|
Qarabağ cəbhəsində “tufanqabağı sakitlik”
Qarabağ cəbhəsində vəziyyət “tufanqabağı sakitliyi” xatırladır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.
Bir ay əvvəlki vəziyyətlə müqayisədə təmas xəttindəki bu sakitlik təbii ki, aldadıcı ola bilər. Düzdür, ermənilər növbəti savaşın onlar üçün fəlakətli sonluqla başa çatacağını yaxşı anlayırlar. Elə onların etirafları da bunu sübut edir.  
Hətta Ermənistanın sabiq prezidenti Robert Köçəryan da özünün radikal xarakter-xüsusiyyətlərinə xas olmayan şəkildə ehtiyatlı açıqlaması ilə diqqət çəkib. “Artıq iki ildir ki, Azərbaycan ordusu bizə çox problemlər yaradır. Çünki bütün müasir silahlarla təchiz edilib” deyə, Köçəryan ölkə mediasına açıqlamasında bildirib. (ANS). O, Ermənistan hökumətinə müraciətlər edərək “Ermənistan ordusunu rabitə vasitələri, gecəgörmə cihazları və digər mühafizə cihazları ilə təchiz etməyə nə mane olurdu” sualına cavab istəyib. Əlavə edib ki, orduda böyük boşluqlar var və bunu aradan qaldırmaq lazımdır. “Azərbaycan ordusunun silahlarının keyfiyyət baxımından üstün olması heç kimə sirr deyil. Bunu bilmək başqadır, döyüş meydanında qarşılaşmaq isə başqa” deyə, eks-prezident bildirib. Keçmiş prezident ölkəsinin durumunun acınacaqlı olduğunu bundan sonrakı fikirlərlə də isbatlayıb. Hətta dediyindən aydın olub ki, nə Rusiya ilə müttəfiqlik, nə də KTMT-də olması ermənilərin durumunu yaxşılaşdırmır: “İroniya ondan ibarətdir ki, KTMT üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti cəhətdən uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır. Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin. Digər tərəfdən isə Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin”.
Diqqətçəkən odur ki, bunun ardınca qondarma Dağlıq Qarabağ respublikasının keçmiş “müdafiə naziri” “Syamo” ləqəbli general Samvel Babayan erməni mətbuatına müsahibəsində erməni ordusunun zəifliyindən danışıb. Onun sözlərinə görə, Azərbaycan 2014-cü ildən uzun müharibəyə hazırlaşır və Ermənistan işğalçı qüvvələrini uzaqdan neytrallaşdırmaq üçün çalışacaq. “Bu məqsədlə Azərbaycanın silah-sursat cəhətdən problemləri yoxdur. Onlar artıq mərmi istehsalına başlayıb” deyə, general vurğulayıb.
Ermənistan prezidenti Serj Sərkisyan Avrasiya İttifaqının Astana iclasında daha çox Rusiya ilə bağlı ehtiyatlı nitqi ilə diqqət çəkib və Qarabağ münaqişəsində Kremlin rolunu yüksək qiymətləndirib. Lakin Sərkisyanın “dona” girməsi də onun vəziyyətini yüngülləşdirməyib. Belə ki, tədbirdən əvvəl erməni mətbuatı Sərkisyan və Putin arasında ikitərəfli görüşün olacağı xəbərini yaysalar da, sonrakı günlərdə bu mövzunu açıb-ağartmadılar. Heç V.Putin də Sərkisyanın “sabunlu” çıxışına məhəl qoymadı. Bütün bunlar isə onu deməyə əsas verir ki, əvvəla, Rusiya prezidenti Sərkisyanın aprel ayındakı anti-Rusiya çıxışını unutmayıb. Xatırladaq ki, S.Sərkisyan Almaniya səfəri zamanı Merkellə görüşündə Azərbaycana silah satdığı üçün Rusiyanı tənqid etmişdi. Sonrakı dönəmlərdə isə Ermənistanda Rusiya əleyhinə davamlı aksiyalar başladı, bu ölkənin bayrağı yandırıldı, Moskvanın İrəvandakı səfirliyi isə yumurta atəşinə tutuldu. Bunlar şübhəsiz ki, adi məsələ deyildi və o zaman Sərksiyanın cəzalandırılacağı barədə xəbərlər də yayılmışdı. Putinin Sərkisyanı ayrılıqda qəbul etməməsi də güman ki, həm də bununla əlaqədardır. İkinci tərəfdən o da mümkündür ki, Rusiya lideri Azərbaycanla münasibətlərə xələl gətirməmək üçün Sərkisyana zaman ayırmamağı üstün tutub. Rusiyada əksəriyyət hesab edir ki, işğalçı Ermənistanı himayə etməklə Rusiya özünün vacib müttəfiqi Azərbaycanı özündən küsdürə və Cənubi Qafqazın aparıcı dövləti, ABŞ-ın belə “enerji lideri” saydığı ölkəni özündən uzaqlaşdırıb Qərbə üz tutmağa vadar edə bilər. Bu mənada istisna deyil ki, aprel döyüşlərində atəşkəsə nail olan Rusiya özünün “tərəfsizliyini” sona qədər davam etdirmək üçün münaqişə tərəflərinin prezidentləri ilə eyni vaxtda görüşmək niyyətindədir. Güman olunur ki, növbəti, yəni iyun görüşü Moskvanın moderatorluğu ilə, elə Rusiyada baş tutacaq. Ermənilərin də sükutunun, cəbhədəki təxribatlara ara verməsinin səbəbi Rusiyanın proseslərə soyuqqanlı yanaşması ilə əlaqədar ola bilər. 
 

Şahin Cəfərli: “Vasitəçilər tərəflərin sıfır nəticə ilə masadan qalxmasına razı olmazlar”

 
Qeyd edək ki, Bakı prinsipial mövqeyini növbəti dəfə səsləndirib və bununla da Azərbaycandan güzəşt gözləyənlərin ümidlərini puç edib. Cəbhədə atəş səngisə də, informasiya savaşında “döyüşlər” davam edir. Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın “xalqı qarşısında məsuliyyət daşımadığını, riyakarlığa alışdığını” deyib. PA rəsmisi Sərkisyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan sonra danışıqların başlayacağı barədə bəyanatına da kəskin cavab verib. “Serj Sarkisyan yalan, böhtan danışmağa öyrənib, onun bəyanatlarına fikir vermək lazım deyil. Boş-boş danışır. Serj Sərkisyan o torpaqları qulağının dibini görsə, görəcək”-dövlət rəsmisi bəyan edib. Erməni tərəf iddia edir ki, Azərbaycanın apreldə azad etdiyi ərazilər sentyabra qədər “geri qaytarılacaq”. Buna isə kəskin cavab var və Bakı xəbərdarlıq edir ki, iyun danışıqlarında nəticə olmasa, Azərbaycan özünün qəti qərarını verəcək.  
 
Belə bir situasiyanın isə nə dərəcədə kövrək olduğunu həmsədrlər çox yaxşı anladığı üçün növbəti görüşə ümid bəsləyirlər. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə növbəti görüşü hərtərəfli sülhə doğru vacib addım olacaq” açıqlaması da bundan xəbər verir. Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Minsk Qrupunun həmsədrlərinin görüşü olsa da, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü baş tutmadı ki, bu da növbəti təmasları sual altında qoyur. C.Uorlik da qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün dəqiq tarixinin hələ olmamasına baxmayaraq, ATƏT-in Minsk Qrupu iyun ayında keçiriləcəyini gözləyir.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq prezidentlərin bu aya nəzərdə tutulan görüşünə hazırlıq prosesinə başlayıblar: “Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib. Amerikalı həmsədr Ceyms Uorlikin xəsisliklə verdiyi açıqlamalardan belə başa düşürük ki, görüşlərdə təmas xəttində müşahidə mexanizminin qurulması və hərtərəfli həllin elementləri müzakirə olunub. Müşahidə və insidentlərin araşdırılması mexanizminin yaradılması ətrafında qeyri-müəyyənlik davam edir. Vyana görüşünün yekunları ilə bağlı yayılan bəyanatda prezidentlərin bu məsələdə razılığa gəldiyi açıqlanmışdı. O da bildirilmişdi ki, prezidentlərin iyun görüşü bu məsələnin reallaşacağı halda baş tutacaq. Lakin hələ ki sözügedən mexanizmlə bağlı hər hansı sənəd imzalanmayıb. Aydın deyil ki, belə sənədin imzalanması nə vaxta planlaşdırılır: prezidentlərin görüşü ərəfəsində, yoxsa bilavasitə görüş zamanı? Hesab edirəm ki, əgər görüş məsələsi dəqiqləşəcəksə, orada hansısa razılıq əldə olunması ehtimalı yüksəkdir. Çünki vasitəçilər tərəflərin sıfır nəticə ilə masadan qalxmasına razı olmazlar”. 
 
Ş.Cəfərlinin fikrincə, ehtimal var ki, müşahidə mexanizminin yaradılması məsələsi üzrə razılıq məhz bu görüşdə əldə oluna bilər: “Bu halda həmsədrlər ortaya real nəticə qoyduqlarını bəyan edərək bunu böyük irəliləyiş kimi təqdim edəcəklər. Halbuki müşahidə mexanizmi yalnız atəşkəs rejiminin möhkəmləndirilməsinə xidmət edir və münaqişənin bilavasitə həllinə az aidiyyəti var. Belə bir mexanizmin yaradılmasının Azərbaycanın maraqlarına uyun olmadığını dəfələrlə vurğulamışıq. Çünki bu halda Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində işğalçıya lokal zərbələr endirərək onu gərginlikdə saxlaması çətinləşəcək. Həmin mexanizm işğalçının rahatlığını təmin edəcək. Bunun masadakı danışıqlara da neqativ təsir edəcəyini düşünürəm, çünki işğalçı Ermənistan güzəştlərə meylli olmayacaq. Azərbaycan tərəfi hazırda məsələnin mahiyyəti üzrə, yəni bilavasitə problemin həllinə dair müzakirələrin başlanmasına tərəfdardır”.

Politoloq xatırlatdı ki, C.Uorlik açıqlamasında hərtərəfli həllə dair məsələlərin də müzakirə olunduğunu bildirib, lakin bunların nədən ibarət olduğunu deməyib: “Ümumiyyətlə, hazırda danışıqlar yenilənmiş Madrid prinsipləri əsasında gedir ki, bu prinsiplərin içərisində təhlükəli məqamlar da var. Orada Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasının əvəzində Dağlıq Qarabağın Azərbaycandan hüquqi baxımdan da ayrılmasına yol açacaq məqamlar öz əksini tapıb. Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsi barədə məqamı nəzərdə tuturam. Azərbaycan Konstitusiyasına zidd olmaqla bərabər, bu, həm də absurd bir məsələdir. Çünki Dağlıq Qarabağda erməni əhali üstünük təşkil etdiyi üçün orada keçiriləcək referendumun nəticəsinin necə olacağı bəri başdan məlumdur. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi danışıqlar prosesində rayonların əvəzində Dağlıq Qarabağın itirilməsinə səbəb olacaq şərtlərə razılıq verməməlidir. Unutmaq olmaz ki, bu münaqişə məhz Dağlıq Qarabağa görə başlayıb və Dağlıq Qarabağın üstündədir. Sülh variantı da hər iki tərəfin Dağlıq Qarabağla bağlı güzəştlərini ehtiva etməlidir. Yəni mübahisə predmeti Dağlıq Qarabağ ərazisidir, ətraf rayonlar yox. Azərbaycan Dağlıq Qarabağa ölkə daxilində yüksək özünüidarəetmə statusu və təhlükəsizlik qarantiyaları verməyə hazır olduğunu dəfələrlə vurğulayıb. Qarşı tərəf də öz mövqeyindən bir addım geri çəkilməlidir ki, kompromisə gəlmək mümkün olsun. Biz 5 rayonun status məsələsi ilə əlaqələndirilmədən, qeyd-şərtsiz qaytarılmasında təkid etməliyik. Qarşı tərəf buna razı olmayacaqsa, qoy olmasın. Azərbaycanın maraqlarına zidd, əlverişsiz sülhdənsə, hazırkı durumun davam etməsi daha yaxşıdır”.
 
Ş.Cəfərli hesab edir ki, Ermənistanın güzəştlərə meyllənməsi üçün həmsədr ölkələrin, xüsusən Rusiyanın bu ölkəyə təzyiq göstərməsi vacibdir: “Hazırda Ermənistana ciddi təzyiq varmı və Rusiya qapalı danışıqlarda öz müttəfiqinə nələri məsləhət görür? Bu haqda məlumatımız yoxdur. İyun görüşü baş tutarsa, Sərkisyanın ortaya qoyacağı mövqe bu barədə fikir yürütməyə əsas verəcək. Sərkisyanın açıqlamaları, bəyanatları hələlik onun güzəştə meylli olmadığını göstərir. Ola bilsin bu, daxili ictimaiyyəti sakitləşdirməyə hesablanmış bəyanatlardır. İyun görüşü bütün bu suallara cavab tapılması baxımından önəmli olacaq”. 
 
Ümumi müşahidələr göstərir ki, Ermənistan danışıqlara yox, müharibəyə hazırlaşır. S.Sərkisyan hakimiyyətini sonadək sürdürmək üçün manevrlər etməyə və status-kvonu saxlamağa daha çox maraqlıdır. Ancaq bunun üçün o, ən azı cəbhədə aprelin 1-dək olan vəziyyəti bərpa etməkdə israrlıdır. Hazırda cəbhəboyu möhkəmləndirmə və silah arsenalını gücləndirmə prosesi həyata keçirilir ki, Azərbaycana qəfil zərbələr endirilsin. Lakin ermənilər özləri də anlayır ki, bu, asan məsələ deyil. Hətta erməni general deyirsə ki, bir gün azərbaycanlılar Naxçıvan cəbhəsindən cəmi 42 km-likdəki İrəvanı artilleriya ilə məhv edə və Ermənistan paytaxtında rahat çay içmək imkanı qazana bilərlər, deməli, düşmən reallığı çox yaxşı anlayır. Ancaq Azərbaycanda da yaxşı başa düşürlər ki arxayınlaşmaq da olmaz və ordumuz düşmənin istənilən həmləsini dəf etməyə hazır olmalıdır... 
musavat