|
“Dünya azərbaycanlıları dövlətimizin gücünü hiss etdilər”
İyunun 3-4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV qurultayı ölkəmizdə olduğu kimi, dünyada da əks-səda doğurub. Qurultayda Azərbaycan prezidenti İlham Əliyevin dünyaya və Ermənistana verdiyi, eləcə də, qurultayın nəticələrindən doğan önəmli mesajlar gündəmdən düşmür.
 
Qurultayda iştirak edən, Macarıstanda ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya olunmasında mühüm xidmətləri olmuş, Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli ilə söhbət etdik.
 
- Ramiz bəy, bu qurultay əvvəlkilərdən daha çox gündəm oldu. Təsadüf etdiyi tarixmi buna səbəb oldu? 
 
- Doğrudur, bu qurultay daha çox canfəşanlıqla keçdi. Dünya azərbaycanlıları dövlətimizin gücünü hiss etdilər. Lobbiçilik sahəsində fəaliyyətimiz indiyə qədər olsa da, çatışmayan tərəflərimiz var idi. Qurultayda cənab prezident qeyd etdi ki, bu istiqamətdə yeniliklər lazımdır. Dünyanın bir çox yerində media saytları açmaq lazımdır. Bunun vasitəsilə, ölkəmizin üzləşdiyi həqiqətlər haqqında dünyaya məlumat vermək çox vacibdir. Qurultayın olmasının çox böyük əhəmiyyəti oldu. Dünyada fəaliyyət göstərən Azərbaycan diasporları arasında müntəzəm əlaqələr yaratmaq, görüşlər keçirmək çox çətindir. Çünki zaman və fəaliyyətimiz buna imkan vermir. Vəsait də vacibdir. Amma qurultayda 500-ə qədər iştirakçı var idi. Qurultay dünyada fəaliyyəti göstərən təşkilatlarımızı bir araya gətirdi. Çatışmayan cəhətlərimizi müzakirə etdik, bu istiqamətdə fəaliyyət göstərməyin vacib olduğunu bildirdik. Qurultayda anladıq ki, Azərbaycan lobbisi hələ istədiyimiz şəkildə qurulmayıb. Günlər öncə milyonlarla türkün yaşadığı Almaniya kimi dövlətin “erməni soyqırımı”nı tanıması bir çox mətləblərdən xəbər verir. Lobbi o demək deyil ki, işğal olunmuş torpaqlarımızın və görkəmli şəxsiyyətimizin doğum gününü qeyd etməklə işini bitmiş hesab etsin. Diaspor təşkilatlarımız dünyada yaşayan azərbaycanlılar arasında əlaqələr qura bilən, onlarla işləməyi bacarmalıdırlar. Bu istiqamətdə vacib rolu oynayan medianı qurmaq üçün mütləq maddi dəstək lazımdır. Şəxsən özüm qəti qərara gəlmişəm ki, nəyin bahasına olursa olsun, mütləq Macarıstanda Azərbaycan saytı açım. Macarıstan bizə doğma ölkədir. Hətta qurultayda cənab prezidentlə görüşməyə şərait yarandı və dedim ki, cənab prezident, macar xalqının sizə salamları var. Əllərini tutaraq, cənab prezident dedi ki, macar xalqı bizə çox dost xalqdır. Orada bizə müxalif olan xalqlar var ki, lobbi təşkilatları güclüdür. Onları üstələmək üçün mediaya ehtiyacımız var. 
 
- Ermənilərin Macarıstandakı diaspor təşkilatları necədir, güclüdür?
 

““Davudoğlu Azərbaycanı Türkiyə qədər sevir... O, böyük dövlətlərin oyunlarının qurbanı oldu”

 
- Onlar Macarıstanda heç vaxt bizdən güclü ola bilməzlər. Bunun səbəbi o deyil ki, orada güclü lobbimiz var. Səbəbi odur ki, Azərbaycan və macar xalqının soykökləri eynidir. Macarlar əslən hunlardır ki, onların da kökü türk mənşəli olub. Bizə qarşı daim məhəbbətləri var. Bununla yanaşı orada erməni lobbisi var ki, böyük mərkəzləri, ofisləri mövcuddur. Amma bizdə bunun heç biri yoxdur. Mediaları daha güclüdür. Görüş keçirmək üçün bir ofisimiz belə yoxdur ki, qonaqlar qəbul edək. Arzum bu olub ki, Azərbaycanın Mədəniyyət Evini orada açaq. Bu, azərbaycanlıların bir araya toplanmasına, milli bayramlarımızın geniş şəkildə keçirilməsinə kömək edər. Bunları səfirlik görür. Amma ehtiyac var. Dünyanın çox yerində belə mədəniyyət evlərimiz var. Macarıstanda lobbimiz çox zəifdir. Məni Azərbaycanda müvafiq orqan qəbul etdi və lobbimizin güclənməsi üçün dəstək veriləcəyinə söz verdilər. Qurultaydan sonra dünyada lobbi təşkilatlarımızın inkişafı üçün dəstək veriləcəyinə inamım tamdır. Bundan əlavə qeyd edim ki, deputat Adil Əliyev lobbi təşkilatlarımıza çox dəstək verir. Qurultaydan sonra 100-ə yaxın lobbi nümayəndəsini topladı, geniş söhbət etdik. Arzu edərdim ki, bütün deputatlarımız onun kimi olsunlar. Anlamışıq ki, lobbimizin bu vəziyyətdə olması ilə çox istəyimizə nail ola bilməyəcəyik. Təklifim var ki, bundan sonrakı qurultaylara xaricdən gələn nümayəndələrimiz özləri ilə jurnalistlər gətirsinlər. Çünki bir var ki, biz nələrisə dünyaya çatdıraq, bir də var ki, dünya bunu jurnalistlərin yazılarından oxusun. Şəxsən mən Macarıstanda türk lobbisinə qibtə edirəm. Əmrə Yunus Universiteti var. Son zamanlar çox fəallaşıb. Macarıstanda türk dili kursları açıblar. İnsanları asanlıqla cəlb edirlər və Türkiyəyə oxumağa göndərirlər. Çox gözəl ideyadır. 5-10 ildən sonra türk lobbisi öz sözünü deyəcək.
 
- Son iki ayda cəbhədə ciddi gərginlik var. Qurultayın bu zamana təsadüf etməsinin tarixi əhəmiyyəti nədən ibarət idi?
 
- 4 günlük müharibə barədə prezident qurultayda dedi ki, bu döyüşlərdə öz qüvvəmizi göstərdik, onlar nə qədər çalışsalar da, sonda uduzdular. Prezidentimizin “1 cümlədə 4 yalan danışan prezident” cümləsi çox xoşuma gəldi. Ermənilərin ifşası o  deməkdir ki, artıq güclənmişik, erməni lobbiləri dəstəyə baxmayaraq, bizimlə rəqabətdə uduzurlar. Daha çox lobbi fəaliyyətimiz güclənməlidir. 

- Qurultay ərəfəsində qeyd etdiyiniz “erməni soyqırımı” qəbul edildi. Qardaş ölkə kimi bizi də narahat etdi. Tədbirin həmin günlərdə təşkili türk dünyasının birliyinə mesaj oldumu?
- Almaniyanın bu qətnaməni qəbul etməsi o  demək deyil ki, erməni lobbisi orada güclüdür. Başqa bir siyasi səbəb qətnamənin qəbuluna səbəb oldu. Türkiyənin böyük dövlətlər qarşısında öz sözünü deməyi bacarması, iradəsini ortaya qoyması bəzi ölkələrin rəhbərlərinə xoş gəlmədi. Türkiyə böyük dövlət olduğu üçün belə qərarlara baş qoşmadan güclənməlidir. Türkiyənin qüdrətli olması Azərbaycanın da güclü olması deməkdir. 
 
- Qətnamənin türk əsilli deputat Cem Özdemir tərəfindən Almaniya Bundestaqına təqdim edilməsi nədən xəbər verir?
 
- Bu, acınacaqlı bir həqiqətdir. Sənin qanında türk qanı axsın, amma belə bir qətnamə hazırla. Sadəcə, deyə bilərəm ki, onun türk olmasına şübhəm var. Belə hallar tarix boyu çox olub. Bizdə də az olmayıb. Sadəcə, səbirli olmaq lazımdır. Belə şəxsləri öz yerlərində otuzdurmaq lazımdır. 
 
- Azərbaycanı sevən bir ölkədə lobbimizin zəif olmasına səbəb Ramil Səfərovla bağlı hadisələr baş verənə qədər Macarıstanla əlaqələrimizin zəif olması sizcə səbəb deyilmi? Hətta səfirliyimiz yox idi...
 
-  1994-cü ildə Budapeşt sammiti oldu. O zamanlar ilk addımlarımızı atdıq. Ulu öndərimiz Heydər Əliyevlə iki gündə 3 dəfə görüşdük. Bütün bunlar lobbi fəaliyyətimizin başlanması demək idi. Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması, sanki bizə böyük bir qapı açdı. Bunun özü o deməkdir ki, Azərbaycan lobbisi zəif deyil ki, bunu bacardı. Burada zəhmət çəkən insanlar oldu. Lobbimizin də böyük rolu var idi. Cəmiyyətimi 2011-də yaratmışam. Səbəb də Ramil Səfərovun işinə kömək etmək olub. 2011-ci ildən bu iş üzərində çalışdıq. Çox şükürlər olsun ki, sonluğu əla oldu. Azərbaycan-Macarıstan rəhbərlərinin tez-tez bir-birilərinin ölkələrinə səfərləri o deməkdir ki, əlaqələr getdikcə güclənir. Azərbaycan tələbələrindən 200 nəfərin Macarıstana hər il göndərilməsi böyük işdir. Fərz edin ki, 4-5 ildən sonra 200 tələbə 800-100 nəfər olacaq. Görün hansı müsbət nəticələri olacaq. 
 
- Ramil Səfərovun ekstradisiyanda ermənilər üzərində qazanılan qələbə orada necə qarşılandı? 
 
- Ramil Səfərov Vətənə düşdüyü günün səhərisi minlərlə erməni macar parlamentinin önünə toplaşmışdı. İnsan var ki, min nəfərin işi görə bilər. Min nəfər insan isə, bir nəfərin işini görə bilməz. Orada aça bilmədiyimiz qapı yoxdur. Azərbaycanda da belədir. İki xalqın bir-birinə olan hörmətindən irəli gəlir. 32 ildir orada yaşayıram. Heç bir çətinlik ola bilməz. Azərbaycan və Macarıstan arasındakı kənd təsərrüfatı işini mən və macar dostum qurub. Macarıstan dostluğumuzdan istifadə edib, qonşu ölkələrin mediasına çıxa bilərik. Onların Avropa Parlamentində olan nümayəndələrindən istifadə etməyi bacarmalıyıq.

- Ən çox media probleminə toxundunuz. Bu istiqamətdə gələcək fəaliyyətiniz necə olacaq?
 
- Media məsələsini qurultayda cənab prezident dedi və cavabını verdi. Artıq intriqaları kənara qoymağın zamanıdır. Elə ölkələr var ki, çoxsaylı Azərbaycan dərnəkləri var. Bir-biriləri ilə intriqa aparırlar. Rəqabət olsun, amma təmiz. Cənab prezident də bunu dedi. Vətən naminə bütün intriqaları kənara qoyub, birgə çalışmağı bacarmalıyıq. Bu günün aktual tələbi budur ki, ölkələrdə mediamızı qurmalıyıq. Əks halda lobbilərimizin fəaliyyəti qanadsız quşa bənzəyir.
- Bu ayın sonlarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Qurultayın görüşdən əvvələ təsadüf etməsi düşmən ölkəyə və dünyaya növbəti mesaj olmadımı?
 
- Əgər görüş baş tutarsa, böyük önəmi olacaq. Çünki sübut etdik ki, torpaq verən deyilik, səbri tükənmiş xalqıq. 4 günlük müharibə bunu göstərdi. Qurultay da təsadüfi olmadı. Görüşdə diktə etmək cənab prezident tərəfdə olacaq. Torpaqlarımızı azad etməyə hazırıq. Bütün Azərbaycan bunu gözləyir. Artıq o əmrin verilməsinin anı yetişib. İndiki tarixi şərait də bunu tələb edir. Rusiya da düşdüyü şəraitə uyğun konflikti bitirməyə məcburdur. Burada oyunçunun Rusiya olduğu hamımıza məlumdur. Ermənilərin cürətləri yoxdur. Artıq dünya dəyişir, dünya rəhbərlərinin baxışları dəyişir. İmperiya siyasəti çöküb. Bu günün tələblərinə bu siyasət cavab vermir. Demokratiyaya tam keçid dövrüdür.
 

“Azərbaycan lobbisi hələ istədiyimiz şəkildə qurulmayıb”

 
- Son sualım. Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Bakı səfərinin qurultay gününə təsadüf etməsi “erməni soyqırımı”nın qəbulu və dünya Azərbaycanlılarının Bakıya toplanması... Bütün bunların pərdəarxası məqamları varmı?
 
- Türkiyə ilə biz bir xalqıq. Onların varlığı bizim varlığımız deməkdir. Əksi olsa, yəni Türkiyə zəifləsə, demək biz yoxuq. Qeyd edim ki, Türkiyənin istefaya gedən baş naziri Əhməd Davudoğlu dostumdur. Dəfələrlə görüşümüz olub. Danışığında hiss etmişəm ki, Davudoğlu Azərbaycanı Türkiyə qədər sevir. Şəxsi münasibətlərimizə əsasən bunu deyirəm. O, böyük dövlətlərin oyunlarının qurbanı oldu. Almaniyanın qəbul etdiyi qərar bu siyasətin amillərindən biri oldu. Böyük dövlətlərin hazırda siyasi oyunları gedir. Baş nazirin istefası və “erməni soyqırımı”nın qəbulu bir mənbədən qaynaqlanır. Binəli Yıldırıma uğurlar arzulayıram. Türkiyə 10-15 il öncəki dövlət deyil. Şərq dünyasının ən qüdrətli dövlətidir. Bu bizə hava su kimi lazımdır. Bizi istəməyən dövlətlər var. On milyonlarla xalqı bir Araz çayı ayırır. Görün nə hala düşmüşük. XXI əsrdə bir xalq hələ də iki hissəyə bölünmüş vəziyyətdədir. Almaniya birləşdi, bəs biz? Sadəcə birləşməyimizə mane olan qüvvələr var. Əvvəl-axır bu arzu gerçəkləşəcək.
musavat