|
Almaniyanın “soyqırım” qərarının daha bir səbəbi - çərkəz faktoru
Almaniya Bundestaqının Türkiyənin etirazlarına baxmayaraq, erməni “soyqırımı”nı səsverməyə çıxarıb tanımasından bir həftə keçdi. Lakin buna baxmayaraq hələ də hadisə dünya ictimaiyyətinin diqqətindədir. 

Bir qrup hesab edir ki, Almaniya parlamenti uydurma “soyqırım”ı  Ərdoğan hakimiyyətinin siyasətinə qarşı, onların miqrantlarla bağlı tez-tez Qərbə verdiyi mesajlara  cavab  olaraq tanıyıb. Digər qisim ekspertlər hesab edirlər ki, Türkiyənin ümumi olaraq regional siyasəti Avropa İttifaqının və Almaniyanın maraqlarına cavab vermədiyi üçün Ankaranı bu şəkildə cəzalandırırlar. 
 
Lakin məsələ burasındadır ki,  ötən il də uydurma “soyqırım”ın 100 illiyi ilə bağlı parlamentə bu layihə gətirildi, ancaq  təxirə salındı. Almaniya “soyqırım”ın 100 illiyi ərəfəsində deyil, bir il sonra bu layihəni səsverməyə çıxararaq tanıdı. 
 
 
“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, indi də Almaniya parlamentinin qondarma  erməni “soyqırımı”nı tam şəkildə tanıdığını söyləmək olmaz: “Orada  diqqəti çəkən məsələ qərarın adı,  alman ekspertlərinin rəyidir. Layihədə erməni və digər xristian toplumlarının ”soyqırımı"nın  101-ci il dönümündən söhbət gedir. Bu, çox yayğın addır. İkincisi isə çox vacib məsələ ondan ibarətdir ki, Almaniyada erməni “soyqırımı” ilə bağlı parlamentin qəbul etdiyi qərarı  hökmən kansler təsdiq etməlidir. Hesab edirəm ki, bu, parlament qərarı olaraq qalacaq. Ona görə də məsələ Almaniya dövlətinin erməni “soyqırımı”nı tanıması kimi qəbul edilməməlidir".
 
Ekspertə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın subyektiv addımları və bunun ətrafında Türkiyə siyasətçilərinin müəyyən əndazəni aşan hərəkətləri qərarın qəbuluna səbəb olan nüanslardandır: “Bu kimi davranışlar Almaniya siyasətçilərini Ərdoğan hökumətinə qarşı çıxardı. Ərdoğan Almaniyada tanınan bir və ya bir neçə şəxsi cəzalandırmaq istədi. Çünki onlar Almaniyadakı mətbuat azadlığından istifadə edib, öz fikirlərini bildirmək istəmişdilər. Almaniya parlamentində olan şəxslərin bir qrupu düşündü ki, əgər Ərdoğana Almaniyada Merkel və Ştanmayer səviyyəsində üstün mövqe varsa, o, bu gedişlə alman parlamentində istənilən deputatı da cəzalandıra bilər. Ona görə hesab edirəm ki, məsələdə bu faktor daha böyük rol oynadı. Almaniyanı və parlamentini antitürk, anti-Azərbaycan dövlət kimi təqdim etmək düzgün deyil. Burada bizim özümüzün də müəyyən qədər iştirakımız var”.
 
M.Əhmədoğlu onu da bildirdi ki, Bundestaqda qərarı qəbul edənlər çərkəzlərdir və buradan da hər şey aydın olur: “Qanun layihəsinin əsas müəllifi olan Cem Özdəmir milliyyətcə çərkəzdir. İndi Amerikada  və Ermənistanda xüsusilə Serj Sərkisyanın ətrafında olan ermənilər, Rusiyaya təzyiq məqsədi ilə çərkəz soyqırımı mövzusunu aktuallaşdırmaq istəyirlər. Bu baxımdan ermənilər  Türkiyədə, ABŞ-da, o cümlədən Avropada bir qrup çərkəzi ələ alıblar ki, çərkəzlər erməni ”soyqırımı" mövzusunda aktivləşməli, ermənilər də onların “soyqırımı məsələsi”ni tanımalıdırlar. Əgər  Almaniyanın iştirakı ilə çərkəz soyqırımı ilə bağlı müəyyən ideyalar səslənərsə, bunun Rusiya üçün çox ciddi təsirləri olacaq".
Cia.az