Belə görünür ki, qondarma “DQR”in keçmiş “müdafiə naziri” Samvel Babayan Azərbaycan ordusunun imkanları haqda işlətdiyi fikirlərə görə doğrudan da “ən düz danışan erməni” tituluna iddia edə bilər. Ötən həftə “Samo” aprel döyüşləri haqda danışarkən demişdi ki, Azərbaycan cəmi iki rezerv briqada ilə erməni ordusunun mövqelərini bir saata dağıdıb, müdafiə xəttini yarıb. Habelə o bildirmişdi ki, Ermənistan nə hərbi, nə maddi-texniki resurslara görə Azərbaycanla ayaqlaşa bilməz və belə getsə Azərbaycan əsgərləri gəlib İrəvanda çay içəcəklər.
Xəbər verildiyi kimi “Samo” artıq Qarabağdadır və yenidən “müdafiə naziri”olmaq üçün tərəfdarlarını küçələrə çıxarıb. Bu gün o, Xankəndində jurnalistlərə müsahibəsində yenidən Azərbaycanın hərbi imkanları haqda danışıb və deyib ki, onu “köhnəlmiş informasiyalardan” istifadə etməkdə qınayanlar “parazitlər və ağıldankəmlərdir”. Samvel Babayanın sözlərinə görə, Azərbaycan nəinki müasir hücum silahları alıb, eləcə də dünyanın ən güclü raketdən müdafiə sisteminə malik dörd ölkədən birinə çevrilib.
“Samo” deyib ki, Azərbaycan İsraildən “Dəmir günbəz” raketdən müdafiə qalxanı alıb və dörd diviziyon raketdən müdafiə sisteminə malikdir. “Mən bu sistemlərin Azərbaycan boyu harada yerləşdirildiyini də bilirəm. İndi kim köhnəlib, mən, yoxsa mənim köhnə informasiyalardan istifadə etdiyimi deyənlər?”-Samvel bildirib.

General Samvel Babayan bu yaxınlara qədər Moskvada yaşayırdı və aprel döyüşlərindən sonra özünün dediyi kimi “Qarabağ missiyası” ilə geri qayıdıb. Ona Azərbaycanın raketdən müdafiə sistemlərinə malik olması barədə informasiyalarının hansı qaynaqdan verildiyi məlum deyil. Lakin “Samo” bu informasiyaların səhih olduğunu əminliklə deyir. Və belə görünür ki, “Samo” haqlıdır.
Azərbaycan son illərdə təkcə müasir hücum silahları və texnikası ilə silahlanmayıb. Eyni zamanda öz ərazisini, strateji əhəmiyyətli obyektləri hava və raket hücumlarından qorumaq üçün dünyanın ən güclü müdafiə sistemlərini alıb. Bunlardan Rusiyadan alınan S-300 PMU “Favorit” (iki diviziyon) zenit-raket kompleksləri ballistik və operativ-taktiki raketlərdən müdafiəni təmin edən, habelə istənilən tip hava hədəflərini vuran ən etibarlı sistemlərdən biridir, dünyada analoqu yoxdur. (Rusiyanın S-400 kompleksləri nəzərə alınmasa)
Lakin Azərbaycan hava və raket hücumlarından etibarlı müdafiəni təşkil etmək üçün bu sahədə dünyanın ən qabaqcıl ölkələrindən biri (bəlkə də birincisi) olan İsraillə də sıx tərəfdaşlıq edir.
2012-ci ildə “Assosiated Press” agentliyi Azərbaycanla İsrail arasında 1.6 milyard dollarlıq silah satışı müqaviləsinə dair xəbəri yaydı və bu xəbər geniş rezonans doğurdu. Sonradan məlum oldu ki, məxfi informasiya ABŞ administrasiyası tərəfindən sızdırılıb. Məqsəd İsrailin regiondakı tərəfdaşı Azərbaycanı hava və raket hücumlarına qarşı gücləndirərək İrana qarşı hava əməliyyatlarına başlamasını önləməkdir. Həmin müqaviləyə əsasən İsrail Azərbaycana hava və raket hücumlarından müdafiə sistemləri, pilotsuz təyyarələr və s. satmalıydı.

Həmin silah müqaviləsinin bəzi detalları mətbuatda yayılmışdı və bildirilirdi ki, İsrail Azərbaycana “Barak-8” raketləri və “Dəmir günbəz” raketdən müdafiə qalxanı satacaq. Bu müqavilənin yerinə yetirilməsinin gedişinə dair hər hansı məlumat yoxdur. Ancaq general Samvel Babayana çatdırılan informasiyalara əsasən müqaviləni artıq reallaşmış hesab etmək olar.
Bəs Samvel Babayanın bəhs etdiyi həmin “Dəmir günbəz” nədir, necə işləyir?
İnternet mənbələrində yer alan məlumatlara əsasən “Dəmir günbəz” idarəolunmayan, 4 kilometrdən 70 kilometrə qədər radiuslu taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulub. İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilir. Bir “Dəmir günbəz” batareyası 150 kvadratkilometr ərazinin müdafiəsini təmin edir. Sistem düşmən taktiki raketlərini aşkarlayan, uçuş trayektoriyasını müəyyən edən ELM-2084 radarından ( “ELTA Systems” şirkəti), atəşin idarəedilməsi mərkəzindən və hərəsində 20 raket olmaqla 3 “Tamir” raket-tutucu komleksindən ibarətdir. “Tamir” raketlərinin uzunluğu 3 metrdir.
İsraildə bu sistemlərin işlənib hazırlanması zərurəti “Həmas” və “Hizbullah”la müharibələr nəticəsində meydana çıxıb. Çünki “Hizbullah” və “Həmas”Livanın cənubundan və Qəzza sektorundan İsrail ərazisini İrandan alınan müxtəlif tipli raketlərlə, o cümlədən “Qəssam” raketləri ilə atəşə tuturdu. İsrailin raketdən müdafiə sistemi isə uzaqmənzilli ballistik raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdu. Radiusu bir neçə kilometrdən başlayan taktiki raketlərə qarşı isə müdafiə mövcud deyildi.

İsrail 2000-c illərin əvvəllərindən bu sistemin işlənib hazırlanmasına başlamlışdı, 2011-ci ildə ilk “Dəmir günbəz” (ivritcə İron Dome ) batareyası döyüş növbəsinə dayanıb. 2014-cü ildə isə bütün ölkə boyu 9 belə batareya döyüş növbəsi çəkirdi. 2011-ci ilin aprelində “Dəmir günbəz”in ilk döyüş tətbiqi həyata keçirilib, sistem Qəzza sektorundan buraxılan 8 “Qrad” raketinin hamısını havada vurub.
2012-ci ilin martında isə “Dəmir günbəz” Qəzza sektorundan buraxılan 185 raketdən 61-ni vurub. Qalan raketlərin vurulmaması heç də dəqiqlik problemi deyil. Məsələ burasındadır ki, kompleksin tərkibinə daxil olan radar raketin trayektoriyasını müəyyən edir və əgər həmin raketin boş əraziyə düşəcəyi təsbit olunarsa onu vurmaq barədə komanda vermir. Nəticədə sistem öz raketlərinə qənaət edə bilir. “Həmas” və “Hizbullah”ın buraxdığı raketlərin 75 faizi hədəfdən yayındığı üçün “Dəmir günbəz” onların hamısını vurmur.
“Rafael” şirkəti bildirir ki, “Dəmir günbəz”in hədəfi vurma dəqiqliyi 90 faizdir. Sistem bütün hədəfləri aşkarlayır, ancaq eyni vaxtda buraxılan raketlərin hamısını həmişə vura bilmir. Bəs çoxsaylı “Qəssam” və “Qrad” raketlərinə qarşı bu sistemin tətbiqi nə dərəcədə sərfəlidir? İsrail ordusu sistemin döyüş təcrübəsinə əsasən müəyyən edib ki, “Dəmir günbəz”in tətbiqi maliyyə baxımından çox effektivlikdir. Belə ki, düşmən raketlərini bu sistemlə sıradan çıxarmaq həmin raketlərin vura biləcəyi ziyanın 3-4 faizi dəyərində başa gəlir. “Rafael” şirkətinin məlumatına görə “Dəmir günbəz” kompleksini almaq üçün Cənubi Koreya maraq göstərir. Habelə Pentaqon bu kompleksdən sınaq üçün bir batareya alıb. Bildirilir ki, Azərbaycanla İsrail arasında həmin komplekslərə dair 2013-cü ildə müqavilə bağlanıb.
Qeyd edək ki, aprel döyüşləri zamanı Azərbaycan İsraildən aldığı silahlardan tank əleyhinə “Spike” raketini və “Harop” pilotsuz uçan döyüş sistemini tətbiq edib. İnternet mənbələrində İsraildən alınan “Lynx” reaktiv yaylım atəşi sisteminin də tətbiqinə dair məlumatlar var. “Dəmir günbəz” və “Barak-8” kimi sistemlər isə görünür daha irimiqyaslı hərbi əməliyyatlar zamanı strateji obyektlərin müdafiəsi üçün nəzərdə tutulub. Bununla belə Azərbaycanın raket və artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov bildirmişdi ki, aprel döyüşləri zamanı ordumuz düşmən artilleriyasını açdığı atəşlə onun mövqeyini müəyyən edən kontrbatareya sistemlərini tətbiq edib. Nəticədə düşmən artilleriyası atəş açandan sonra cəmi 3 dəqiqə ərzində həmin mövqeyə cavab zərbəsi endirilib. Söhbət Rusiyadan alınan “Zoopark” kontrbatareya sistemlərindən gedir.
Cia.az
