|
Vəkili Gülər Əhmədova ilə açacağı psixoloji mərkəzdən danışdı
Vəkil Adəm Məmmədovun sabiq deputat Gülər Əhmədova ilə birgə psixoloji mərkəz açacağı və bununla bağlı anons verməsi barədə yazmışdıq. “Yeni Müsavat”a açıqlamasında A.Məmmədov bu mərkəzin detalları barədə danışdı. 
Vəkil dedi ki, məsələ hələ ki müzakirələr səviyyəsindədir, bütün detallar, texniki məsələlər həll olunandan sonra mediaya açıqlama veriləcək. Onun sözlərinə görə, bu mərkəzdə həm psixoloq, həm də hüquqi xidmət göstəriləcək. Müsahibimiz bildirdi ki, hüquqi problemi olan insanların psixoloji basqı altında qalması, psixoloji gərginlikdən əziyyət çəkməsi faktdır və peşəsi ilə bağlı olaraq bunu daim müşahidə edib. 
A.Məmmədovunn dediyinə görə, mərkəzin əsas psixoloqu Gülər Əhmədova olacaq. Amma işlərin gedişatından asılı olaraq işə başqa psixoloq və ya psixoloqlar da cəlb edilə bilər. Müsahibimizin sözlərinə görə, bu, mərkəzə müraciət edənlərin axınından asılı olacaq. Vəkil xatırlatdı ki, hazırda mərkəzlə bağlı texniki detalları yoluna qoymaqla məşğuldurlar. 
Vəkil açacağı mərkəzə G.Əhmədovanı cəlb etmə ideyasından da danışdı. Dedi ki, əsas məsələ sabiq deputatın aldığı psixoloq təhsili ilə bağlıdır: “Bundan başqa, Gülər xanımın dünyagörüşü, məlumatlılığı, mütaliəsi də bu seçimdə mühüm rol oynayır. Hər halda, Gülər Əhmədova psixologiya üzrə elmlər namizədədir, eyni zamanda  pedaqoq kimi də işləyib. BDU-da, eləcə də bir çox təhsil müəssisələrində pedaqoq fəaliyyəti olub. Bilirsiniz ki, müəllimlər həm də güclü psixoloqlardır. Bu halda isə Gülər Əhmədova bu iş üçün ikiqat  - həm təhsilinə, həm də müəllim peşəsinə görə - uyğundur”.
Müsahibimizdən bir neçə gün öncə bu anonsu verməsinə baxmayaraq, G.Əhmədovanın bu barədə hər hansı açıqlama verməməsinin səbəblərini də soruşduq. Dedi ki, artıq sabiq deputat ilkin razılığını verib. 
Amma ideya tam reallaşan zaman bütün detallar mediaya açıqlanacaq. Müsahibimiz açılacaq psixoloji mərkəzdəki xidmətlərin məsrəfindən də danışdı: “Uşaq Evi, Qocalar Evindən olan şəxslərə xidmətlərin çoxu pulsuz olacaq. Bundan başqa, aztəminatlı təbəqələrə, sosial ehtiyacı olan insanlara da xidmətlərimiz pulsuz olacaq. Amma bununla yanaşı, qəbul qiyməti ilə bağlı hələlik dəqiqləşmə yoxdur. Amma bütün bunlar biznes sirri sayıldığı üçün ümumiyyətlə açıqlanması da doğru deyil”. 
A.Məmmədov bildirdi ki, ümumiyyətlə, psixoloji mərkəzdə çalışanlar etik normalara riayət etməlidir. Belə ki, mərkəzə gələnlərin kimliyinin gizli saxlanması ilkin şərtdir: “Çünki cəmiyyətdə psixoloq yanına gedən şəxslərlə bağlı birmənalı fikir yoxdur. Əgər mən bu gün desəm ki, psixoloq yanına gedirəm, bunu yanlış anlayacaqlar. Halbuki gərgin iş rejimi olan insanlarda bəzi psixoloji narahatlıqların olması normaldır. İnsanın daxili rahatlığı üçün psixoloq yanına getməsi normaldır. Xaricdə hər bir ailənin personal psixoloqu da olur”. 
 
“Yeni Müsavat” xatırladır ki, vəkil Adəm Məmmədov bir neçə gün öncə yeni yaradacağı ictimai qurumun anonsunu verib. O, bu haqda sosial şəbəkədəki statusunda yazıb. A.Məmmədovun yazdıqlarını nəzərinizə çatdırırıq: “İnsanlar yaşadıqları həyatı qiymətləndirib, dəyərləndirə bilirlərsə biz də belə insanlara hörmət edib dəyər verməliyik. Bir müddətdir ki, artıq siyasi həyatdan uzaqlaşmış ictimaiyyətin kifayət qədər tanınan, yazılmış bir yana yazılmamış qanunlara belə münasibətdə xarakter nümayiş etdirmiş Gülər xanım Əhmədova ilə tanışlıq və işçi görüşlərin nəticəsi olaraq (Pisxoloji-hüquqi yardım) bir araya gəlib, ciddi bir ictimai qurum yaratmağı nəzərdə tuturuq. Düşünürəm ki, Gülər xanımın təcrübəsi və xarakteri, təhsili (psixologiya üzrə elmlər namizədi) bu layihənin effektli işləməsi üçün vacib şərtdir. Edilən hərəkət və hərəkətsizliyə fərqli prizmadan müxtəlif münasibətlər ola bilər. Ən əsası odur ki, çətin zamanlarda belə insan xarakterini və mövqeyini ortaya qoya bilib, yeri gələndə susmağı bacarsın...
 
Son dövrdə mətbuat səhifələrində Gülər xanım Əhmədovaya qarşı kampaniya şəklində bəzi xoşagəlməz, təhdid xarakterli yazılarla rastlaşıram ki, bunu yaxşı hal hesab etmirəm. Məsələnin detallarına toxunmadan həmin yazarların nəzərinə bircə faktı çatdırmaq istəyirəm ki, həyatlarında oxşar duruma düşsəydilər, dostları və düşmənləri qarşısında bu qədər mərdi-mərdanə, dik dura bilərdilərmi???"
Cia.az