|
Qubad İbadoğlu: 'Formula-1' yaxınlaşdıqca dollar bahalaşa bilər
'Formula 1' Avropa Qran Prisi yaxınlaşdıqca dollar bahalaşa bilər.
Musavat.com-un məlumatına görə, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu facebook sosial şəbəkəsində yazıb.
 
Q.İbadoğlu qeyd edib ki, iyunun 17-dən 19-dək Bakıda ilk dəfə  keçiriləcək Formula 1 Avropa Qran Prisinin açılışına 11 gün qalır və bu müddət ərzində ən azı 2 səbəbdən  manatın dollara nəzərən məzənnəsində  dəyişikliklər müşahidə oluna bilər: "Birincisi, bu   mötəbər yarış öncəsi ABŞ-ın Federal Ehtiyat  Sisteminin (FES) iyunun 14-15-də növbəti toplantısının keçirilməsi  və uçot dərəcələrini  qaldırması ehtimalının getdikcə artması dolların bahalaşması üçün əsaslar yarada bilər. FES-in qərarının ABŞ-la ticarət və investisiya əməkdaşlığı  güclü olan ölkələrə  ciddi təsirləri müşahidə  olunsa da bu qərarın  Azərbaycan, Rusiya, Qazaxıstan və Türkiyə kimi valyuta bazarı xarici şoklara həsas olan ölkələrdə  milli valyutaların  dollara nəzərən məzənnəsinə daha çox psixoloji təsirləri gözlənilir. Federal Açıq Bazar Komitəsində keçiriləcək  növbəti iclas  ABŞ iqtisadiyyatının İqtisadi proqnozlarının  müzakirəsi və sədrin mətbuat konfransından ibarət olacaq.  Gözləntilərə görə FES bu və ya iyulun 26-27-də gözlənilən sonrakı toplantısında uçot dərəcəsini bahalaşdıracaq.   Uçot dərəcəsinin artırılması pul kütləsinin azalmasını şərtləndirdiyinə görə bu dolların  mövqeyini  möhkəmlədir. Proqnzlara görə, bu il 1,1 dollar 1 avro, 1 dollar 115 yen səviyyəsində qərarlaşacaq".
 
İqtisadçı-alim bildirib ki, manatın məzənnəsinə təsir göstərəcək ikinci amil Formula 1 Avropa Qran Prisinə görə ölkəyə  gələcək turistlərin sayı ola bilər: "Hazırda bu yarışa giriş üçün 3 günlük biletlərin qiyməti 200 dollarla  590 dollar arasında,  iyunun 16-dan 20-dək akreditə olunmuş mehmanxanalarda  yaşayış  xərcləri isə 540 dollardan 2500 dollaradək dəyişir. Gözləntilər  ondan ibarətdir ki,  Mərkəzi Bank  Azərbaycanı turistlər üçün cəlbedici etmək üçün manatın məzənnəsini ucuzlaşdıra bilər.  Xaricilər üçün mehmanxana və biletin ödənişləri dollarla aparılsa da onların yemək və istirahət xərcləri manata tələbatı artıracaq. Bazara bu məqsədlə dolların çıxması iqtisadi qanunauyğunluğa görə manata tələbatı artırmaqla onu bahalaşdırmalıdır. Amma bu turistlər üçün Azərbaycan bazarının cazibədarlığını azalda bilər".
Cia.az