|
Prezidentin twitter hesabında təqibçilərin sayı niyə azdır?
“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Yeni Müsavat”a verdiyi son müsahibədə səsləndirdiyi bəzi fikirlər müzakirələr yaradıb. Qurumun rəhbəri Dünya Azərbaycanlılarının IV qurultayı ilə bağlı danışarkən prezident İlham Əliyevin twitter səhifəsində izləyicilərin az olmasından narahatlığını dilə gətirib. 
Tənzilə xanım qeyd edib ki, 50 milyonluq bir xalqın ölkə başçısının twitter izləyicilərinin sayı 217 mindir. Onun əsas diqqətçəkən fikirləri bunlardır: “50 milyonluq azərbaycanlıyıq, diasporamız da fəaliyyət göstərir. İndi mətbuat qədər sosial media da önəmlidir. Sosial mediada yazılan yazı dünyanın istənilən nöqtəsinə bir anda oxunur. Bu sosial şəbəkələrdən biri də twitter-dir. Facebookdan fərqli olaraq twitter-də 160 işarə ilə bir fikir ifadə etmək lazımdır. Lakin bu qısa fikir həqiqətən çox təsir edir. Bir anda həmin fikir yüz minlərlə təqibçiyə çatır. Qurultayda dedim ki, niyə prezidentimizi twitterdə 217 min adam təqib edir? Orada rəsmi sənədlər paylaşılır, yayımlanır. Qurultay üzvləri daha öncə etirazlar edirdilər ki, bizə məlumatlar lazım olur, əldə edə bilmirik və sair. 


Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı twitterdə 8 milyondan çox insan təqib edir. Niyə bizim prezidentimizin təqibçisi 2-3 milyon olmasın? Dedim ki, ən azı buradan başlayın. Hamı çıxış edib deyir ki, biz prezidentimizin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq təkcə sözlə demək yox, bir az da işə keçmək lazımdır”.

Bu fikirlərdən sonra doğrudan da Azərbaycan rəhbərinin twitter səhifəsindəki izləyicilərin sayının olduqca az olması bir anda gündəmə gəlib. Aidiyyəti orqanların bu məsələdəki fəaliyyətsizliyi suallar doğurur.


İqtidaryönlü deputat Zahid Oruc sosial şəbəkələrin hazırda böyük əhəmiyyətə malik olduğunu qeyd etdi:“Sosial şəbəkələr çoxmiqyaslı silah arsenalına çevriliblər. İnformasiya məkanının formalaşmasında əsas rol oynayırlar. Bu gün televiziyalar, çap mediası və digər vasitələr həqiqətən sosial mətbuat qədər əhatə dairəsinə, izlənmə rekorduna malik deyillər. Burada sistem onlayndır, hər istifadəçi operator, xəbər paylayıcısı, ötürücüdür, ətrafında milyonlarla insanı toplaya biləcək agentlikdir. Bir şəxs istənilən rolda çıxış edə bilir. Xüsusilə, dövlət adından siyasət yürüdülürsə, orada prezidentlər, eləcə də, mühüm postları tutanlar həddən artıq izlənməyə malik olmalıdırlar ki, ölkənin siyasəti aydınlaşdırıla bilsin. Təhlillər əsasən, prezidentlərin mövqeləri üzərindən aparılır. 
 
Belə olan təqdirdə facebook və twitter səhifələrinə, eləcə də, sosial şəbəkələrdəki qrup fəaliyyətinə böyük önəm vermək lazım gəlir. Hesab edirəm ki, prezidentin şəxsiyyəti, yerinə yetirdiyi missiya, beynəlxalq proseslərdə tutduğu həlledici mövqe, çox mühüm açıqlamaları beynəlxalq məkanda böyük önəm daşıyır. Belə olan təqdirdə bu prosesin içərisində olanlar bunun əhəmiyyətini qəbul etməlidirlər. Bunun hərbidə olan taktikalar kimi önəmi çoxdur. Orada da səngər mövcuddur, əsas hədəfləri tutmaq məqsədləri var. 
 
İnformasiyanın əhəmiyyətini anlamaq lazımdır. Cənab prezident qurultayda çox mühüm mesajlarını fərqli dillə ifadə etdi. Diplomatik jarqonlarla hər hansı fikirlərini təqdim etməyə üstünlük vermədi. Sanki hər kəsin beynini, qəlblini Azərbaycan istəyi ilə doldurmaq üçün daha fərqli bir üslubda davranışlar göstərdi. Sərkisyanın əleyhinə haqlı fikirlər səsləndirdi. Cənab prezidentin beynəlxalq məkanda böyük nüfuzu var. Düşünürəm ki, olan 217 minlik izləyici sayı 3 milyona təkcə azərbaycanlılar hesabına çatmamalıdır. Cənab prezidentin fikirləri beynəlxalq aləmə elə çatdırılmalıdır ki, digər xarici telekanallar, qurumlar bunu nəzərə alsınlar. Bu yöndə vacib addımlar atmaq administrasiyanın, oranın mətbuat xidmətinin və adminlərin işidir. Bu şəkildə professional işlər qurmaq olar”.
Cia.az