Səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, ana və uşaqların sağlamlığının qorunması məqsədilə, xüsusilə də regionlarda tədbirlərə başlanıb.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, artıq Azərbaycanda ana və körpə ölümü göstəricisi azalıb. Lakin hələ də problemlər qalmaqdadır. “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatologiya kafedralarının əməkdaşları regionlara göndərilib. Onlar mütəxəssislərə təlim keçirlər. Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, beynəlxalq diridoğulma meyarlarına keçid vasitəsilə Azərbaycanda perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılmas vacib olan tədbirlərdəndir. Bundan əlavə, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi də nəzərdə tutulub”,-deyə anzirlikdən bildiriblər.
Qeyd edək ki, institutun əməkdaşları yerlərdə həkimlərin fəaliyyətinin təhlilini aparıb, hesabatlarında problemləri müsbət həlli üçün müvafiq təkliflər veriblər. Təkliflərdən biri də ana ölümlərini azaltmaq məqsədi ilə Türkiyədə tətbiq olunan “Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi”ndən nümunə kimi istifadə etmək olub. Bu layihənin “Anadolu Kuzey Kamu Hastaneler Birligi”ndə tətbiqi nəticəsində Türkiyənin ən yüksək ana ölümü olan Orta Doğu Anadolu bölgəsində peripartum qanaxmalarla bağlı olan ana ölümləri və travmatizmləri əhəmiyyətli dərəcədə azalıb. Layihənin koordinatoru professor Ateş Karateke “Zeynep Kamil Kadın ve Çocuk hastalıkları eğitim araştırma hastanesi”nın baş həkimidir. Azərbaycanlı mütəxəssisləri layihənın əsasları və iş prinsipləri ilə tanış etmək üçün professor Ateş Karateke ölkəmizə dəvət olunub.
Cia.az
