|
Prezidentin investisiya çağırışının hansı nəticələri olacaq?
Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edən dövlət başçısı İlham Əliyev xaricdə yaşayan zəngin soydaşlarımızı, investorları Azərbaycana investisiya qoymağa çağırıb. O bildirib ki, azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdir: “Mən bunu alqışlayıram. Bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları Azərbaycanda yaşayan qohumlarına da köməklik göstərirlər. Bu da burda yaşayanlar üçün çox önəmlidir”.

Dövlət başçısı qeyd edib: “Mən çox istədim ki, xaricdə yaşayan iş adamları Azərbaycana sərmayə qoysunlar. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycanda sərmayə mühiti yaxşıdır, biznes mühiti günü gündən yaxşılaşır, bütün bürokratik əngəllər aradan götürülür. Xüsusilə bu ilin əvvəlində imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır, bütün bürokratik əngəllər aradan götürülüb, şəffaflıq tam təmin edilib və bunun nəticələrini biz gündəlik həyatda görürük. Beynəlxalq mötəbər qurumların hesabat və bəyanatlarında biz bunu görürük. Ona görə də investisiya, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Bu gün sərmayə qoyuluşu problemləri var, o cümlədən bazarlarla da. Çünki dünyada, yaşadığımız bölgədə, yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir”.

Dövlət başçısı deyib ki, yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur: “Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır və bu gözəl biznes imkanları üçün də gözəl şərait yaradılır. Ona görə bir daha demək istəyirəm, böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatına, sənaye, turizm sektoruna, yüksək texnologiyalar sektoruna. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti tərəfindən, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur. Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar həmişə öz vətənlərinə bağlı insanlar kimi özlərini göstəriblər. Bu gün də bu belədir”.

Ekspertlər musavat.com-a dövlət başçısının çağırışının gözlənilən nəticələrindən və ölkənin investorlar üçün imkanlarından danışıblar. Ekspert Natiq Cəfərli qeyd edib ki,  əslində hər bir ölkə istəyər ki, investisiya cəlb etsin: “Hətta getdikcə soydaşlarımızın öz ölkələrində investisiya qoymağa meyilli olmasını da nəzərə alaraq, belə bir investisiya çağırışının olması normal bir haldır. Səbəbi Azərbaycandakı iqtisadi çətinliklərlə, valyuta çatışmazlığı ilə bağlıdır. Belə bir çağırış bir neçə il əvvəl mümkün görünmürdü. İndi isə açıq belə çağırışlar olur. Sadəcə, Azərbaycan hökuməti anlamalıdır ki, hər bir investorun bir ölkəyə gəlməmişdən öncə maraqlandığı əsas bir neçə məsələ var. Bu, mülkiyyət toxunulmazlığı ilə bağlı ölkədəki vəziyyətdir, məhkəmə hakimiyyətinin vəziyyətidir ki, sabah bir problem olsa, bunu necə aşa bilər. Təəssüf ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində ən çox mülkiyyət hüququnun toxunulması ilə bağlı iş alan ölkələrdən biridir. Azərbaycanda çox məşhur hadisələr olub xarici iş adamları ilə bağlı, xoşagəlməz hallar yaşanıb. Paolo Pərvizlə bağlı, Hüseyn Arabulla bağlı rezonans doğuran olaylar baş verib. Hətta İnterpolun saytında Azərbaycan yüzə yaxın iş adamını axtarışa verib. Səbəb kimi də vergidən yayınmanı göstərib. Belə bir şərait olan ölkədə ölkənin imici belə formalaşıbsa və reytinq agentlikləri Azərbaycanın reytinqini son iki ildə xeyli aşağı salıbsa, bura investor cəlb etmək sadəcə çağırışla çox çətindir. Yəni ölkənin imici düzəlməlidir, reytinqlərinin yeri düzəlməlidir. Normal məhkəmə sistemi olmalıdır, mülkiyyət toxunulmazlığı təmin olunmalıdır ki, investorlar məmuniyyətlə Azərbaycana vəsait qoysunlar. Rusiyada, Türkiyədə yaşayan iş adamlarının Azərbaycana investisiya qoyduqdan sonra çətinlikləri barədə eşidirik, əsas da regionlarda bu hadisələr olur. Bir neçə müddət sonra icra başçıları onların biznesinə müdaxilə edir, hətta payçı olmağa çalışırlar. Belə bir şəraitdə fundamental problemlər həll olunmadan tək sözlə, tək çağırışla iş adamlarını Azərbaycana cəlb etmək, təəssüf ki, çox çətin olacaq. Demək olar ki, mümkünsüz olacaq”.

Ekspert Fikrət Yusifov isə qeyd edib ki, ölkəyə investor cəlb etmək üçün kifayət qədər əsaslar var: “Bu əsaslar son yeddi-səkkiz ay içərisində real sektorun inkişafı istiqamətində dövlət səviyyəsində, hökumət səviyyəsində qəbul edilən qərarlardır. Bunlar faktiki olarsaq Azərbaycanda həm daxili, həm də xarici inverstorlar üçün fəaliyyət mühitini faktiki olaraq münbitləşdirib. Bu baxımdan da prezident tədbirdə xaricdə çalışan azərbaycanlı iş adamlarına Azərbaycana investisiya qoymağı tövsiyə etdi. Ölkədə bugünkü durum kifayət qədər münbitdir ki, çağırış da tam yerinə düşən bir çağırışdır”. 
Cia.az