“POSAT” bağ-tikinti kooperativinin üzvləri prezident İlham Əliyevə məktub ünvanlayıblar. Surəti redaksiyamıza təqdim olunan müraciətdə deyilir:
“Hörmətli prezident! Biz 28 nəfər əmək veteranı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən bizə qarşı törədilən haqsızlıq və ədalətsizliklər barədə sizə məlumat vermək istəyirik. Bıldiririk ki, Hacıbala Abutalıbov Bilgəh qəsəbəsində bizim ”POSAT" bağ-tikinti kooperativinə məxsus olan 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar dövlətə məxsus torpaq sahəsini Bilgəh bələdiyyəsinin və Dövlət Reyestr Xidmətinin Bakı şəhər şöbəsinin saxta sənədləri əsasında, keçmiş deputat Qalib Salahzadə tərəfindən zəbt edilməsinə yardım edir. Bu məqsədlə Hacıbala Abutalıbov 08.04.2014-ci il tarixində bizim kooperativlə Q.Salahzadənin mübahisəsi məhkəmədə baxıldığı dövrdə qarşı tərəfin yalan və iftira dolu ərizəsi əsasında özünün 145 saylı sərəncamı ilə Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin bizim kooperativə torpaq sahəsinin ayrılması barədə 15.02.1989-ci il tarixli, 1/14 saylı qərarı etibarsız hesab edib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının bu qanunsuz sərəncamı tərəfimizdən məhkəmələrdə mübahisələndirilib. Hacıbala Abutalıbovun qanunsuz sərəncamı 1 saylı İnzibatı İqtisadi Məhkəmənin 6 iyun 2014-cü il tarixli qərarı, Bakı Apelyasiya Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qərarı, Ali Məhkəmənin 07.08.2015-ci il tarixli və 12 mart 2016 tarixli qərarları ilə ləğv edilmişdir".
Müraciət müəllifləri yazır ki, Hacıbala Abutalıbov daha bir qanunsuz, əsası olmayan sənəd hazırlayır: “Üç instansiya məhkəməsi qərarlarından lazımı nəticə çıxarıb yol verdiyi pozuntuları aradan qaldırmaq əvəzinə, Bakı Şəhər İcra Hakimiyyəti yenə də Qalib Salahzadənin təhriki ilə bizim kooperativin üzvlərinin hüquqlarının tapdanmasına yönəlmiş yeni sənəd hazırlayır və bununla Bilgəh Bələdiyyəsinin, Dövlət Reyestr Xidmətinin Bakı şəhər şöbəsinin saxta sənədlərinin məhkəmə tərəfindən ləğv olunmasına maneçilik törətmək istəyir.
Cənab prezident, biz sizə güvənirik və xahiş edirik ki, bu məsələnin müstəqil mütəxəssislər tərəfindən bizim iştirakımızla araşdırılması barədə tapşırıq verəsiniz. Bizim mövqeyimizi təsdiq edən bütün tələb olunan sənədləri təqdim etməyə və əks halda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazırıq".
Cia.az
