|
Gürcüstanda keşişlər beynəlxalq caz festivalının keçirilməsinə mane olublar

Gürcüstanda keşişlər və kilsə xidmətçiləri “Tbilisi JAM! Fest-2016” caz festivalının keçirilməsinə etiraz ediblər və konsert baş tutmayıb.

Festivalın açılışı zamanı dindarlar və kilsə xidmətçiləri tribunaya hücum çəkərək konsertin dayandırılmasını tələb ediblər. Keşişlər musiqi sədalarının kilsədə ibadətə mane olduğunu iddia ediblər. Təşkilatçılar isə kilsənin festivalın keçirildiyi yerdən ən azı 1000 metr aralıda olduğunu və qalmaqalın heç də güclü səslə bağlı olmadığını bildirirlər.

Rahiblər və kilsə xidmətçiləri, eləcə də onlara qoşulan bir neçə şəxs festivalın keçirilməsinə icazə verməyib, musiqiçilərə hücum çəkiblər. Polisin müdaxiləsindən sonra dindarlar ərazidən uzaqlaşdırılıblar. Lakin, məsələ bununla da bitməyib. Dindarlar ərazidən uzaqlaşdırıldıqdan sonra konsert meydançasına verilən elektrik enerjisi kəsilib.

Ərazi Elektrik Şəbəkəsi əməkdaşları isə enerjinin kəsilməsinin səbəbini açıqlaya bilməyib. Şəbəkə işçiləri elektrik enerjisinin onların tərəfindən kəsilmədiyini iddia edirlər.

Qeyd edək ki, iyunun 4-5-də Tbilisidə “Tbilisi Jam! Fest-2016” beynəlxalq caz festivalı keçirilməli idi. Festivalda Azərbaycan, İsveç, İsrail, Ukrayna və Gürcüstanın rok-qrupları iştirakı nəzərdə tutulmuşdur.

Əlaqədar təşkilatlar hələlik hadisəyə münasibət bildirməyiblər.

Cia.az