|
Azərbaycana veriləcək 1,5 milyard kreditin təxirə salınması səbəbinə iki baxış
Asiya İnkişaf Bankı Azərbaycanın nəhəng qaz layihəsi üçün vəd etdiyi 1,5 milyard dollarlıq kreditin verilməsini sentyabr ayınadək təxirə salıb. Azərbaycanın “Şahdəniz 2" layihəsi üçün nəzərdə tutulan kreditin təxirə salındığı barədə xəbəri Beynəlxalq Maliyyə İnstitutu yayıb. Xəbərə görə, Azərbaycan bu layihəyə artıq dövlət büdcəsindən və avrobondların tədavülündən 5 milyard dollar xərcləyib, bununla belə, layihənin başa çatdırılması üçün ona daha 8 milyard dollar vəsait lazımdır. 

Bu layihəyə ”Şahdəniz" qaz yataqlarının inkişaf etdirilməsi və bir-birinə bağlı üç kəmərdən ibarət şəbəkənin yaradılması daxildir. Bu şəbəkə 2019-cu ildən başlayaraq Türkiyə və Avropaya 16 milyard kubmetr qaz nəql etməlidir.

İqtisadçı ekspert Azər Mehdiyev “Yeni Müsavat”a açıqlamasında kreditin təxirə salınmasının səbəbi kimi beynəlxalq təşkilatların Azərbaycan hökuməti qarşısında qoyduğu demokratik tələblərin yerinə yetirilməməsini göstərib: “Mən Asiya İnkişaf Bankının xarici borcun təxirə salınması ilə bağlı bəyanatının detalları ilə tanış olmamışam. Əvvəlcə şərtlərdən biri vətəndaş cəmiyyətinin durumu ilə bağlı idi ki, QHT-lərin işləməsi üçün real şərait yaradılsın, qanunvericilikdə dəyişikliklər olunsun. Bundan əlavə, onlar Azərbaycanda iqtisadi və institutsional islahatların keçirilməsini tələb edirdilər. Hələ ki hökumət tərəfindən bu istiqamətdə ciddi addımların atılmaması səbəbindən, kreditin verilməsi ləngiyir və uzadılır. Demək olar ki, əsas səbəblərdən biri budur. Çünki son illər, ümumiyyətlə, beynəlxalq danışıqlarda Azərbaycanın mədən sənayesində şəffaflıq və açıq hökumət tərəfdaşlığı çərçivəsində vətəndaş cəmiyyətinin durumu ilə bağlı qaldırılan məsələlər gündəmdədir. Hökumətdən tələb olunur ki, ölkədə vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün şəffaf mühit yaradılsın. Çünki şəffaflıq və hesabatlılığın birinci şərti müstəqil KİV-in və QHT sektorunun olmasıdır”.

Milli Məclisin İqtisadi siyasi komitəsinin üzvü Vahid Əhmədov isə deyib ki, əslində Avropa bu layihənin reallaşmasında maraqlıdır və kredit verilməsinin təxirə salınması da anlaşılan deyil: “Bu bir qədər müəmmalı məsələdir. Çünki həm Avropa, həm də beynəlxalq banklar özləri bu layihənin həyata keçirilməsində maraqlıdırlar. ”Şahdəniz 2" layihəsi Avropa üçün çox böyük əhəmiyyət kəsb edir. Eləcə də Azərbaycan üçün çox əhəmiyyətli layihədir. Layihənin reallaşması Avropa dövlətlərinin maraqları çərçivəsindədir. İlk gündən bu layihəyə dəstək verilib. İndi niyə belə bir addım atılmasını deyə bilmərəm. Bu informasiyanı dəqiqləşdirmək lazımdır. Bircə onu deyə bilərəm ki, bu layihənin həyata keçirilməsində heç bir problem ola bilməz". 
 
Azərbaycan hökuməti qarşısında qoyulan demokratik tələblərə gəlincə, V.Əhmədov bildirib ki, o öhdəlikləri hər zaman Azərbaycan  hökuməti qarşısında qoyurlar: “Cənab prezident haradasa səfərdə olanda və ya hansısa dövlət xadimləri Azərbaycanda səfərdə olanda bir sıra tələblər irəli sürürlər. Fikir, söz azadlığı, yığıncaq azadlığı, bəzi dustaqların azad edilməsi və sair. Hökumət də bu yaxınlarda bir sıra addımlar atdı, həbsdəkilərin bir qismi azad olundu. Xüsusilə son vaxtlar atılan addımları yüksək qiymətləndirirəm. Mətbuatda da söz azadlığı ilə bağlı vəziyyət yaxşıdır, hər kəs öz fikirlərini deyir. İndi müəyyən problem də olmamış deyil. Lakin inanmıram  ki, kreditlərin təxirə salınmasının səbəbi budur. Yəqin ki, orada hər hansı texniki məsələ var".
cia.az