Bir sıra ekspertlər Azərbaycan prezidenti İlham Əliyevin Almaniya səfərini kifayət qədər yüksək qiymətləndirir. Hesab olunur ki, mart ayında baş tutan ABŞ səfərindən və keçirilən görüşlərdən sonra Avropa Birliyinin aparıcı ölkəsində baş tutan görüşlərdə səslənən fikirlərin bir çoxu Azərbaycanın maraqlarına tam cavab verir.
Xatırladaq ki, bir neçə gün bundan öncə ABŞ prezidenti Barak Obama azərbaycanlı həmkarına ünvanlandığı məktubda Azərbaycanı “enerji lideri” kimi dəyərləndirmişdi və əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdi. Bu fikirlərdən sonra bəzi ekspertlər ABŞ Konqresində Azərbaycana qarşı sanksiya hədələrinin arxa plana keçirildiyi barədə nikbin fikirlər də səsləndirməyə başladılar.
Almaniyaya səfər zamanı da kansler Anjela Merkelin Azərbaycanın önəmindən bəhs etməsi diqqət çəkir. Qeyd edək ki, görüşdən sonrakı brifinqdə Azərbaycan prezidenti Almaniya ilə Azərbaycan arasında aktiv siyasi dialoqun mövcud olduğunu vurğulayaraq kanslerlə enerji təhlükəsizliyi məsələsini də müzakirə etdiyini bildirib. Prezident A.Merkelə Azərbaycandan keçməklə, Avropa və Asiyanı birləşdirəcək nəqliyyat xətti barədə məlumat verib.
A.Merkel də Azərbaycandakı sosial duruma diqqət ayırdıqlarını ifadə edib və deyib: “Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək”.
Görüşlərdə Azərbaycanda verilən əfv fərmanları da müsbət addımlar kimi təqdir olunub və təbii ki, bütün bunlar hakimiyyətin addımlarına adekvat reaksiyadır.
Göründüyü kimi, B.Obamanın əməkdaşlığın perspektivləri ilə bağlı mesajları xanım Merkelin fikirlərində də əksini tapır. Kansler dolayısı ilə alman fondlarının fəaliyyətinin bərpasına zərurət olduğunu vurğulayıb. Ancaq müşahidəçilərin qənaətincə, istənilən halda Azərbaycan rəhbərliyinə etimad müşahidə olunur. Ümumiləşdirsək, İ.Əliyevin xarici səfərlərindən görünən budur ki, Azərbaycan prezidentinə beynəlxalq birlikdən ciddi dəstək var. Aparıcı dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanda digər hansısa qüvvəyə “stavka” etmək niyyətində deyil. Hətta bəzi müxalifət təmsilçiləri də etiraf edir ki, vəziyyət onların gözlədiyi kimi deyil, hakimiyyətə basqı yox, dəstək var. Maraqlıdır, bu, nə ilə bağlıdır? Azərbaycanda İlham Əliyevin alternativi yoxdur, ya ortada başqa səbəb var?
AXCP sədrinin müşaviri Sahib Kərimov özünün facebook səhifəsində status paylaşıb. Partiya funksioneri yazıb ki, Qərbin İlham Əliyevə verdiyi siyasi dəstəyin səbəbi alternativsizlikdir: “Vətəndaş cəmiyyətinə, media qurumlarına dəstək üçün ayrılan milyonların effektiv xərclənməməsi, korrupsiyaya uğradılması faktdır. Kiçik istisnalar və vicdanlı adamlar var təbii. Amma o qədər zəifdir ki, hakimiyyətin repressiyaları zamanı etiraz etməyə maarifləndirilmiş adamlar tapılmadı, yəni vətəndaş cəmiyyəti yoxdur. Ona ayrılan vəsaitlərin xərclənməsinə ictimai nəzarəti təmin etmək müxalif siyasi qüvvələrin marağında olmalıdır. Hüquqlarını bilən, dövlətin öhdəliklərini hakimiyyətə təsirli metodlarla xatırlada bilən vətəndaş qrupları protest elektoratın nüvəsidir. Hanı o qruplar? Ümumən cəmiyyət maraqlarına cavab verən bu fəaliyyətləri uzlaşdıra bilən, müxtəlif mexanizmlər yaradıb effektiv idarəetmə vərdişlərini mənimsəyə bilən güc mərkəzləri olmadıqca, vəziyyət dəyişməyəcək”.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə tamam fərqli düşünür: “Çağdaş dünyanın dəyərlər sistemində demokratik dəyərlərə önəm verməyən siyasətçilərə heç yerdə sayğı və dəstək ola bilməz. Bir var faktiki durumu nəzərə alaraq dövlət başçısı ilə zəruri təmaslar qurulsun, bir də var ona xüsusi rəğbət və ya dəstək oluna. Bunlar tamamilə fərqli şeylərdir. Məsələn, Saakaşviliyə, Yuşşenkoya, Poroşenkoya və s. olan dəstəyi və rəğbəti götürün. Öndə gedən demokratik dövlətlərin rəhbərlərinin çıxışlarına fikir verin. İnsan haqları, qanunsuz həbslər, seçki saxtakarlıqları və s. kimi hallar onların çıxışlarında daha da tez-tez və sistemli səsləndirilir. Və hər dəfə də Azərbaycanın adı neqativ planda çəkilir. Ölkəmizin adının qara siyahılarda başda gəlməsi artıq labüd bir məsələyə çevrilib. Son iki-üç il ərzində beynəlxalq qurumlar tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş qətnamə və digər sənədlərə fikir verin. Dəstəyi olan dövlət başçısının ölkəsinə belə münasibətmi olar? Odur ki, mən düşünmürəm ki, İlham Əliyevə dəstək var və ya ona qarşı basqılar aradan qalxıb. O özü bu yaxınlarda basqılar haqda danışdı. Özünün şəxsən hədəfdə olduğunu dedi. Bu baxımdan ona qarşı münasibətdə hansısa yumşalmanın olmasını söyləmək olmaz. Düşünürəm ki, basqılar getdikcə artacaq”.
Politoloq Arzu Nağıyev hesab edir ki, Qərbin Azərbaycan rəhbərliyinə münasibətinin əsas səbəbi Azərbaycan prezidenti İlham Əliyevin regionda nüfuzlu bir dövlət başçısı kimi həyata keçirdiyi daxili və xarici siyasətdir: “Demək olar ki, bu gün cənab İlham Əliyev bir siyasi lider kimi konfliktlər yaşayan bir sıra dövlətlərin ümid yeridir. Bu, təbii ki, Türkiyə-Rusiya, Türkiyə -Almaniya, İran-ABŞ və digər dövlətlərlə bağlı məsələlərə də aiddir. Eyni zamanda bütün mötəbər beynəlxalq məclislərdə Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsini, Azərbaycanın suverenliyini prioritet istiqamət kimi birinci hesab edir və bütün çıxışlarında bunu vurğulayır. Təbii ki, suverenlik və ərazi bütövlüyü çərçivəsində hər bir millətin öz müqəddəratını həll etmək hüququnu da nəzərə alır”.
A.Nağıyev deyib ki, dünyanın təhlükəsizliyinə təhdidlərdən biri kimi enerji təhlükəsizliyinin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın da özünəməxsus rolu var: “İlham Əliyev bu istiqamətdə də mühüm siyasi və iqtisadi addımlar atır. Təbii ki, Qərb bunu da görür və bu səyləri dəyərləndirməyə çalışır. Əgər fikir versək görərik ki, hətta silah satışı ilə bağlı suallara cavab verəndə belə, Azərbaycan prezidenti bütün dövlətlərlə olan münasibətlərimizi açıq şəkildə deyir. Bundan başqa, Qərbdə populyar olan təzyiq mexanizmi kimi istifadə edilən insan haqları ilə bağlı təpkilərdən də layiqincə çıxan Azərbaycan bu məsələdə artıq əvvəlki tənqidlərə məruz qalmır və bu da cənab İlham Əliyevin siyasəti ilə birbaşa əlaqəlidir. Zənnimcə, Qərbin dəstəyi əsasən bu amillərlə bağlıdır”.
ADR İdarə Heyətinin sədri Qubad İbadoğlu isə “Yeni Müsavat”a bildirib ki, Azərbaycanla Avropa və ABŞ arasında münasibətlərin yaxşılaşmasının tərəfdarıdır: “Bu istiqamətdə əldə edilən tərəqqi dövlət maraqlarımıza uyğundur. Odur ki, Almaniya ilə Azərbaycan arasında gedən müzakirələr və əldə edilən razılaşmalar bu istiqamətdə əməkdaşlığı daha da genişləndirəcək. Amma milli iqtisadiyyatın indiki vəziyyətində alman kapitalını Azərbaycana cəlb etmək elə də asan olmayacaq. Bunun üçün ölkədə həm siyasi, həm də iqtisadi islahatlara kompleks yanaşılmalı, biznes mühiti əlverişli hala salınmalıdır”.
“Təbii ki, Azərbaycanda alternativsizlik mövcuddur və bu alternativsizliyi də hakimiyyət məqsədli şəkildə illər boyu yaradıb. Çalışıb ki, onun ciddi opponentləri olmasın və həmin opponentlər də beynəlxalq aləmin diqqətini çəkə bilməsin”.
Bu fikirlər “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Orucluya məxsusdur. O, “Yeni Müsavat”a deyib ki, əgər söhbət Almaniyanın hökumətindən, yaxud Avropa Birliyindən gedirsə, onlar ilk növbədə Azərbaycan hökuməti ilə işlədiyi üçün bu cür əməkdaşlıqlar, münasibətlər normal qarşılanmalıdır: “Bu gün ən pis variant Suriyada baş verir, ancaq yenə də danışıqlar prosesindəki tərəflərdən biri Bəşər Əsəd hökumətidir və bu, tamamilə normal praktikadır. Ona görə də bunu Azərbaycan hakimiyyətinin bir uğuru kimi təqdim etməyə ehtiyac yoxdur”. Ə.Oruclu burada əks tendensiyalar gördüyünü vurğulayıb: “Mətbuat konfransında Merkelin bir il əvvəl söylədiklərinə rəğmən deməsi ki, Dağlıq Qarabağın açarı Rusiyanın əlindədir, bunun ardınca isə İlham Əliyevin ”Rusiya bizə dost və qardaş dövlətdir" söyləməsi bunu göstərir ki, Azərbaycan-Qərb münasibətləri hələ də normal məcraya düşməyib. Yüksək ehtimalla bunun da başlıca səbəbi Azərbaycan hökumətinin Rusiya təsirindən çıxa bilməməsi və ya çıxmaq istəməməsidir.
Təsadüfi deyildi ki, elə bu səfər ərəfəsində Ramiz Mehdiyevin məlum məqaləsi yenə həmin ruhda gündəmə gəldi və orada təzadlı müqayisələr əksini tapdı. Yəni deməyim odur ki, Azərbaycan hakimiyyəti Qərblə əməkdaşlığa hazır deyil. Qərb Azərbaycanla əməkdaşlığa həmişə hazır olub və o əməkdaşlıq davam etdirilib. Ancaq məsələ burasındadır ki, Azərbaycanda adi hüquqi normalar təmin olunmur, nəinki hüquqi və siyasi azadlıqlar, bunları bir kənara qoyaq. Artıq təzyiq etməkdən də söhbət gedə bilməz. Təzyiq edib nəyə nail olublar? Azərbaycan hakimiyyəti demək olar ki, siyasi sistemin bütün institutlarını - müxalifəti, medianı, vətəndaş cəmiyyətini sıradan çıxarıb, beynəlxalq təşkilatlar ölkədən qovulub, əksəriyyətinə saxta cinayət işi açılıb. Bu vəziyyətdə təbii ki, hakimiyyətlə əməkdaşlıq etmək yeganə imkandır, çünki başqası demək olar ki, yoxdur, yaxud yox dərəcəsindədir". musavat
