Hazırda Azərbaycan valyuta bazarında yaranan durum manatın məzənnəsi üçün yaxşı heç nə vəd etmir. Belə ki, dollara tələbat yenə də aktuallığını qoruyur. Lakin hökumətin əldə olan pul kütləsini azaltmasına yönəlik siyasəti hesabına dollarlaşma prosesi bir qədər səngiyib və manatın məzənnəsində də nisbi sabitlik əldə olunub.
Lakin hökumət dövriyyəyə pul kütləsi buraxan kimi, yenidən dollara olan tələbat artır və bu da manatın yenidən zəifləməsinə gətirib çıxarır. Ekspertlər hesab edir ki, “Formula-1″ Avropa Qran Prisi ərəfəsində hökumət manatı bir qədər də yumşaltmağa çalışacaq. Məhz bu səbəbdən dövriyyəyə daxil olan pul kütləsi artırılıb və bazarda dollara tələbat yaradıb.
Dollarlaşma ilə bağlı mövcud olan daha bir problem isə odur ki, əhali tərəfindən alınan xarici valyuta əsasən “yastıq altında” saxlanılır və demək olar ki, dövriyyədən çıxarılır. Bu isə iqtisadi aktivliyə zərbə vurur.
Mövcud durumu dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bunun səbəbi milli valyutaya olan inamın zəif olmasıdır: “Bu problemin həllinin konkret yolu yoxdur. Faktiki olaraq əhali manata inanmır və manatın daha da ucuzlaşacağını gözləyir. Bu səbəbdən bu müddət ərazində dollarlaşma prosesinin qarşısını almaq xeyli çətinləşir. Bununla bağlı bir neçə dəfə eksperiment yoxlamalar da keçirilib. Belə ki, neftin bahalaşacağı haqqında müəyyən fikirlər yayılır, Mərkəzi Bank manatın məzənnəsini bir qədər möhkəmləndirir. Bu zaman əhali əlində olan dolları təcili bazara çıxarır. Bu isə bazarda dollar bolluğunu artırır, proses manatın möhkəmlənməsinə gətirib çıxarır. Əks tendensiya yarana kimi isə əksinə olur. Hazırda tendensiya ondan ibarətdir ki, mümkün variantlardan istifadə edərək manatın məzənnəsində müəyyən həddi quruyub saxlamağa çalışılır. Ancaq çox təəssüflər olsun ki, bu pul kütləsinin azaldılması hesabına baş verir. Həm əvvəlki dövrlərlə müqayisədə dövlət büdcəsində xərcləmələr azaldılıb. Bunun da ciddi fəsadları var. Hökumətin funksiyası ondan ibarətdir ki, pul kütləsinin artırılması hesabına iqtisadi aktivliyi bərpa etsin, azaldılması hesabına manatın məzənnəsini qorusun”.
İqtisadçının sözlərinə görə, beynəlxalq praktika onu göstərir ki, böhran dövrlərində pul kütləsinin azaldılması doğru yanaşma deyil: “Bu iqtisadi aktivliyi daha da azaldılmasına zərbə olur. Xüsusən də, Azərbaycan kimi resurs ölkəsində qeyri-neft sektorunun, sahibkarlığın inkişafına çalışmaq lazımdır. Hökumət mümkün qədər çalışır ki, pul kütləsini azaltmaqla manatın məzənnəsini qorusun. Çünki, hökumət hələ ki, hesab edir ki, qeyri-neft sektorunun sürətli inkişafı mümkün deyil. Burada institutsional problemlər var, hüquqi problemlər də var, azad məhkəmə sistemi inkişaf etməyib və sair. Digər tərəfdən iqtisadi aktivlik azalıb. Faktiki olaraq əhalinin gəlirləri azalıb, risklər artıb. Banklar ard-ardına kredit portfelini bağlayıb, demək olar ki, kreditləşmə aparmırlar. Bu halda isə təbii ki, iqtisadi aktivliyi artırmaq mümkün deyil. ABŞ-ın 2008-ci ildəki maliyyə böhranını aradan qaldırmasının yollarına nəzər salsaq, görərik ki, yumşaq məzənnə siyasəti bir neçə il ərzində ABŞ iqtisadiyyatının yenidən toparlanmasına və inkişafına gətirib çıxartdı. Hətta indi yenidən faiz dərəcələri artırılması ilə bağlı müzakirələr gedir, ilk belə addım da ötən ilin dekabrında atıldı. Bir çox ölkələrdə analoji üsul sınaqdan çıxarılıb. Həm Yaponiya iqtisadiyyatında, həm Çin iqtisadiyyatında bu sınaqdan çıxarılıb”.
R. Həsənovun sözlərinə görə, problemdən yeganə çıxış yolu manata inamı bərpa etməkdir: “Azərbaycanda isə vətəndaşlar müəyyən etməkdə çətinlik çəkirlər ki, manatın məzənnəsi necə formalaşır. Həqiqətənmi dünya iqtisadiyyatına adekvat olaraq tələb və təklif əsasında formalaşır, yoxsa hökumət hansısa formada inzibati alətlərdən istifadə edərək müdaxilə edir. Burada ortaya çıxan problemlərdən biri də daha konkret məzənnə siyasətini ortaya qoymaq və insanları manatın məzənnəsinin bazar hesabına formalaşdığına inandırmaqdır. Vətəndaşlar məzənnənin necə formalaşması haqda dəqiq məlumata malik olsa, digər ölkələrdəki kimi vəsaitlərini daha doğru yerləşdirmə bilər, daha doğru qərar verə bilər. Ötən il milli valyutanın ard-arda iki dəfə ucuzlaşması prosesi getdi. Bu da insanlarda milli valyutaya qarşı inamsızlıq yaratdı”.
CİA.AZ
