|
Almaniya-PKK əlaqələri barədə ilginc açıqlamalar
Türkiyəni tarixdə etmədiklərinə, konkretləşdirsək, saxta “erməni soyqırımı”na görə ittiham edən Almaniyanın terrorçu təşkilatlara dəstək verməsi barədə son illərdə dəfələrlə yazılıb. Çoxsaylı iddialar var ki, 30 mindən artıq günahsız türkü qətlə yetirən PKK-nın müdafiəçiləri, himayədarları və ona hər cür yardım göstərənləri sırasında dünyanın aparıcı dövlətlərindən olan Almaniyanın da adı var. 
Türkiyə mətbuatı xeyli müddət əvvəl PKK terror təşkilatı ilə Almaniyanın əməkdaşlığının ifşa olunduğu barədə materiallar dərc etmişdi. Bildirilirdi ki, Almaniya kəşfiyyat xidmətinin (BND) agenti bombardman nəticəsində ölən PKK terrorçularının arasından çıxıb. Ölən alman agentinin bu ilin may ayında PYD döyüşçülərinə təlim vermək üçün Suriyanın Qamışlı şəhərinə göndərildiyi, burada iki ay qaldıqdan sonra Qəndilə gedərək PKK terrorçularına təlim verdiyi deyilirdi. 
Ancaq bu, Almaniyadan Türkiyəni az qala hər gün - axırıncı terror hücumu  7 oyunda, İstanbulda törədildi - qana boyayan terrorçulara dəstəklə bağlı sonuncu fakt deyil. Kifayət qədər məlumatlar var ki, Türkiyədən çıxarılan PKK-çılar Almaniyaya sığınır, orada müalicə olunur, PKK-ya tibbi, maddi, siyasi dəstək verilir. 
Almaniyanın PKK-ya verdiyi silahların Türkiyə ilə sərhəd xəttindəki düşərgələrdə saxlanılması barədə də xəbərlər yayılıb. Hətta bildirilirdi ki, Almaniya PKK terror təşkilatı üçün xüsusi müasir silahlar istehsal edir və onları Hollandiyaya aid hərbi yük təyyarələri ilə ünvana çatdırır. Türkiyə mediası əvvəllər də xəbər verib ki, Qərbdə PKK-nın ən güclü dəstəkçilərindən sayılan Almaniyanın terror təşkilatı üçün xüsusi olaraq hazırladığı silah“Bunkerfaust” DM-32 (BKF) minaatanlarıdır. PKK-nın əlində “Bunkerfaust” DM-32-dən başqa, “Panzerfaust 3", ”Pzf 3" EX (DM10), “Pzf 3" (DM18 / DM18A1), ”Pzf 3" UB (DM38), “Pzf 3" UB-T (DM58), ”Pzf 3" (DM12 / DM12A1) , “Pzf 3-T” (DM22), “Pzf 3-BT” və BKF (DM32) kimi alman silahlarının da olduğu deyilir.
Bir müddət əvvəl kansler Angela Merkel İSİD-lə mübarizədə kürdlərə silah göndərilməsi barədə qərarı müdafiə edib. Almaniyanın dini azlıqların yox edilməsinə tamaşa edə bilməyəcəyini bildirən Merkel İŞİD-in soyqırım törətdiyini vurğulayıb. Ancaq kansler PKK təşkilatına silah göndərilməyəcəyini deyib. Kürdlərə göndərilən silahın PKK, yaxud digər kürd təşkilatına çatmayacağına isə kimsə təminat vermirsə, demək, Almaniya dolayısı ilə terrorçuları silahlandırmış sayıla bilər. 
Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə səslənən iddiaları ciddi sayır: “Türkiyənin üzləşdiyi ən böyük problemlərdən biri PKK-nın ölkə ərazisində törətdiyi terror aktlarıdır. Əgər söhbət sırf dövlət və bu terror təşkilatı arasında mübarizəsindən getsəydi, o, çoxdan məhv edilmişdi. Amma onun arxasında çox təəssüf ki, dünyada bir sıra iqtisadi və siyasi dairələr var. PKK-ya rəğbətlə yanaşan, ona maliyyə və hərbi-texniki dəstək verənlər var. Həmçinin hərbi düşərgələrdə o terrorçular hərbi işin incəliklərini öyrənirlər. Çox təəssüf ki, Almaniyanın da bəzi dairələrində PKK-ya rəğbət hissi açıq-aydın hiss olunur. Düzdür, bunu dövlətin siyasəti hesab etmək olmaz. Amma Almaniyanın müəyyən siyasi-iqtisadi dairələri PKK ilə sıx əlaqə saxlayırlar. Bu terrorçu təşkilatın nümayəndələri ilə görüşlər keçirilir, onların Almaniya ərazisində öz imzaları ilə fəaliyyət göstərməsinə şərait yaradılır”. A.Mirzəzadə qeyd etdi ki, bunun özü yolverilməzdir: “Çünki terror sərhəd tanımır. Hesab edirik ki, Almaniyanın siyasi dairələri Almaniyadakı müəyyən dairələrin PKK-ya rəğbətinin ilk növbədə Almaniya üçün böyük bir problem olduğunun fərqinə varmalıdırlar”.      
Politoloq Elxan Şahinoğlu də təsdiqləyir ki, Almaniyadakı siyasi mərkəzlərin PKK-ya simpatiyası açıq-aşkar var: “Əks halda, bu qədər PKK simpatizanı Almaniyada məskunlaşmazdı. Almaniyadan PKK-ya maliyyə yardımı da gedir. Bu ölkə birbaşa PKK-ya silah ötürməsə də, terrorçu təşkilat Almaniya və digər Avropa ölkələrində topladığı xərac hesabına özünə digər ölkələrdən və silah alverçilərindən silah alır. Bunun özü də PKK-ya silah vermək deməkdir. Almaniya parlamentinin ”erməni soyqırımı" qətnaməsinin qəbulunun arxasında PKK-ya rəğbət amili də dayanır. Türkiyə ordusunun və polisinin ölkə daxilində PKK-ya qarşı uğurlu mübarizəsi və minlərlə terrorçunu zərərsizləşdirməsi Berlinin xoşuna gəlmir". 
E.Şahinoğlu qeyd etdi ki, Almaniyada bəziləri bunu insan hüquqları məsələsi ilə qarışdırırlar: “Berlinin nə istəyib, nə istəməməsindən asılı olmayaraq Türkiyə PKK terroruna son qoymaq fəaliyyətini davam etdirəcək. PKK artıq Türkiyənin kürd əhalisindən dəstək ala bilmir. Kürdlərin mütləq əksəriyyəti PKK terrorunu lənətləyir, çünki terror onların normal həyatlarına mane olur”.
Almaniyada mühacir həyatı yaşayan hüquqşünas Əlövsət Əliyev isə “Yeni Müsavat”a bildirdi ki, Almaniya hökumətinin PKK-nı maliyyələşdirməsi barədə məlumatlar həqiqətə uyğun deyil: “Son olayın da onunla qətiyyən bağlılığı yoxdur. Sadəcə, kürd diasporu Almaniyada bəlkə yəhudi diasporundan da güclü təşkilatlanıb. Həmin diasporun hər bir üzvü böyük məbləğdə üzvlük haqqı ödəyir və o məbləğin Almaniya hökumətinə qətiyyən aidiyyəti yoxdur”. Ə.Əliyev qeyd etdi ki, həmin pulların böyük hissəsinin məhz Türkiyəyə cinayətkar qrupların saxlanmasına yonəlməsi iddia olunur: “Almaniya hökuməti heç bir iş adamının fəaliyyətinə məhdudiyyət qoya bilməz. Təbii ki, bu yardımlar müxtəlif formada ifadə oluna bilər. Yəni tibbi avadanlıqların göndərilməsi, ərzaq məhsullarının göndərilməsi və s. Lakin bunlar Almaniyadan heç zaman ”PKK-ya yardım" adı ilə çıxarıla bilməz. Almaniyada kürdlərin kifayət qədər böyük təşkilatları var və həmin təşkilatlardan istifadə olunur".
 
Cia.az