Azərbaycanda işçilərin kütləvi ixtisarları prosesinin dayandırılması barədə xəbər vermişdik. Məlumatda deyilirdi ki, hakimiyyət işsizlər ordusunun artmasından ehtiyatlandığı üçün dövlət və özəl müəssisələrə ixtisarlara “stop” vermək barədə xüsusi tapşırıq verib.
Onu da qeyd edək ki, yayılan xəbərlər sırasında ölkə iqtidarının yeni iş yerləri açmaq və iş yerlərini itirən vətəndaşların aşağı maaşla geri qaytarılması planlarının olduğu deyilir. Çünki artıq hakimiyyət yaxın zamanlarda neftin qiymətinin sürətlə artacağını düşünmür. Bu isə iqtidarı vətəndaşların narazılığının qarşısını almaq üçün yeni addımlar atmağa vadar edir.
Politoloq Natiq Miri son devalvasiya və neftin qiymətinin aşağı düşməsindən sonra ölkədə iqtisadi artımın müşahidə olunmadığını qeyd etdi: “Bankların durumu çox acınacaqlıdır. Buna səbəb də banklardan götürülən kreditləri vətəndaşların geriyə qaytara bilməmələridir. İki devalvasiyadan sonra Azərbaycan vətəndaşlarının cibinə 100%-dən çox ziyan dəydi. İqtisadi artım yoxdursa, ixtisarların dayandırılması iqtisadiyyatla bağlı siyasətdən qaynaqlanmır. Bu, daha çox sosial-siyasi məsələdir. Getdikcə ixtisarların artması işsizlər ordusunun çoxalmasına səbəb olur ki, bu da potensial sosial etirazlar deməkdir. Bunu hakimiyyət anlamamış deyil. Azərbaycan xarici investisiyaların ölkəmizə axıdılması üçün ciddi cəhdlər göstərir. Prezidentin Almaniya səfərində Azərbaycan-alman iqtisadi forumunun keçirilməsində əsas məqsəd də bu idi. Bu yöndə ölkəmizdə qarşıdakı iki ildə ciddi dəyişikliklərin olması gözlənilir. Ən azından hakimiyyət belə düşünür və planlaşdırma da bu yöndədir. Yaxın zaman çərçivəsində sosial etirazların artmamasına yönəlik tədbirlər görüləcək. Bu baxımdan düşünürəm ki, görülən və planlaşdırılan işlərin iqtisadi artımla əlaqəsi yoxdur. Çünki neftin qiymətində ciddi bir artım gözlənilmir. Büdcəyə də ciddi gəlir daxil olmayıb ki, hökumət güzəştlərə gedə bilsin. Sadəcə, işsizliyin qarşısı almaq üçün bu cür qərar verilib”.
Politoloq iqtidarın işsizlərlə ehtiyatlı siyasət yürütməsinə də toxundu: “Ac qılınca tapar. Aclıq təhlükəsi aclığın özündən qat-qat təhlükəli olur. Bunu hakimiyyət gözəl anlayır. Bir insan sabahı üçün müəyyən perspektiv görmədiyi təqdirdə, o insandan nələr desən gözləmək olar. Artıq bu insanı sıxışdırmaq, həbs etməklə qorxutmaq mümkün deyil. Bu elə bir psixoloji məqamdır ki, artıq bu həddə gəlindiyində hakimiyyət ciddi problemlər yaşayacağını gözəl bilir. Ona görə bu məsələyə çox həssas yanaşır”.
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu örnək Azərbaycanda iqtisadiyyatın eybəcər formasının yarandığını sübut edir: “Özəl şirkətlərə hər hansı bir tapşırığın dövlət orqanları tərəfindən verilməsi qanunsuzluqdur. Əgər dövlət özəl şirkətlərə qarşı müxtəlif təsir rıçaqlarından istifadə edirsə, demək, ölkədə bazar iqtisadiyyatı yoxdur. Dövlət orqanlarının özlərində də ciddi problemlər var. Statistika sübut edir ki, dövlət orqanlarında çalışanların sayı 900 mindən bir az artıqdır. Amma özəl sektorda 600 mindən bir az çoxdur. Azərbaycan kimi bir ölkədə 900 mindən çox dövlət büdcəsindən maliyyələşən şəxs var. Bunlar tamamilə absurd bir rəqəmdir. İqtisadiyyat və büdcəyə ağır yük olan məqamdır. Azərbaycan hökuməti neft 27 dollara qədər düşdüyü vaxt belə bir qərar qəbul etmişdi ki, optimallaşdırmaya gedəcək, idarəetmənin effektliyini artıracaq. Doğru verilmiş bir qərar idi. Amma nədənsə sonradan bu qərar dəyişdirildi. İxtisarlar oldu, özəl sektora ciddi təzyiqlər edildi. Hətta dövlət büdcəsindən maliyyələşən bir neçə yeni qurum da yaradıldı. Hakimiyyət işsizlərin problem olduğunu görüb, bunun qarşısını inzibati yollarla alacağını düşünür. Bunlar da daha çox təhlükələrə yol aça bilər. İqtisadiyyatımız üçün ağır nəticələri ola bilər.
İqtisadiyyatın optimallaşdırılması və sağlamlaşdırılması prosesi mütləq getməlidir. Bundan çəkinmək lazım deyil. Ölkədə iqtisadi mühit, eləcə də rəqabət mühiti yaransa, dövlət və özəl sektorlarda işsiz qalanların öz bizneslərini yaratmaq maraqları olar. Bu da ölkə iqtisadiyyatına ciddi dəstək verər. Amma Azərbaycanda rəqabətli mühit olmadığına görə hökumət bu yollarla sosial gərginliyin qarşısını alacağını düşünür”.
cia.az
