Qazaxıstanda son günlər baş verənlər dünyanın diqqət mərkəzindədir. Aktobe şəhərində törədilən terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması ilə əlaqədar iyunun 9-da Qazaxıstanda matəm elan olunub.
Ekspertlər hesab edirlər ki, hələ Ukrayna hadisələri zamanı, bu proseslərdən sonra əsas hədəf kimi Qazaxıstan göstərilirdi. Xüsusən Qərb və Ukrayna ekspertləri buna daha çox işarə edirdilər. Əsas səbəb isə Nazarbayevin siyasəti idi. Bir məqamı da xüsusi vurğulayaq ki, Nazarbayev Rusiyanın Ukrayna siyasətini heç zaman dəstəkləməyib. Hesab edilir ki, Qazaxıstan daxilində baş verən etirazların səbəbkarı Rusiyadır. Son olaylara gəlincə isə Aktobe hadisələri baş verdikdən sonra Rusiya mətbuatında bunu vəhhabilərin etməsi ilə bağlı xəbərlər yayıldı. Lakin ekspertlər hesab edirlər ki, Qazaxıstanda dini vəziyyət o qədər də kəskin deyil. Eyni zamanda hadisənin ölkənin şimalında baş verməsi də müəyyən suallar doğurur. Çünki Qazaxıstanda adətən dindarlar üçün əlverişli yer cənub zonası sayılır. Ən maraqlı tərəf isə Aktobe şəhərinin ərazi baxımdan Rusiyaya yaxın yerləşməsi və əhalisinin 25 faizinin ruslar olmasıdır.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Natiq Miri bildirib ki, Qazaxıstanda Ukrayna hadisələri təkrar olunur: “Söhbət ondan gedir ki, Krım işğal olunmamışdan öncə, orada da Ukraynanın hərbi bazalarına, silah anbarlarına heç bir işarət əlaməti olmayan ”yaşıl adamcıqlar"ın hücumu müşahidə olunurdu. Bu gün Aktobedə müşahidə olunan hadisə də bilavasitə budur. Başqa tərəfdən, nəzərə almaq lazımdır ki, Qazaxıstanın xüsusi xidmət orqanları nədənsə öldürülən və tutulan şəxslərlə bağlı informasiya vermirlər. Bu hadisələr bir növ qapalı informasiya kimi saxlanılır. Bu da müəyyən şübhələr yaradır ki, Qazaxıstan Rusiya barəsində hansısa ittihamedici fikirlərdən çəkinir. Başqa tərəfdən, bu ərəfədə baş verən digər siyasi hadisələri də diqqətdən qaçırmaq lazım deyil. Kremlin yaratdığı strateji araşdırmalar mərkəzinin eksperti Oleq Nemenskinin bir açıqlaması var. Həmin açıqlamada bildirilir ki, rusların yaşadığı bütün ərazilərdə, onların öz müqəddəratını təyin etmək hüququnu Rusiya dövləti ciddi surətdə müdafiə edəcək. Bu, sıradan və təsadüfən deyilən söz deyil. Çox maraqlıdır ki, onun bu açıqlamasından sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da bu informasiyanı təsdiq edən fikir səsləndirdi. Hesab edirəm ki, bu açıqlamalarla Aktobeda baş verən hadisələr bir-biri ilə bağlıdır".
Ekspert bildirib ki, Rusiyanın Qazaxıstana hədiyyə olaraq “S-300" zenit raket komplekslərini bağışlamasının da səbəbləri var: ”Bu, onunla əlaqəlidir ki, Rusiya Ermənistanda olduğu kimi Qazaxıstanın da hava məkanını öz nəzarətinə götürmək istəyindədir. Maraqlıdır ki, “S-300" raketlərinin Qazaxıstana verilməsi hadisəsi də Aktobedə törədilən terror hadisələrindən sonra reallaşdı. Hesab edirəm ki, bu, Qazaxıstan hakimiyyətinin terror hadisəsindən sonra Rusiya qarşısında geri çəkilməsi müqabilində baş verdi. Ona görə də düşünürəm ki, Rusiyanın bu məsələlərdə əli var. Qərbin bu proseslə bağlı guya hansısa rəngli inqilablar törətməsinə gəlincə, bu, inandırıcı amil deyil. Açığı, bununla bağlı hansısa əlamətlər də mövcud deyil. Bunlar, sadəcə olaraq, diqqətləri Rusiyadan azdırmağa yönəlik dezinformasiyalardır”.
Ekspert həmçinin Qazaxıstanın Avrasiya İttifaqı siyasətindəki məsələlərə də toxunub:
“Qazaxıstan götürdüyü öhdəliklərə rəğmən, müstəqil siyasət yürüdür. Söhbət Qazaxıstanın dövlət maraqlarından gedir. Ona görə də Qazaxıstan Avrasiya İttifaqına paralel olaraq, Qərb dünyası, eyni zamanda Asiyada Çin və digər ölkələrlə çox ciddi ticari əməkdaşlığını da davam etdirir. Bu məsələlər də mövcud proseslərin baş verməsi üçün səbəblərdən biridir”.
Cia.az
