Amerikanın Cənubi Karolina ştatının sakini öz nəvəsinin əvəzinə məktəbdən başqa bir uşaq götürüb.
Kişi və onun həyat yoldaşı ancaq evə gəlib çatanda maşındakı uşağın öz nəvələri olmadığının fərqinə varıb. Şəhər polisinin verdiyi məlumata görə, 65 yaşlı Cozef Fuller nəvəsini götürmək üçün həyat yoldaşı ilə birgə yerli ibtidai məktəbə gəlib. Kişi maşından düşərək şagirdlərdən birini qucaqlayıb və deyib ki, onu aparacaq. Verilən məlumata görə, uşaq da bununla razılaşıb və maşına minib. Hətta müəllimi uşaqdan “bu, sənin babandır” deyə, soruşanda da uşaq başını razılıq işarəsi olaraq tərpədib. Belə ki, Fullerin adı məktəbdən uşaq götürə biləcək şəxslərin siyahısına daxil edildiyi üçün bu mənada problem olmayıb. Amma hansı uşağı götürəcəyi həmin siyahıda yer almayıb. Xəbərdə həmçinin qeyd olunur ki, maşının qabaq oturacağında əyləşən nənəsi də heç nəyin fərqində olmayıb. O, hətta arxada oturan uşağa naharını da uzadıb.
Maşındakının öz nəvəsi olmadığını fərq edən cütlük onu dərhal məktəbə geri qaytarıblar. Məktəbdə isə uşağı anası gözləyib. Baş vermiş hadisədən sonra məktəb rəhbərliyi uşaqlardan onları götürən şəxsin kimliyini təsdiqləməyi tələb edib. Məktəbin əməkdaşları isə binadan çıxan uşaqlarla bağlı ikiqat yoxlama keçirəcəklər.
2012-ci ildə də Krasnodarda bir təqaüdçü təsadüfən uşaq bağçasından öz nəvəsinin əvəzinə başqa uşağı götürmüşdü.
Cia.az
