Neftin dünya bazarındakı qiymət oynaması yaxın gələcəkdə dəyər proqnozlaşdırmalarını bir-birindən kəskin fərqləndirir. Qeyd edək ki, iyun ayının 6-dakı artımdan sonra dünya bazarında neft yenidən ucuzlaşmağa başlayıb. Ekspertlər bildirirlər ki, İran və Səudiyyə Ərəbistanının neftlə bağlı proqnozlaşdırmaları da qiymətlərə ciddi təsir göstərəcək. Belə ki, Səudiyyə Ərəbistanı neft hasilatını 2020-ci ilə qədər dəyişməyəcək.
Səudiyyə Ərəbistanı hökumət tərəfindən təsdiq olunan yeni iqtisadi islahat paketi çərçivəsində ölkənin neftdən asılılığını azaltmaq üçün hasilatda 2020-ci ilə qədər mövcud səviyyəsini qoruyacaq. Onlar iqtisadi islahat planı çərçivəsində gündəlik neft hasilat həcmini 2020-ci ilə qədər gündəlik 12,5 milyon bareldə sabit saxlamağı planlaşdırır. Rəsmi sənədlərə görə, ölkənin Milli Keçid Planı qeyri-neft məhsullarının ixrac dəyərini də 2020-ci qədər 185 milyard riyaldan 330 milyard riyala (88 milyard dollar) çıxarmağı hədəfləyir. Plana görə, Səudiyyə Ərəbistanının neft emalı gücü 2020-ci ilə qədər gündə 3,3 milyon barelə qədər artırılacaq. Qiymətləndirmələrə görə, ölkənin emal qabiliyyəti ötən ilin sonunda gündə 3,1 milyon barel səviyyəsində idi. Plana əsasən Səudiyyə Ərəbistanı 2020-ci ilin sonuna qədər enerjisinin 4 faizini bərpa olunan enerji mənbələrindən istehsal edəcək.
Amerikanın “JP Morgan” bankının proqnozuna görə isə İran 2016-cı ilin ortalarına gündəlik neft hasilatını 3,5 milyon barelə qədər artıracaq. İkinci rübdə analitiklər ölkədə neft hasilatını birinci rübdəki 3,1 milyon barelə qarşı gündə 3,3 milyon barel səviyyəsində gözləyir. Cari ilin nəticələrinə görə, İranda orta günlük neft hasilatı 3,3 milyon barel təşkil edəcək. “JP Morgan” bankının analitikləri hesab edirlər ki, 2017-ci ildə İranda gündəlik neft hasilatı 3,5 milyon barel səviyyəsində olacaq. OPEK-in aylıq hesabatına görə, İranda neft hasilatı fevralda 187,8 min barel artaraq 3,123 milyon barel təşkil edib ki, bu da region üçün rekord göstəricidir. “JP Morgan”ın ekspertləri deyirlər ki, gündə əlavə 0,5 milyon barel İran nefti 2016-cı ilin ikinci yarısında bazarda həddindən artıq bolluğa səbəb olacaq.
Ekspert Natiq Cəfərli neft bazarı ilə bağlı gözləntilər barədə musavat.com-a açıqlamasında bildirib ki, neftin indiki qiymətləri bazar qaydalarına uyğun olmadan formalaşıb: “Bəzi gözləntilər və hadisələr baş verdi. O cümlədən Kanadadakı meşə yanğınları və Nigeriyada terror hücumları nəticəsində 800 min barel neft daşıyan borunun partladılması bir müddət neftin qiymətlərini indiki 50 dollar civarına qədər gətirib çıxardı. Bu, obyektiv deyildi. Baş verən hadisələrə bazarın reaksiyası idi. Əsas bazar izləyiciləri indi Amerika Birləşmiş Ştatlarında neft hasilatına kökləniblər. Son zamanlar hər həftə 15 min barel azalma müşahidə olunur ki, bu da neftin qiymətlərini indiki səviyyələrdə saxlamağa imkan verir. Amma Səudiyyədən və İrandan hasilatın artırılacağı ehtimalı ilə bağlı gələn açıqlamalar və 14-15 iyunda Amerika Federal Ehtiyat Sisteminin toplantısında dolların bahalaşması qərarının, yəni uçot dərəcəsinin artırılması qərarının çıxması ehtimalı bazarda bir gözlənti formalaşdırıb. Bu, ondan ibarətdir ki, əgər FES uçot dərəcəsini artırsa, Nigeriyada, Kanadada baş verən texniki məsələlər həllini tapsa, yenidən bazara daha çox neftin çıxarılmasının şahidi olacağıq. Neftin 50 dollar civarında olması Amerikada neft istehsalçılarına da sərf edən bir göstəricidir. Amerikada bu həftə ola bilər ki, hasilatın az da olsa, artmasının şahidi olaq. Bütün bu faktorlar üst-üstə gəlsə, neftin qiymətində yeni korreksiya olması ehtimalı yüksəkdir. Amma neftin çox da ucuzlaşması ehtimalı aradan qaldırılıb. Yəni neftlə bağlı əvvəlki gözləntilər 15-20 dollar ətrafında idi. Belə proqnozlar gündəmdən çıxıb. Ən yaxşı halda, neftin qiymətinin təqribən 35-55 dollar arası uzun zaman, bir neçə il belə olması ehtimalı var. İndiki qiymətlərin 45 dollara qədər düşməsi ehtimalı var”.
Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, neftin qiymətində ciddi bahalaşma gözlənilmir:“Qiymətlər indiki çərçivədə variasiya edəcək. İndiki səviyyəsində də çox güman ki, qərarlaşacaq. Qiymətin ucuzlaşması halları da müşahidə oluna bilər. FES-in qərarının təsir imkanlarına gəldikdə isə bütövlükdə dolları bahalaşdırmaqla ümumiyyətlə valyuta bazarına təsir edə biləcək. Xüsusilə də bu bahalaşmalar ucuz neft deməkdir. Bahalı dollar neftin ucuzlaşmasını şərtləndirir”.
cia.az
