May ayında ölkə ərazisində anomal hava şəraiti hökm sürdü. Salyana son 20 ilin ən güclü yağışı yağdı, Ağdam, Bərdə, Samux, Gədəbəy, Daşkəsən, Tovuz və bir çox rayona dolu düşdü. Yağış, dolu əkin sahələrinə ciddi ziyan vurdu. Məsələn, Samuxun Sarıqamış kəndində taxıl sahələrinin 35 faizi, tərəvəz sahələrinin 40 faizi, üzüm bağlarının isə 50 faizi ziyan çəkdi. Daşkəsən, Tovuz, Gədəbəydə isə kartof sahələrinə ziyan dəydi. Nəticədə məhsuldarlıq ən azı 50 faiz aşağı düşdü.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarına inansaq, iyunun ilk həftəsində də hava şəraiti dəyişməyəcək, xüsusilə dağ və dağətəyi rayonlara dolu yağacaq. Doğrudur, rayon icra hakimiyyətlərinin nəzdində yaradılan komissiyalar fermerlərə dəyən zərəri müəyyənləşdirəcək, kompensasiya ödəniləcək. Amma bu problemin həlli deyil. Dünyanın əksər ölkəsində, hətta qonşu Ermənistan və Gürcüstanda dolunun təsərrüfata ziyan vurmasının qarşısı almaq məqsədilə doludağıdan toplardan istifadə edilir. Sovet dövründə də bu metoddan yararlanıblar. Atmosferin dolu yaranan hündürlüklərinə “Qrant” adlı raketlərdən atəş açılaraq temperatur süni qaldırılıb, nəticədə, dolular suya çevrilib və yağış yağıb. Azərbaycanda da doludağıdan toplar olub. Lakin müstəqilliyin ilk illərində bu toplar “yoxa çıxıb”. Hər il dolu təsərrüfatlara ciddi ziyan vursa da, əksər ölkələrdən cins mal-qara, hətta eşşəyə qədər alıb gətirən, yeni texnikalara milyonlarla dollar xərcləyən Kənd Təsərrüfatı Nazirliyi nədənsə belə topların alınmasını vacib bilməyib.
Bəs bu üsulu yenidən tətbiq etmək mümkündürmü? Doludağıdan toplarla əkin sahələrinə vurulan ziyanın qarşısını almaq olarmı?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına açıqlamasında əksər ölkələrdə bu üsuldan istifadə etdiyini deyib. “Dünyanın əksər ölkəsində dolunu bu üsulla neytrallaşdırırlar. Sovetlər dönəmində Azərbaycanın doludağıdan topları olub. Lakin Qarabağ müharibəsində bu toplardan istifadə edildi, sonradan isə bu avadanlıq tam sıradan çıxdı. Azərbaycan doluvuran toplar, raket almır. Amma Ermənistan son bir neçə ildə Avropa ölkələrindən müasir standartlara uyğun 273 ədəd doluvuran top alıb”.
V.Məhərrəmov deyir ki, Azərbaycan qonşu ölkələrin təcrübəsindən istifadə etmir. “Dolu təsərrüfatlara ziyan vurur. Məsələn, may ayında yaşan dolu nəticəsində kartofun məhsuldarlığı ən azı 70 faiz azalıb. Onsuz da yerli istehsal hesabına ölkə əhalisinin kartofa olan təlabatının yalnız 60 faizi ödənilirdi. Məhsuldarlıq aşağı düşəndən sonra xaricdən gətirilən kartofla təlabatı ödəməyə çalışacaqlar. Xaricdən gətirilən kartof isə əsasən texniki sort olur”, - deyə V.Məhərrəmov əlavə edib.
Ekspert onu da qeyd edir ki, iqlim dəyişikliyi ilə bağlı hökumətə təkliflər verilib. Həmin təkliflərin biri də doludağıdan topların alınması olub: “Bu toplar xüsusi ərazilərdə quraşdırılmalıdır. Son illər kənd təsərrüfatı sahəsində mütəxəssis çatışmazlığı müşahidə edilir. Bu topları çalışdıran mütəxəssislər hazırlanmalıdır”.
V.Məhərrəmov deyir ki, Azərbaycanın istənilən qədər doludağıdan top və ya raketlər almağa imkanı var.

İqtisadçı Nübar Seyidova isə deyir ki, bu məsələ ilə təkcə Kənd Təsərrüfatı Nazirliyi məşğul olmamalıdır. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri də doludağıdan toplar ala bilər. “Hətta deyərdim ki, bu məsələ Kənd Təsərrüfatı Nazirliyindən daha çox Fövqəladə Hallar Nazirliyinə tapşırıla bilər. Hər bir halda Azərbaycan bu üsulun tətbiqindən yalnız qazana bilər. Çünki ən azı məhsul itkisinin qarşısını ala biləcəklər”.
Kənd Təsərrüfatı Nazirliyinə də eyni sualla müraciət etdik. Dolunun vurduğu zərərin hesablandığını, fermerlərə dəymiş zərərin kompensasiya ediləcəyini dedilər. Lakin doluvuran topların alınıb-alınmayacağı sualımıza sonra cavab verəcəklərini söyləyib dəstəyi asdılar.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov da açıqlama verib. M.Həsənov “trend”ə bildirib ki, dolu yağma hallarının artması müxtəlif istiqamətli hava kütlələrinin Azərbaycana daxil olma intensivliyinin artması, yəni cənubdan gələn isti - tropik hava kütlələri, Aralıq dənizi üzərindən gələn cənub siklonları ilə Atlantik okeanı üzərindən gələn mülayim hava kütlələrinin bir-birini tez-tez əvəz etməsi ilə əlaqədardır. “Azərbaycanda dolu yağma intensivliyi artdığından və dolunun yağması kənd təsərrüfatı bitkilərinə, evlərin damına, infrastruktura çox ziyan vurduğundan ölkədə sovet dövründə doluya qarşı mübarizə üçün tətbiq edilən təcrübənin - dolu buludlarının atəşlə vurulması təcrübəsindən yenidən istifadə edilməsi daha effektiv olar. Sovet dövründə dolu buludları əmələ gəldikdə atmosferin dolu yaranan hündürlüklərinə raketlərdən atəş açılırdı. Bu zaman orada müəyyən temperatur yüksəldiyindən dolular suya çevrilirdi və nəticədə həmin buludlardan dolu deyil, yağış yağırdı. Dolu buludlarının atəşlə vurulması nəticəsində dolu düşməsinin qarşısı 60-70 faiz alınırdı. Sovet dövründə Azərbaycanda dolu əleyhinə mübarizə aparan xüsusi idarə olub. Hazırda bu təcrübədən istifadə edilmir. Lakin indi həmin təcrübədən istifadə etmək daha məqsədəuyğun və effektiv olardı. Nəzərə alınmalıdır ki, Azərbaycanda üzümçülük geniş yayılıb, dolu da ən çox zərəri üzümə vurur. Çünki dolu, adətən, üzüm yetişən vaxtda düşür”,-deyə alim qeyd edib.
Hələlik fəsillər bir-birini əvəz edir. Dolu kənd təsərrüfatına zərər vurur. Fermerlərə kompensasiya ödəməklə işi bitmiş sayırlar. Əhali isə xaricdən gətirilən, tərkibi bəlli olmayan məhsulların ümidinə qalır.
Cia.az
