Milli Məclisin iyunun 21-də növbədənkənar iclası keçiriləcək. 76 deputatın müraciəti əsasında təyin olunan sessiya ciddi müzakirələrə səbəb olub. İclasda hansı məsələlərin gündəliyə salınacağı hələlik məlum deyil.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa sessiyanın çağırılmasına səbəb olan zərurətlərdən danışdı: “Hakimlərin yerdəyişmə məsələsi daha çox may ayında yekunlaşır. Bu baxımdan, belə məsələləri may-iyun aylarında yekunlaşdırmaq mümkün olmadı. İyun ayında bütün məsələlərə baxılması zərurəti yaranır. Ehtiyat tədbir kimi belə sessiyaların keçirilməsi qərara alınır ki, həllini tapmayan məsələlər yoluna qoyulsun. Burada fövqəladə bir hadisədən, tələbdən söhbət getmir.

Birdən elə hal ortaya çıxır ki, bir ay ərzində həll olunması vacibdir. Bildiyiniz kimi, millət vəkilləri bu müddət ərzində komitələrdə çalışmalıdırlar. Əgər komitələrdə çalışırlarsa, Bakıdan kənara getmirlər və onların iclasda iştirak etmələri problem olmur. Yarımçıq məsələlərin həll olunması, onların növbəti sessiyalara qalmaması üçün belə bir iclas çağırılır. 76 deputatın müraciəti kifayət etdiyinə görə, müraciətlərin sayı artırılmır. Amma iclasda iştiraka məhdudiyyət qoyulmur. Çünki qanunun qəbulu elədir ki, qəbul üçün müəyyən sayda səs tələbləri var”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev sessiya üçün müraciət edən şəxslərdən olduğunu qeyd etdi: “Milli Məclisin sessiyalarında müəyyən məsələlər həll olunmalı idi. Bir sıra məsələlələr qalıb ki, həlli vacibdir. Burada xüsusi bir şey yoxdur. Həmişə sessiya dönəmlərində məsələlərin müzakirə olunması ilə bağlı planlamalar olur. İndi də çatdırılmayan qanun layihələri var ki, onlara baxılacaq. Buna da vaxt lazımdır. Hakimlərin təyinatları məsələsi də gündəmə çıxarıla bilər. Çünki həll olmayan məsələlərdən biri də budur. Gündəlikdə qalan başqa işlər də var ki, mütləq müzakirəsinə ehtiyac var”.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təfəkküloğlu ayın 21-də keçiriləcək sessiyada gündəlikdə duran məsələlərdən danışdı: “Həmin vaxt görəcəksiniz ki, gündəlikdə hansı məsələlər var. Bu ilk belə hal deyil. Bəzən qanunlara dəyişikliklər səbəbindən belə vəziyyət yaranır və nəticədə deputatlar müraciət edir. Bundan sonra da növbədənkənar iclas çağırılır. Başqa bir səbəb yoxdur. Milli Məclisin plenar iclasında qanunlar və qanunlara dəyişikliklər müzakirə edilir. Gündəlik məlum olanda müzakirə ediləcək məsələlər ortaya çıxacaq”.
Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.
musavat
