|
Braziliya Senatı prezidentin impiçment məsələsinə avqustda baxacaq
Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Russefifn impiçment məsələsinə avqustun 1-i və yaxud 2-də baxacaq.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə parlament komissiyasının sədri Raymundo Lira bildirib.
 
Braziliya qanunvericiliyinə əsasən, ilk səsvermədə senatorların 50%-i impiçmentin lehinə səs versələr, ikinci səsvermə baş tutacaq. Bu zaman prezidenti vaxtından əvvəl istefaya göndərmək üçün senat üzvlərinin üçdə ikisinin səsi kifayət edəcək. İlk səsvermə Rio-de-Janeyroda start götürəcək Yay Olimpiya oyunları ərəfəsində, ikinci səsvermə isə bilavasitə yarışların keçiriləcəyi günlərdə keçiriləcək.
 
Dilma Russeffin vəzifədən 180 gün müddətinə kənarlaşdırılmasından sonra vitse-prezident Mişel Temer artıq yeni hökumət qurub.
 
Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən Russefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Russeff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.
 
Cia.az