|
İmişli rayonunda iki polis əməkdaşı avtomobillə vurulub

Bu gün səhər saat 5 radələrində İmişli – Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndindən keçən hissəsindəki karantin postunda xidmət edən 2 polis əməkdaşı xəsarət alıblar.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Kürdəmirdən İmişli rayonunun mal-heyvan bazarına mal daşıyan “Qazel” markalı yük avtomaşını ilə karantin polisinin əməkdaşları, polis serjantları, 1984-cü ildə anadan olmuş Hüseynov Elsevər Yusif oğlu və 1988-ci ildə anadan olmuş Əsədov Əkbər Bakir oğlu vurulub.

Hadisə nəticəsində Elsevər Hüsenovun qolu sınıb, Əkəb Əsədovun isə həm qolu çıxıb, həm də çiyni əzilib. Yaralılar dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumatlı mənbəələrin bildirdiyinə görə, karantin polisinin əməkdaşları “şlanqbaumu” bağlamaq istəyərkən Kürdəmirdən bazara mal daşıyan sürücü buna məhəl qoymayaraq avtomaşının hərəkətini davam etdirdiyindən hadisə baş verib.

İmişli Rayon Polis Şöbəsindən aldığımız məlumata görə, hadisəni törətmiş sürücü 1978-ci ildə anadan olmuş Kürdəmir rayon sakini Ayazov Şakir Şaxriyeviç saxlanılıb. Yaralılar isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər , vəziyyətləri qənaətbəxşdir.

Cia.az