Dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda hökumətin qarşısında duran ən böyük vəzifələrdən biri də Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) xarici maliyyə təşkilatlarından dövlət zəmanəti ilə alıb xərclədikləri kreditləri ödəməkdir.
Vaxtilə dollarla alınıb xərclənən borcları indi manatın dəyərdən düşdüyü bir vaxtda geri qaytarmaq büdcə üçün əməlli-başlı yükə çevrilib. Çünki hazırda ASC-lərin borc öhdəliklərini icra etmək imkanı olmadığından, borclar dövlət hesabına ödənməlidir. Dövlətin öhdəliyi isə nə az, nə çox, 6.9 milyard dollar həcmindədir. Vaxtilə neft gəlirlərinin yüksək olduğu vaxtda alınan kreditlərin geri qaytarılma müddəti indi başladığından, bu borclar da büdcə xərcləmələrində əhəmiyyətli yer tutur.
Hesablama Palatasının hesabatına nəzər salsaq görərik ki, 2015-ci ildə “Şahdağ” Qış-Yay Turizm Kompleksinmin tikilməsi üçün 40 milyon manat kredit alınaraq xərclənib. “Azərişıq” ASC xarici fondlardan 50 milyon manat kredit alıb və vəsait son qəpiyinəcən xərclənib. “Azəravtoyol” ASC 304 milyon manat, Bakı Metropoliteni 240 milyon manat, “Azərsu” ASC 240 milyon manat, Dövlət Neft Şirkəti 1 milyard 891 mln manat, “Aqrarkredit” QSC 2,54 milyard manat xarici fondlardan kredit alıb. Adıçəkilən ASC-lərin bu borcları qaytaracağı isə sual altındadır.
Təəccüb doğuran başqa bir məqam isə odur ki, bu qurumlar hər il dövlət büdcəsindən də külli miqdarda dotasiya alırlar. Həmin vəsaitlərin xərclənməsində şəffaflıq olmadığı kimi, bu borcların necə istifadə olunması ilə bağlı da şəffaflıq təmin olunmayıb.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, dövlət zəmanəti ilə alınan borclar həmişə hökumətin, xüsusən Maliyyə Nazirliyinin nəzarəti altında olan, eləcə də hər zaman hökuməti narahat edən problemdir: “Çünki dövlət zəmanəti ilə alınan xarici borclar həmin şirkət tərəfindən qaytarıla bilmirsə, dövlət tərəfindən mütləq qaytarılmalıdır. Bu problem hər zaman müzakirə olunur, gündəmə gətirilir. Ancaq mən burada qeyri-adi heç nə görmürəm. Əsas məsələ odur ki, alınan bu vəsait lazımi istiqamətdə xərclənsin, vaxtında da qaytarılsın. Dövlət tərəfindən, yoxsa həmin şirkətlər tərəfindən qaytarılması isə artıq məsələnin ikinci hissəsidir”.
V. Əhmədov onu da diqqətə çatdırdı ki, alınan kreditlərin dərhal geri dönüşünü təmin etmək bir çox hallarda mümkün olmur: “Elə sahələr var ki, kredit götürüb yatırım edirsən, ancaq həmin layihə 5 ildən sonra gəlir gətirəcək. Tutaq ki, biz Bakı-Qars dəmir yolu çəkirik. Ondan bu dəqiqə gəlir götürmək mümkün deyil. Və ya hazırda TANAP və TAP layihələrinə vəsait xərcləyirik. Lakin ondan da tezliklə gəlir götürə bilməyəcəyik. Bakı-Qars dəmir yolundan hardasa 2017-ci ilin ortalarında gəlir götürə bilərik, TANAP və TAP layihələrindən isə təxminən 2019-cu ildə gəlir götürmək mümkün olacaq. Amma elə layihələr də var ki, kredit götürüb yatırım edirsən, dərhal gəlir gətirir. Ona görə də xarici maliyyə qurumları kredit verərkən çox zaman dövlət zəmanəti istəyirlər. Hətta deyirlər ki, həmin layihəni parlament təsdiq eləsin. Bu, daha dəqiq zəmanət verilməsi üçün tələb olunan şərtdir. Son vaxtlar bu borclarla əlaqədar Azərbaycanda müəyyən qədər vəsait artımı var. Bu da ümumi dünyada gedən proseslə bağlıdır. Amerika Birləşmiş Ştatlarının da bu dəqiqə büdcəsinə bərabər xarici borcu var”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, bu borclar dövlət üçün əlavə yükdür və ASC-lərin borcu qaytarmaq potensialı olmadığından əsas ağırlıq dövlət büdcəsinə yönələcək: “Azərbaycan dövlətinin hər zaman fəxr etdiyi məqam bu idi ki, ölkənin xarici borcu çox az idi, ÜDM-in 8 faizini təşkil edirdi. Bu çox yaxşı bir göstərici idi. Bu mənada hökumət hazırkı iqtisadi böhrandan islahatlar yolu ilə çıxmaq əvəzinə, borclanmanı üstün tutdu. Azərbaycanda xarici borcun həcminin hesablanması da doğru metodologiya ilə aparılmır. Ölkənin borcu dedikdə həm iri şirkətlərin, dövlət qurumlarının dövlət zəmanəti ilə aldığı borc, həm də özünün aldığı borclar nəzərdə tutulur. Azərbaycanda hesablama metodologiyası belədir ki, digər borclara toxunmadan yalnız dövlət borcları hesablanır. Hesablama Palatasının təqdim etdiyi rəqəmlərdə göstərilir ki, ölkənin xarici borcu rəsmi olaraq göstərildiyindən daha çoxdur. Təkcə SOCAR-ın 7 milyard dollara yaxın xarici borcu var. Digər şirkətlərin borclarını da üst-üstə gələndə ÜDM-in 60 faizinə yaxın olur”.
Ekspert vurğuladı ki, bu borclar dövlət zəmanəti ilə alındığından şirkətlərin məsuliyyəti ikinci dərəcəlidir:“Yəni onlar qaytarmaqda çətinlik çəksə, həmin borcları dövlət qaytarmalı olacaq. Əgər qaytarmasa, arbitraj və iqtisad məhkəmələrinin hədəfinə çevrilib daha çox ödəmək məcburiyyətində qalacaq. Xarici borcun bu cür çoxalması və paralel olaraq gəlirlərin azalması gələcəkdə ölkəni defolt həddinə gətirib çıxara bilər. Hesablama Palatasının açıqladığı rəqəmlər isə onu göstərir ki, həmin borcların xərclənməsi də qeyri-şəffaf və qeyri-effektiv şəkildə həyata keçirilib. Kreditin mahiyyəti ondan ibarətdir ki, istənilən özəl və ya dövlət şirkəti aldığı krediti öz işini gücləndirməyə, daha çox qazanc götürməyə yönəltməlidir ki, artıq pul qazansın, həm kreditini bağlasın, həm faizlərini ödəsin, həm də özü gəlirli çıxsın. Görünən odur ki, alınan kreditlər aidiyyəti üzrə xərclənməyib. Dövlət zəmanəti olduğundan, dövlət şirkətləri bu vəsaitləri istədikləri kimi xərcləyiblər. Hökumət isə maksimum həmin şirkətin rəhbər işçilərini cəzalandıra bilər. Bu isə problemi həll etməyəcək”.
musavat
