|
Almaniyanın “soyqırım” qərarı Qarabağ nizamlanmasına zərbədir
Bu da Qarabağ məsələsində prinsipiallıq və ədalət umduğumuz Almaniya - ATƏT-in hazırkı sədri. Saxta erməni soyqırımını parlament səviyyəsində tanımaqla qardaş Türkiyəyə qarşı qərəzini ortaya qoyan bu dövlət avtomatik şəkildə Azərbaycan da böyük pislik eləmiş oldu. Çünki bir ölkənin və ya qüvvənin Türkiyəyə münasibəti onun elə Azərbaycana münasibətinin göstəricisi sayılır.
 
Aydın məsələdir ki, ermənilərin Türkiyəyə qarşı əsassız iddialarına, o cümlədən torpaq iddialarına bu yolla bəraət qazandıranlar Dağlıq Qarabağ məsələsində obyektiv və qərəzsiz münsif ola bilməzlər. Ən azı ona görə ki, bu, dolayısıyıa “əzabkeş xalqın” Qarabağ iddialarına, torpaq işğalına da bəraət tanımış olur. Yəni lakmus məsələsi.

Azərbaycan Xarici İşlər Nazirliyinin Bundestaqın qərarına reaksiyası da elə bu barədədir. “Almaniya parlamentində qondarma ”erməni soyqırımı" ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir". 
 
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
Onun sözlərinə görə, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir.

“Almaniyanın addımı sülhə, təhlükəsizliyə, sabitliyə xidmət etmir”. Bunu isə Almaniya parlamentinin “soyqırım” qərarına münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. “Bundestaqının "erməni soyqırımı" ilə bağlı qərarını şərh edərkən əslində fikirləşmək lazımdır ki, bu hadisələr niyə baş verdi? Bunların mahiyyətində nə dayanır? Dünyada bu hadisələrlə əlaqədar atılan addımlar ədalətlidir, ya yox? Düşünürəm ki, burada bizim həmişə dediyimiz ikili standart özünü göstərir" - PA rəsmisi bildirib.
 
Onun qənətincə, hazırkı vəziyyətdə bu cür addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır: “Bu addımlar sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə heç də xidmət etmir. Bu cür siyasət düzgün deyil. Prezident İlham Əliyevin çıxışını dinlədiniz. Düşünürəm ki, belə siyasətin təməli 90-cı illərin əvvəllərində ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəlişin qəbul olunması ilə qoyulub. Bu da çox gülünc məsələdir. Azərbaycanın ərazisi işğal olundu, Azərbaycan təcrid olunmuş vəziyyətə düşdü və nəticədə Azərbaycanın əleyhinə bu düzəliş qəbul edildi”.
 

N.Məmmədovun sözlərinə görə, 100 il bundan qabaq baş vermiş hadisə ilə əlaqədar tarixçi alimlər ətraflı araşdırma aparmalıdır: “Bununla bağlı Türkiyənin gözəl təklifi var. Bu addımı atmaq lazımdır. Dəqiq elmi araşdırmalar aparıb, dəqiqləşdirdikdən sonra qərar qəbul edilməlidir. Yoxsa indi bütün prosesləri siyasiləşdirmək düzgün addım deyil. Bunu heç Türkiyə də qəbul etməyəcək”.
 
***
 
Bununla belə, Bundestaqən erməni “genosidi” ilə bağlı iyunun 2-də qəbul elədiyi qərar şəksiz ki, daha çox siyasi anlam daşıyır, Türkiyəyə qarşı şantaj məqsədi güdür, nəinki erməni xalqına canıyananlıqdan qaynaqlanır. Necə ki, “erməni məsələsi”ndən, erməni “kartı”ndan eyni qaydada Avropa Birliyi, Rusiya da zaman-zaman istifadə edir.
 
Nə yazıqlar ki, bunu hamı başa düşsə də, bircə ermənilər anlamaq istəmir və böyük güclərin əlində maşa olmağa məmnuniyyətlə davam edirlər. Məsələ də ondadır ki, bu gün Ermənistan həmin güclərin əlində müstəsna olaraq, Türkiyəyə, Azərbaycana təzyiq və şantaj vasitəsidir. Ermənilərin böyük güclər üçün dəyəri də yalnız və yalnız bundan ibarətdir.
 
Qənaətimizi gücləndirən isti bir fakt: bu günlərdə Rusiyada “Levada sentr” sorğu mərkəzinin keçirdiyi sorğudan aydın olub ki, Rusiyanın əsas düşmənləri ABŞ, Ukrayna və Türkiyədirsə, dostları Belarus, Qazaxıstan və Çindir. Göründüyü kimi, forpost və satellit Ermənistanın, həmişə rusun qulluğunda can-başla duran ermənilərin adı “it dəftəri”ndə də yoxdur. Səbəb çox sadədir: ruslar Ermənistanı klassik anlamda dövlət yox, Rusiyanın bir quberniyası sayır, ona yalnız forpost, “əl quzusu” kimi baxır, nəinki dost-müttəfiq ölkə...
 
***
 
Almaniya Bundestaqının qərəzli qərarı bir daha Qarabağ məsələsində Türkiyənin Azərbaycan üçün önəmini üzə çıxarır. Türkiyə Minsk Qrupundan, vasitəçilikdən uzaqlaşdırılsa belə, onun nizamlama prosesinə təsir imkanlarından nə dərəcədə əndişə keçirildiyini göstərir. Qardaş ölkəyə erməni, PKK “kartları” ilə təzyiqlərin təzədən gündəmə gətirilməsində əsas hədəf də məhz Ankaranı Güney Qafqaz problemlərinin həllində təsirsiz, sözəbaxan hala gətirməkdir. Belədə Azərbaycanı təkləyib ona ədalətsiz sülh anlaşmalarını daha asan qəbul etdirməyi düşünürlər.
 
Sülh danışıqlarında irəliləyiş isə hələ ki, heç üfüqdə də görünmür. Çünki böyük güclər məmnuniyyətlə maşa kimi istifadə elədikləri Ermənistana, “ərköyün ermənilərə” Azərbaycan torpaqlarından çıxmaq üçün təzyiq göstərməyə hazırlaşmır.
 
***
 
 
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə növbəti görüşünün dəqiq tarixi hələ məlum olmadığını deyib. Onun sözlərinə görə, dəqiq tarix barədə tərəflər razılığa gəlməlidirlər. “Ümid edirik ki, tarix və detallar razılaşdırıldıqdan sonra onlar müvafiq bəyanat verəcəklər” - Zaxarova qeyd edib.
 
Ancaq əksər ekspertlər iyun ayında belə bir görüş baş tutsa belə, ondan ciddi nəticə gözləməyə dəymədiyini düşünürlər. Əsas səbəb deyildi - təcavüzkara təzyiq yozdur. Bundan istifadə edən işğalçı Ermənistan isə 4 günlük müharibə fiaskosundan sonra da aqressiv və qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir - təbii ki, Avropadakı və dünyadakı havadarlarına arxalanaraq.

Bu mənada Bundestaqın məlum qərarı yüzdə yüz təcavüzkarı Qarabağ məsələsində daha radikal mövqeyə kökləyəcək və prezidentlərin görüşünü əsla yaxınlaşdırmayacaq. Əksinə - daha da uzaqlaşdıracaq, onu arxa plana atacaq, görüş baş tutsa belə, onun əhəmiyyətini minimuma endirəcək.
Cia.az