Ceyhun Yusifov: “Çox təəssüf ki, absurd qadağalar tətbiq edən şəxsə belə bir ağır cinayətin araşdırlması tapşırılıb”
“Müstəntiq Aslan İbrahimov müvəkkilim Samir Əliyevə münasibətdə qanunsuzluqları davam etdirir”. Bu sözləri “Yeni Müsavat”a vəkil Ceyhun Yusifov bildirib. S.Əliyev həbsindən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində onun təqsirli bilindiyi qətl işi üzrə Aslan İbrahimovun rəhbərliyi ilə istintaq qrupu araşdırmalara başlayıb. İstintaq müddətində S.Əliyevin yaxınları ilə telefon danışığı qadağan olunub. Bundan başqa onun yaxınları ilə görüşlərdən məhrum edilməsi haqda qərar verilib. Belə qadağaların tətbiq olunmasının səbəbi açıqlanmayıb.
Vəkil deyir ki, müstəntiq hər vasitə ilə müdafiəni qurmalarına da çox ciddi əngəllər yaradır: “Müstəntiq Aslan İbrahimov Samir Əliyevin elementar hüquqlara hörmətlə yanaşmır. Bu yolda o qədər absurda gedir ki, hətta Samir Əliyevin 6 aylıq övladı ilə görüşünü də yasaqlayır. Yazır ki, bu görüş zərərçəkmişə həmin uşağın təsir etmək imkanını verə bilər. 6 aylıq uşaq kimə təsir edə bilər? Axı bu gülməlidir. Çox təəssüf ki, belə gülməli, absurd qadağaları tətbiq edən şəxsə belə bir ağır cinayətin araşdırlması tapşırılıb. Ümid edirik ki, Baş Prokurorluğun rəhbərliyi müvafiq addımlar atmaqla cinayət işi üzrə bir günahsız insanın amansız qətli və bir günahsız insanın həbsi, dəhşətli mərhumiyyətləri ilə nəticələnən cinayət işinin araşdırılmasını digər müstəntiqə tapşıracaq”.
C.Yusifov müstəntiq A.İbrahimovun tutduğu mövqeyin qərəzli olduğunu diqqətə çatdırır: “Normalda müstəntiq iş üzrə araşdırma aparmaq üçün atmalı olduğu addımların əvəzinə Samir Əliyevə, onun ailə üzvlərinə və ətrafına təzyiq göstərmək yolunu tutub. Onun atdığı bütün addımlar cinayətin Samir Əliyevin boynuna qoyulmasına yönəlib. Yəni müstəntiq istintaq araşdırması əvəzinə təzyiq yolunu tutub. Bunun əvəzində normal istintaq aparsaydı, Samir Əliyevin günahsızlığını sübut edən dəlillərə qiymət verməyə cəhd etsəydi, bu gün tamam fərqli mənzərə olardı. Lakin A.İbrahimov hər vasitə ilə bu cür davranışla prokurorluğun imicinə xələl gətirir. Hətta onun özünə arxayınçılığı o həddə çatıb ki, müdafiəçi kimi mənə də müxtəlif üsullarla təzyiq edib, məni müdafiəçi kimi müdafiədən çəkindirmək üçün hər vasitəyə əl atıb. 1 ildir ki, cinayət işi istintaqdadır. Ötən müddət ərzində mən Aslan İbrahimovu cəmi 1 dəfə görmüşəm. Bu cür ağır cinayətin araşdırlmasına 1 ildə 1 dəfə vaxt ayıran müstəntiq qanuni nəticəyə gələ bilməz. Hesab edirəm ki, mütləq qaydada müdafiəçisi olduğum şəxsin özü və həyat yoldaşı və valideynləri tərəfindən A.İbrahimov barəsində edilən çoxsaylı şikayətlər araşdırılmalı və onun fəaliyyətinə qiymət verilməlidir”.
Vəkil deyir ki, müdafiəsi altında olan Samir Əliyevin özü də keçmiş həyat yoldaşının qatilinin həbs edilərək ən sərt şəkildə cəzalandırılmasını tələb edir: “Müstəntiq öz absurd mülahizələrinə əsaslanıb Samir Əliyevin cinayəti törətmiş şəxs kimi təqdim etməkdən çəkinmək istəmir”. Qeyd edək ki, S.Əliyev Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürməkdə ittiham olunur. O, həyat yoldaşı - 1981-ci il təvəllüdlü Natəvan Əliyevanı öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Cia.az
