|
“İlk növbədə ermənilərin hərbi təfəkkürünü qırmalıyıq”
 Azad İsazadə "Yeni Musavat"a verdiyi müsahibəsini təqdim edirik.
- Demək olar ki, hər gün mətbuatda sizin açıqlamalarınızı, təhlillərinizi, psixoloji tövsiyələrini oxuyuruq. Ancaq həyatınız haqqında çox az bilgimiz var. Bizə bir az özünüzdən, həyatınızdan danışa bilərsinizmi?
 
- İxtisasca həkiməm, uzun müddət psixiatriya xəstəxanasında psixiatr işləmişəm. 1988-ci ildə hamı kimi meydan hərəkatına qatıldım, Xalq Cəbhəsinin üzvü oldum. O hadisələri xalqla birlikdə mən də yaşadım. 1992-ci ildə Qarabağ müharibəsi başlayanda mən də cəbhədə fayda verə biləcəyim bir yer axtarırdım. Həkim idim, ancaq psixiatr olduğum üçün cərrah kimi gedə bilmirdim. O zaman təklif olundu ki, Müdafiə Nazirliyinin nəzdində yeni yaranan Analitik İnformasiya Mərkəzinə gəlim. Orada mənə təklif olundu ki, mərkəzin işlərinə kömək edim, sonra da hərbi  psixologiya, psixiatriya sahəsində orduda xidmət edim. 1992-ci ilin aprelin sonunda müvəqqəti olaraq həkimlik fəaliyyətimi dayandırıb zabit kimi cəbhə xəttinə getdim. O zaman ehtiyatda olan zabit və baş leytenant idim. 3 il ərzində hərbidə oldum, əvvəlcə Analitik İnformasiya Mərkəzinin rəis müavini, sonra Leyla Yunus işdən çıxandan sonra onun əvəzinə mərkəzin rəisi işlədim. 1995-ci ilə kimi...
 
- Leyla Yunus o zaman mərkəzin sədri idi?
 
- Bəli, Leyla Yunus Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzin sədri idi, mən də onun müavini idim. O çıxandan sonra mən mərkəzin rəisi vəzifəsinə keçdim. Sonra struktur dəyişiklikləri oldu, bizim mərkəz mətbuat xidməti oldu. 1995-ci ilə qədər o qurumun rəhbəri mən oldum. 1994-cü ildə atəşkəs imzalandı, döyüşlər dayandı. 1 il də əlavə xidmət elədim. Sonra gördüm ki, mən peşəkar hərbçi deyiləm. Öz-özümə bu iki sənəti necə birləşdirmək haqqında düşündüm. Həmin dövrdə  “Wolkswagen” fondunda maraqlı bir layihə oldu və mən İngiltərədə, hərbi fakültədə hərbi psixologiya üzrə elmi iş götürdüm, sonra da nazirlikdən istefa verdim, İngiltərəyə getdim. 3-4 ay ərzində Londonda elmi işimi yekunlaşdırdım. Bundan sonra ölkəyə qayıtdım. Lakin burada nədənsə hərbi psixoloq ixtisası üzrə işə dəvət olunmadım. Daha çox QHT-lərin layihələrində psixoloji reabilitasiya üzrə çalışdım. 1997-2001-ci illər ərzində qaçqın düşərgələrində qaçqın uşaqların psixoloji reabilitasiyalarını həyata keçirirdim. 2001-ci ildə Qadın Krizis Mərkəzinə dəvət olundum. 10 il orada psixoloq kimi fəaliyyət göstərdim. Zorakılığa məruz qalmış qadınların böhran vəziyyətindən çıxması üçün psixoloji məsləhətlər verirdim. 2003-cü ildə bir müddət hərbi akademiyada hərbi psixologiya kursu keçdim, dərs apardım. Həmin illərdə də öz sahəm üzrə Almaniyada, Türkiyədə təhsilimi davam etdirdim.
 
- Ailə həyatınızdan nə danışa bilərsiniz?
 
- Evliyəm. İki uşağım var. Hətta bu il baba da olmalıyam (gülür).

- Əslində hərbi sahə psixoloji baxımdan çox həssas  bir sahədir. Niyə azdır bu sahədə mütəxəssislər? Halbuki, yetərincə  ehtiyac var...
 

“Aprel hadisələrindən əvvəl, bizdə özümüzdən asılı olmadan məğlub olmuş bir xalq sindromu var idi”

 
- Hərbi psixoloq yəqin ki var. Sadəcə biz azıq. Söhbət təkcə kağız üzərində yazılan psixoloq ixtisasından yox, həm də təcrübədən, bilikdən gedir.  Rəsmi tələbat olmadığına görə, bu istiqamət çox da inkişaf etmir. Hərbi psixoloq birmənalı olaraq dövlət işi, büdcə işi olmalıdır. Bunu QHT formatında işləmək bir qədər çətindir. Bu gün hərbi psixoloq ştatı çox azdır. DİN-in öz psixoloq qrupu var, təhlükəsizlik sistemində, FHN-də xüsusi qrup var, amma azdır. Onların hər birinin spesifikası da fərqlənir. Əgər sabah hərbi hissələrdə hərbi psixoloq ştatı açılsa da, bizdə kifayət qədər hərbi psixoloq yoxdur.

- Hərbidən danışmışkən, istərdim son aprel döyüşlərinin və ölkəmizin qazandığı lokal qələbənin cəmiyyətə psixoloji təsirindən danışaq. Bu 4 günlük müharibənin Azərbaycan və Ermənistan cəmiyyətinə ayrı-ayrılıqda təsiri necə oldu?
 
- Aprel hadisələrinə qədər, hansısa formada status-kvo adlandırılan bir vəziyyət yaranmışdı. Bu status-kvo əksər güc mərkəzlərini hansısa formada qane edirdi, Ermənistanı da, Qərbi də, Rusiyanı da... Bu vəziyyətlə razılaşmayan bircə Azərbaycan və onun arxasında olan Türkiyə idi. Aprel hadisələri bu status-kvonu birmənalı olaraq dəyişdi, hətta sındırdı. Təzə status formalaşır. Ermənilər çalışırlar ki, köhnə status-kvoya qayıtsınlar. Ancaq proses dəyişib, təkcə hərbi yox, həm də sosial-psixoloji baxımdan. Aprel hadisələrindən əvvəl, 20 ildən artıq bir müddətdə, bizdə özümüzdən asılı olmadan məğlub olmuş bir xalq sindromu var idi. Ermənilərdə isə əksinə, qalib gəlmiş xalq psixologiyası var idi. Biz 23 il idi ki, bu qələbə arzusu ilə yaşayırdıq. Ona görə də, cəmiyyətdə reaksiya çox müsbət oldu. Mənfi reaksiyanın da məzmunu bu idi ki, niyə dayandıq, bir az da irəli gedək, bu 4 günlük qələbə ilə doymadıq. Aydındır ki, bunu hərbi baxımdan  qələbə adlandırmaq olmaz, ən yaxşı halda hərbi uğur demək olar. Ancaq cəmiyyətdə bu, qələbə kimi qəbul olundu, dadına baxdıq, ancaq doymadıq. Ona görə də sosial şəbəkələrdə savaşın dayanmasına etiraz edirdilər.
Ermənilərdə isə əksinə oldu. Bu xalq etnopsixoloji baxımdan  çox fərqlidir. Onlar bəzən özləri öz beyinlərinə nə isə yeridirlər, sonra buna inanmağa başlayırlar. Onlar həqiqətən inanırdılar ki, Ermənistan  ordusu regionun ən güclü ordusudur. Bəzi fantastik düşünən insanlar isə deyirdilər ki, dünyada ən güclü ordu ermənilərindir və hətta Dağlıq Qarabağındır. Özləri də bu dediklərinə inanırdılar. Əmin idilər ki, Azərbaycan əsgəri döyüşə bilmir. Belə bir mif yaratmışdılar. Təəssüf ki, o mif bizim cəmiyyətimizdə də yayılmışdı ki, biz döyüşə bilmirik, bizə haradansa kömək lazımdır. Birdən-birə Azərbaycan əsgəri göstərdi ki, o nəinki qələbə çalmağa, özünü qurban verməyə də hazırdır. Ermənilər isə öz çaşqınlıqlarını gizlətmək üçün “xox” gəlməyə başladılar ki, geri alınan torpaqlar qaytarılmayana qədər danışıqlara getməyəcəyik. Bu, qorxularını gizlətmək üçün idi. İndi isə vəziyyət dəyişib və biz ehtiyatlı olmalıyıq. Artıq ermənilər öz zəifliklərindən danışmağa başlayıblar ki, əhalinin sayı azdır, silah azdır və sair. Faktiki olaraq, bizi müharibəyə təhrik edirlər. Biz o tələyə düşməməliyik, vaxtı və məkanı düzgün seçməliyik. Unutmamalıyıq ki, yaralı ilanın son dəfə sancmaq üçün zəhəri qalıb.

- Sizcə, Azərbaycan ordusu problemin həlli üçün hansı addımlar atmalıdır bundan sonra?
 
- Biz ilk növbədə ermənilərin hərbi təfəkkürünü yumşaltmalıyıq. Nə qədər qeyri-humanist səslənsə də, mən deməliyəm ki, cəbhədən İrəvana gedən əsgər meyitlərinin sayı artdıqca bu xalqın hərbi müqaviməti qırılacaq. Onlar sülhə, danışıqlara, real kompromisə  razıdırlarsa, bu hərbi təfəkkürdən çəkinməlidirlər.
 
Bizim apreldə keçirdiyimiz döyüşlərə xəncər hücumları və ya xəncər əks hücumları deyirlər. Yəni, xəncər kimi bir istiqamətdən giririk, zərbə vurub çıxırıq. Mən təklif edirəm ki, biz döyüş uğurları və kiçik qələbələr qazanmaq üçün hər dəfə periodik olaraq belə xəncər zərbələri vuraq. Mülki əhaliyə zərər vurmamaq şərti ilə il ərzində 3-4 dəfə belə xəncər əks hücumları edib, mövqelərimizdə bir qədər irəliləməklə düşmənə gücümüzü göstərməli, onların hərbi təfəkkürünü yumşaltmalıyıq, sındırmalıyıq. Onları real danışıqlara məcbur etməliyik. Bugünkü  danışıqlar real danışıq deyil, danışıqların imitasiyasıdır. Danışıqlar prosesində erməniləri ən çox narahat edən məqam qaçqınların qayıtmasıdır. Çünki bilirlər ki, qaçqınlar yurdlarına qayıtsalar, onlar demoqrafik baxımdan azlıqda qalacaqlar. Bu baxımdan prosesi mümkün qədər gecikdirməyə çalışırlar.

- Azad müəllim, müharibə qədər bizdən can alan ikinci bir problem də cəmiyyətdə aqressivliyin artması, intihar və ailədaxili münaqişə zəminində ölüm hallarının artmasıdır. Bunun səbəbləri nədir?
 
- Məni ən çox narahat edən məsələ məişət zorakılığının artmasıdır. Bu, iki formada özünü göstərir. Birinci halda aqressiya kiməsə qarşı yönəlir, ikinci halda bu, şəxsin özünə qarşı yönəlir, yəni özünə qəsd və ya intihar.  Bu gün cəmiyyətdə aqressiya hədsiz artıb. Burada sosial-iqtisadi problemlər də rol oynayır. Küçədə hamı qaşqabaqlıdır, qəmlidir. Üzü gülən varsa ya xaricidir, ya da havalanıb (gülür). İnsan aqressiyanı çıxartmaq üçün yol axtarır və bəzən  gördüyü hansısa hadisə onu tətikləyir. Əgər televiziyada  xəbərlərdə kimsə özünü asırsa, məndə isə depressiya varsa, yaşamaq istəmirəmsə, çıxış yolu axtarıramsa, gördüyümü həyata keçirirəm.
Son bir ildə hər cür xəbərlə rastlaşdıq: qulaq kəsmə və s... Belə hallar cəmiyyətdə yox idi. Ancaq indi televiziyada göstərilən xəbərlərdən sonra belə hallar artıb. KİV-in təsiri, xüsusən də videogörüntülər hadisələri tətikləyir. Üstəgəl, iqtisadi hadisələr, son bir ildə iki devalvasiya aqressiyanı daha da artırdı. Bu cəmiyyətdə özünü büruzə verməsə də ailəyə keçdi.
 
- Leyla Yunus və Arif Yunus həbsdə olanda onların Bakıda yeganə yaxını siz idiniz. Həbsxanaya yemək aparırdınız, sözlərini mətbuata çatdırırdınız. İndi əlaqələriniz varmı, necədirlər?
 
- Çox qısa danışacağam. Leyla və Arifin mənə tövsiyəsi var ki, imkan daxilində onlardan az yazılsın. İstəmirlər. 1988-ci ildən onlarla dostam, ailəvi dostluq edirik. Ondan başqa, Leyla Yunus mənim   komandirim olub. Yəqin ki, mən də həbsə düşsəydim Arif eyni işi mənim üçün edərdi. Tale belə gətirdi ki, mən azadlıqda qaldım, onlar həbs olundu. Səbəblərinə toxunmayacağam. Sadəcə dost kimi onlardan imtina etməyi mən özümə ayıb saydım. Elə böyük bir şey etmirdim, yeməklərini və dərmanlarını aparırdım.  Onlar indi müalicədədirlər, səhhətləri sabitləşib, ancaq tam yaxşı deyillər. Xahiş edirlər ki, onlar haqqında mümkün qədər yazmasınlar.
 
- Xəbər yayıldı ki, onlar Hollandiyadan siyasi sığınacaq almaq istəyirlər. Bu doğrudurmu?
 
- Düzü, mən bu məlumata inanmıram. Çünki onlar qayıtmaq istəyirlər. Düzdür, bəzi hüquqi və texniki problemlər var. Hələ ki, müalicə alırlar. Özləri Hollandiyada qızlarının yanında qalırlar, müalicəni isə Almaniyada alırlar.
Cia.az