|
Keçmiş SSRİ məkanında müxalifətçilik “ölüm ayağında”
Keçmiş SSRİ məkanına aid respublikalarda müxalifətin getdikcə zəifləməsi, hətta bəzilərində artıq müxalifətçilik institutunun sıradan çıxması müşahidə edilir. Diqqət etdikdə görürük ki, bütün MDB respublikalarındakı müxalifət demək olar ki, xeyli dərəcədə bir-birinə bənzəyir. 
 
Bunun nə ilə bağlı olmasına gəlincə, ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, keçmiş SSRİ respublikalarında demokratik qüvvələrdə aşağıya doğru bir eniş var. Bu, inkişafın özünün məntiqi ilə və dünyada gedən proseslərlə bağlıdır. Üçüncü səbəb Rusiyanın yenidən özünün əvvəlki imperiya maraqlarını ortaya qoyması, keçmiş SSRİ respublikalarındakı rejimləri möhkəmlətməsi ilə bağlıdır. Bu və digər faktorlar həmin respublikalarda demokratik qüvvələrin zəifləməsinə gətirib çıxarır. 

S.Cəlaloğlu qeyd etdi ki, media və bəzi siyasi şərhçilər yeri gəldi-gəlmədi tez-tez Azərbaycandakı müxalifəti qınayır, tənqid edir. Amma Rusiya və Qazaxıstan kimi iri postsovet ölkələrindəki müxalifətin vəziyyəti ilə müqayisə edəndə görərik ki, əslində Azərbaycandakı müxalifət partiyaları nisbətən yaxşı durumdadırlar, az-çox fəaliyyət göstərirlər: “Ümumiyyətlə, keçmiş SSRİ məkanında ən güclü və davamlı fəaliyyətdə olan müxalifət Azərbaycan müxalifətidir. Həmin ölkələrin bir çoxunda heç Azərbaycandakı qədər müxalifətə qarşı basqılar yoxdur. Amma onlarda müxalifət bizdəki qədər inkişaf edə bilməyib. Bu, həm bizim müxalifətin özünün tarixi varisliyi ilə bağlıdır, həm də keçmiş SSRİ dövrünün özündə də Azərbaycan xalqında Moskvaya qarşı bir müxalifətçilik ruhunun olması ilə bağlıdır. Azərbaycanda istiqlalçılıq, müstəqillik ideyası həmişə olub. Bu gün Azərbaycan müxalifətini ayaq üstə saxlayan budur”. 
 
Keçmiş SSRİ məkanına daxil olan respublikaların hansında müxalifət olmağın nisbətən rahat olduğuna gəlincə, ADP sədri dedi ki, Pribaltika ölkələrində kifayət qədər rahat və güclü müxalifətçilik eləmək mümkündür. 
 
Moldova və Gürcüstanda müxalifətçilik fəaliyyəti müəyyən qədər asandır. Üçüncü yerdə nə qədər bizə düşmən dövlət olsa da Ermənistan gəlir: “Ermənistanda da müxalifətin fəaliyyəti üçün müəyyən şərait var. Dördüncü yerdə Azərbaycan, Ukrayna, Rusiya gəlir. Beşinci-ən bərbad yerdə Orta Asiya respublikalarıdır. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanda müxalifətçilik yox dərəcəsindədir. Orta Asiyanın yerləşdiyi coğrafiya özü orada insanlara siyasi fəallıq yox, ətalət psixologiyası yaradır. Qədimdən belədir, orada ənənə yoxdur. Əlbəttə, iqtidardakı rejimlər də bundan istifadə edir”. 
Cia.az