Üstəlik, ermənilər Qarabağda ölməmək üçün variantlar axtarırlar. Sərkisyan rejimi erməniləri hətta muzdla da Qarabağda saxlamaqda çətinlik çəkir. Məlumata görə, Ermənistan vətəndaşı olan 6 əsgər qondarma Dağlıq Qarabağın müdafiə ordusunun hərbi hissə və batalyon komandirlərinin əmrlərinə tabe olmaqdan imtina ediblər. Buna görə də Ermənistanın Sünik vilayəti məhkəməsində cinayət işinin araşdırılması prosesi aparılır. Qondarma Dağlıq Qarabağın müdafiə ordusu sıralarında həqiqi hərbi xidmət keçən Vartan Balyan, Sevak Ayrapetyan, Mxitar Akopyan, Kamo Kazaryan, Vitali və Andranik Bəyləryan Ermənistan vətəndaşı olmalarını əsas gətirərək Qarabağda hərbi xidmətdən boyun qaçırıblar. Bundan əlavə, əsgər analarının Sərkisyanın evi və iqamətgahı qarşısında növbəti aksiyası da keçirilib. Ermənilər övladlarının Qarabağda xidmət etməsinə etiraz edirlər. Xüsusilə də apreldəki itkilər və növbəti danışıqların uğursuz olacağı halda, savaşın başlayacağı xəbərdarlığı düşmən ölkədə həyəcan doğurub. 
 
İyunun 13-də Ermənistan parlamentinin qarşısında da aksiya keçirilib. Bu aksiya isə Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına etiraz məqsədi daşıyıb. Ermənistan parlamentinin növbədənkənar sessiyasında yeni sistem üzrə sazişin səsverməyə qoyulması ilə əlaqədar etirazlar sərgilənib. Aksiya iştirakçıları əllərində “Toprağı, havanı verməyəcəyik”, “Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik”, “Növbəti satqınlıq addımı” yazılmış plakatlar tutublar. Onlar hökuməti növbəti satqın razılaşmanı imzalamaqda günahlandırıb. Erməni etirazçıların sözlərinə görə, bu razılaşmanı imzalamaqla, Ermənistan nəinki Azərbaycana, bütün dünyaya müharibə elan edib. İşğalçı ölkədə hesab edirlər ki, bu saziş ermənilərin “gələcəyini ruslara satır”. 
 
Əslində Ermənistan onu təhlükələrdən sığortalayan Rusiyanın himayəsinə sığınmağa məcburdur. Sadəcə, Sərkisyan rejimi bu yolla Rusiyaya dirəniş görüntüsünü yaradıb Qərbdən əlavə dəstək qazanmağa, üstəlik, Rusiyadan daha çox güzəştlər qoparmağa çalışır. Eyni zamanda Ermənistan Rusiya ilə müqavilədə Dağlıq Qarabağın “hava məkanının” qorunması barədə müddəanın olmamasından qəzəbləniblər. Hesab olunur ki, Rusiya bununla Azərbaycana “güzəşt” edib.  
 
Belə bir gərginliklərin fonunda Sank-Peterburq görüşündə hansısa mühüm anlamanın əldə olunacağına inam elə də böyük deyil. Nəzərə almalıyıq ki, bugünlərdə Azərbaycan prezidentinin S.Sərkisyanı kəskin tənqid etməsi işğalçı ölkənin rəhbərliyinə güllə kimi dəymişdi və hətta bu cür sərt mövqeyə görə Çexiya prezidentinə şikayətlənmişdi.
 
Münasibətlərin kəskinləşdiyi bir zamanda isə anlaşmanın əldə olunması mümkün görünmür. Bunu da unutmayaq ki, xalqlar da indiki şərtlər daxilində sülhə hazır deyil. Azərbaycanın isə prinsipial mövqeyi budur ki, torpaqlar işğaldan azad olunmasa, hər hansı sülh razılaşmasından söhbət gedə bilməz. Demək, Qarabağda daha dəhşətli müharibənin başlayacağını heç kəs istisna edə bilməz. Bunu növbəti “ev sahibi” - Rusiyada da yaxşı bilirlər. Gözləyək, görək Putin iyunun sonunda “Qarabağın açarı”nı verəcəkmi? 
cia.az