Azərbaycana birdəfəlik giriş üçün tələb olunan vizalara görə ödənilən dövlət rüsumu endirilir. Bununla bağlı bir sıra tələblər ləğv olunaraq qaydalarda dəyişiklik ediləcək. Qeyd edək ki, bir neçə ay əvvəl də prezident İlham Əliyev “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Miqrasiya Məcəlləsinə edilən dəyişiklik elektron vizanın alınması ilə bağlıdır. İndiyə qədər sənədlər daxil olduqdan sonra müvafiq icra hakimiyyəti tərəfindən onlara ən geci 10 gün keçənədək baxılıb və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilib. Dəyişikliyə əsasən bu müddət 10 gündən 5 günə endirilib.
Ekspertlər isə turist vizaları ilə bağlı edilən dəyişikliklərə fərqli mövqedən yanaşırlar. Musavat.com-a açıqlama verən ekspert Qubad İbadoğlunun sözlərinə görə, viza xərcləmələrinin sadələşdirilməsi, rusumun aşağı salınması, eyni zamanda vizanın əldə olunması vaxtının qısaldılması Azərbaycana maraq göstərən turistlərin istəyi, arzuları üçün deyil: “Həm də Azərbaycana gələnlər, sərmayə qoymaq marağında olanların qarşılaşdığı problem vizaların əldə edilməsi prosesinin uzun olması və eyni zamanda, bununla bağlı xərclərin çoxluğu idi. Bu dəyişiklikləri müsbət dəyərləndirirəm. Hesab edirəm ki, turist cəlbi üçün kifayət deyil. Vacib olan məsələlərdən biridir. Bu istiqamətdə atılan hər bir addım turisti, investoru ölkəyə gətirmək üçün əhəmiyyətlidir”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında qeyd edib ki, viza xərcinin büdcəyə keçirilməsi proseduru nöqteyi-nəzərindən o qədər də ucuzlaşma yoxdur: “Əvvəl 78 qəpik 1 dollar olanda bu rusum 40 dollar götürülmüşdü. O zaman 32 manata yaxın vəsait daxil olurdu büdcəyə. İndi 20 dollar edir və bu zaman da təxminən eyni miqdarda vəsait büdcəyə daxil olur, bir dəyişiklik yoxdur. Sadəcə, gələn turistləri də vizanın proseduru daha çox maraqlandırır, nəinki onun qiyməti. Təbii ki, vizanın iki dəfə ucuzlaşması, 20 dollar olması normaldır. Amma turisti maraqlandıran qiymət deyil, prosedura sərf etdiyi vaxtdır. O nöqteyi-nəzərdən, qonşu ölkələrlə rəqabət aparırıqsa, uduzduğumuz görünür. Bazarda əsas rəqibimiz olan Gürcüstanın keçdiyi yola nəzər salmalıyıq. Gürcüstan 48 ölkə ilə ümumiyyətlə, vizaları ləğv edib. Bu ölkəyə gəlmək üçün pasport bəs edir. Nə sərhəddə, nə ümumiyyətlə səfirliklər vasitəsi ilə heç bir viza əməliyyatlarını aparmağa ehtiyac qalmır. Azərbaycan nəyə görə hansısa ölkələrə viza tətbiq etməlidir ki, hələ qiymətinin ucuz olması ilə də öyünək? Azərbaycan ən azından Avropa Birliyi ölkələri üçün, Amerika, Kanada, Böyük Britaniya, Yaponiya üçün, əsas turist axını olan ölkələr üçün vizaları ləğv etməlidir. Təəssüf ki, Azərbaycan bu addımı atmaq istəmir. Hətta qonşularımızla belə, Türkiyə ilə belə illərlə bu məsələlər müzakirə olunur. Amma Gürcüstandan Türkiyəyə gəlmək üçün hər iki ölkənin vətəndaşının heç xarici pasporta ehtiyacı yoxdur. Sürücülük vəsiqəsi ilə gediş-gəliş mümkündür. Yəni bu nöqteyi-nəzərdən, turizm bazarında bizim əsas rəqibimiz Gürcüstandır və addımlarımızı onun atdığı adıdmlara uyğunlaşdırmalıyıq. Ümumiyyətlə, viza prosedurlarının ləğv olunması vacibdir. Bu, turizmdə müəyyən irəliləyişə nail olmağa imkan verə bilər. Digər addımlar atılsa, biletlərin qiyməti, hotellərin qiyməti ilə bağlı addımlar atılsa, daha yaxşı olar. Turisti qiymət yox, prosedur qaydası və ona xərclədiyi zaman maraqlandırır”.
Qeyd edək ki, bir müddət əvvəl dövlət başçısı elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. “ASAN Viza” həmçinin elektron vizanın üç iş günü müddətində verilməsini nəzərdə tutur.
Cia.az
