İlin əvvəlində Bakıda növbəti tikinti bumunun yaranacağı vədi verilsə də, ötən 5 ayda tikinti sektorunda heç bir canlanma, irəliləyiş qeydə alınmayıb.
Ölkə başçısı da bir neçə ay öncə yeni tikinti layihələrinin həyata keçirilməsi, bunun üçün sahibkarlara güzəştlərin tətbiq olunması, ipoteka şərtlərinə dəyişiklik edilməsi ilə bağlı mesajlar vermişdi. Həmçinin sosial evlərin tikilməsi ilə bağlı da qərar verilmişdi.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da sahibkarlarla görüşündə tikinti ilə bağlı süni əngəllərin aradan qaldırılması və köhnə, qəzalı binaların sökülərək yerində yenilərinin tikilməsi barədə təkliflərlə çıxış etmişdi. Lakin artıq bu söhbətin üzərindən bir neçə ay keçib və paytaxtda söküntü prosesi davam etsə də, iri tikinti layihələrinə rast gəlinmir. Halbuki bu sektorun canlanmasının ölkə iqtisadiyyatına mühüm faydaları ola bilərdi. Söhbət həm tikinti sektorunda iqtisadi canlanmanın yaranmasından, həm də yeni iş yerlərinin açılmasından gedir. Bəs paytaxtda tikinti bumunu gecikdirən səbəblər nələrdir?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tikinti bumunun yaranması üçün bir çox şərtlər var: “Bunlardan biri bazardan çıxan iş adamlarının geri qayıtmasıdır. Bunun üçün isə onların maliyyə mənbələri təmin olunmalıdır. Maliyyə mənbəyi isə bankların verdiyi kreditlər ola bilər. Həmçinin bazarda tələb formalaşmalıdır ki, insanlar da daşınmaz əmlaka yatırım etsinlər. Tələbin formalaşması üçün banklar işə düşməlidir ki, kredit almaq mümkün olsun. İpoteka şərtlərinə yenidən baxılmalıdır ki, alıcılıq qabiliyyəti artsın. Bunlar bir-birinə bağlı olan məqamlardır və əgər həll olunsa, yəqin ki, ölkədə tikinti bumu yaranmasa da, inşaat sektoru inkişaf edə bilər. Lakin bunun üçün ən azı 2-3 il vaxt lazımdır”.
N.İbrahimovun sözlərinə görə, tikinti tempinin artması iqtisadiyyatın digər sahələrini də öz bərabərində canlandırır. Çünki bütün sahələr dolayısı ilə bir-biri ilə bağlıdır. Tikintinin həcmi insanların ödəmə qabiliyyəti ilə bağlıdır: “Adətən iqtisadiyyatda belədir ki, orta hesabla təxminən 8 il artıma gedir, sonra 3-5 il tənəzzülə gedir. Daha sonra yenidən 8-10 il artıma gedir. Bu, təkcə bizdə yox, dünya iqtisadiyyatında da belədir. Biz artıq 2014-cü ilin sonlarından başlayaraq, 2015 və 2016-cı illərdə iqtisadiyyatımızın tənəzzülü dövrünü yaşayırıq. Tənəzzüldən çıxma dövrü yəqin ki, 2018-ci ildən başlayacaq. 2018-ci ildən sonra biz tikinti bumunun yox, tikinti tempinin sürətlənməsinin şahidi olacağıq. Təxmini hesablamalar bunu göstərir. Tikinti elə bir sahədir ki, onu 3-5 aya canlandırmaq olmur”.
Sosial evlərin tikilməsinə gəlincə, ekspert bildirdi ki, bu haqda qərar varsa, gec-tez icra ediləcək: “Əgər belə bir struktur yaradılıbsa, gələn ilin büdcəsində bunun üçün əhəmiyyətli dərəcədə vəsait ayrılacaq. Ümumiyyətlə, sosial evlərin tikilməsi üçün vaxt artıq yetişib. Bu il inandırıcı olmasa da, gələn il üçün sosial evlərin tikilməsi qaçılmaz olacaq. Bu sahədə indidən müəyyən işlər aparılır, struktur formalaşır, ərazilər seçilir. Sonra da qalır maliyyənin ayrılması, tenderlərin keçirilməsi, tikinti şirkətləri ilə müqavilələrin bağlanması və şərtlərin müəyyənləşdirilməsi ki, bu evlər kimlərə veriləcək, hansı kateqoriyadan olan insanlara düşəcək. Yəqin ki, o şərtlər də bu il tam olaraq həllini tapacaq”.
Cia.az
