|
Almaniya parlamenti saxta “soyqırım” qətnaməsini qəbul etdi
Uydurma “erməni soyqırımı”nın tanınması nəzərdə tutulan layihə iyunun 2-də Bundestaqda səsverməyə çıxarılıb və qəbul olunub. Osmanlı imperiyasında ermənilərin kütləvi şəkildə qırıldığı iddia edilən və həmin hadisələri “soyqırım” kimi tanıyan qətnamənin əleyhinə  bir nəfər çıxıb, bir nəfər isə bitərəf qalıb.
Hələ sənəd səsverməyə çıxarılmamışdan öncə bir çox ekspertlər hesab edirdilər ki,  Almaniya parlamenti “erməni soyqırımı”nı tanımayacaq. Ekspertlər bildirirdilər ki, əgər bu baş verərsə, Almaniya-Türkiyə münasibətləri pozulacaq. Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da səsvermə günündən öncə mətbuata açıqlamasında Almaniya deputatlarının yanlış qərar verməyəcəyini ümid etdiyini demişdi. Amma..
3 milyondan çox türkün yaşadığı Almaniyanın niyə belə addımı atdığı çoxlarını düşündürür. 

Niyə Almaniya, niyə indi? 

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq  Elxan Mehdiyev bildirib ki, neçə illərdir ki, bu mövzu  Almaniya Bundestaqına gətirilir və  geri qaytarılırdı: “Ötən il də ”genosid"in 100 illiyi ilə bağlı parlamentə bu layihə gəldi və yenidən təxirə salındı. Bu da daha çox türkəsilli Bundestaqın üzvü  Cem Özdəmirin  səyi nəticəsində oldu. Burada əsas   məsələ həm də Türkiyə prezidenti Ərdoğanın şəxsiyyəti ilə bağlıdır. Çünki bu qətnaməni onun apardığı siyasətə qarşı bir reaksiya kimi də qiymətləndirmək olar. Ümumiyyətlə, bu hadisəni  bir məsələ ilə əlaqələndirmək olmaz. Bu,  kompleks  məsələlərin nəticəsidir. Bütün bunları analiz etmək lazımdır. Bu hadisə tarixi, dini, indiki dönəmdə isə Ərdoğanla bağlı siyasi səbəblərdən qaynaqlanıb".
Ekspertin sözlərinə görə, hazırkı şəraitdə ermənilər bu qərardan öz mənafelərinə uyğun bəhrələnəcəklər:“Çoxları Almaniyanın tərəfsiz olduğunu bildirirdi. Lakin səsvermə göstərdi ki, Almaniya bu məsələdə tərəfsiz deyil. Hesab edirəm ki,  ermənilər vəziyyətdən çox yaxşı istifadə edəcəklər. Bəlkə də onlar Qarabağ danışıqlarda pozucu addımlar da atacaqlar”.
ADA-nın professoru Elnur Soltanov isə “Yeni Müsavat”a açıqlamasında söyləyib  ki, Almaniyanın qərarı psixoloji səbəblərlə də bağlıdır: “Bir məqam var ki, almanlar hər zaman adları genosidlə birlikdə hallanan millətdir. Özlərinə bu mənada instinktiv olaraq sanki yoldaş axtarırlar. Bəllidir ki, dünyada ilk dəfə soyqırım termini almanlarla bağlı ortaya çıxıb. Bu baxımdan istər-istəməz onlarda belə bir duyğu var ki, soyqırım həyata keçirən yeganə xalq olmasınlar. Hesab edirlər ki, bu ifadə səslənəndə başqa xalqlar da ağıla gələrsə, onlar bir qədər arxa plana keçər və onlara qarşı təzyiqlər azalar. Qısası, bu mövzuda hədəf olmaqdan yayınırlar. Ancaq müəyyən ölçüdə bu, Türkiyə üçün də dərs olmalıdır. Beynəlxalq mediaya baxırsan ki, inanılmaz bir şəkildə Türkiyənin üzərinə gedilir. Yəni sanki soyqırım həqiqətdir. Demirlər ki, bu həqiqət olmadığı üçün məsələni qəbul etməyin. Deyirlər ki, əgər qəbul olunarsa, Türkiyə iqtisadi, siyasi münasibətləri kəsib, Almaniyanı miqrantlarla doldura bilər. Eyni zamanda Birinci Dünya müharibəsi zamanı Rusiya, Amerika, Fransa, İngiltərə və digərləri məhz erməniləri Osmanlıya qarşı üsyana sövq edirdilər. Üsyana sövq edib, sonra isə müdafiə edə bilmədilər. Bolqarları, yunanları, rumınları  və digərlərini müdafiə edib, onlara dövlət düzəltdilər. Osmanlının parçalanıb dövlətlərə bölünməsi planı ermənilərin başında partladı. Çünki hamısına dövlət qurdular, ermənilərə bunu etmədilər. Bu baxımdan da Qərbdə bir günah kompleksi var ki, erməniləri qabağa verib, sonra da onlara dəstək ola bilmədilər. Ona görə də qeyd etdiyim kimi, ermənilərlə Qərb arasında qəribə bir könül bağı var. Bu da Türkiyənin əleyhinə çevrilir”.
 
Ekspert hazırkı məqamda Azərbaycanın hansı mövqe sərgiləməli olduğu haqda da danışdı:

“Azərbaycan bu mübahisənin bir qədər kənarında dayanmalıdır. Bu bir az da Türkiyə və Ermənistan arasında olan məsələdir. Bizim hazırda ortaya girməyimiz o qədər də uyğun deyil. Çünki ”genosid" və erməni" sözü nə zaman yan-yana çəkilərsə, burada həmişə dünya ictimaiyyətində ermənilərin guya “soyqırıma” məruz qaldıqları fikri hakimdir. Biz  bu mövzuda rol almaqla haradasa zərbəni öz üzərimizə almış oluruq.  
 
Baş verənlər Azərbaycan üçün yaxşı hadisə deyil. Çünki ermənilərin qurban millət kimi qələmə verilməsi, bizim onların Qarabağı işğal etmələrini ifadə etməmizi çətinləşdirir. Siyasi  mənada da bu bizim üçün yaxşı hal deyil. Çünki sabah Türkiyə bizi dəstəklədiyi zaman deyəcəklər ki, “hansı Türkiyə, ermənilərə qarşı genosid edən?” Yəni bu kimi qərarlar Türkiyənin bizə siyasi dəstəyinə də zərər verir".
 
E.Soltanov  iki dövlət arasında bundan sonra hansı hadisələrin baş verəcəyi barəsində aşağıdakıları söyləyib: “Bu hadisə iki ölkənin münasibətlərinə zərərsiz ötüşməyəcək.  Maraqlıdır ki,  burada Ərdoğan necə davranacaq. Keçici olaraq münasibətlər pisləşəcək. Ancaq burada maraqlı olan odur ki, Türkiyə hara qədər gedəcək. Xüsusilə də Avropa üçün ən həssas məsələ olan miqrant məsələsində Türkiyə hansı addımları atacaq. Bütün diqqət  buna yönəlib. İndiki halda əməkdaşlıq elə bir mürəkkəb səviyyədədir ki, Türkiyənin birdən-birə həmin əməkdaşlıq formalarından geri çəkilərək yenidən miqrantlar məsələsini  qaldırması  çətin olacaq. Bu, iradə tələb  edən məsələdir. Hesab edirəm ki, Türkiyə daha çox bunu daxili  siyasətdə  istifadə edib, Avropanın onlara nə qədər qarşı olduğunu,  dünyanın Türkiyəni istəmədiyini bir az daha vurğulayacaq. Proseslərin sonu maraqlıdır. Bir məqam da var ki, miqrant məsələsi o zaman Türkiyə üçün yararlı olardı ki, onlar bunu hadisəni önləmək üçün istifadə edərdilər. Hadisə olandan sonra yenidən miqrant söhbətini ortaya atmaq faydasız ola bilər. Hər halda, Türkiyənin buna gedib-getməyəcəyini də təxmin etmək çətindir”.

“Almaniya güzgüyə baxmaq əvəzinə...”

 
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Almaniya “erməni soyqrımı”nı tanıya biləcək sonuncu ölkə olmalıydı: “Çünki Osmanlı Türkiyəsinin Birinci Dünya müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir. Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi. İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən Berlin bu lobbinin təsiri ilə ”qətnaməni" qəbul edib. Digər tərəfdən, Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar.
Bəs Almaniya “soyqırım” qətnaməsini indi niyə qəbul etdi? Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqının və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırkı sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də kölgə salacaq. Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi. Belə bir vəziyyətdə, fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün sonra Berlinə planlaşdırdığı səfəri təxirə salmalıdır".

Nə olacaq? 

Almaniya kansleri Angela Merkel Bundestaqın qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etməsinin ardından açıqlama verib.
 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasından sonra Angela Merkel bu məsələ ilə bağlı “Almaniyanın Türkiyə ilə münasibətləri güclüdür” deyib.
 
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Yasin Aktay  isə sözügedən qətnamə ilə bağlı hökumətin ilk reaksiyanı açıqlayarkən bildirib ki, layihənin təsdiqlənməsi Türkiyə-Almaniya münasibətlərinə ciddi zərər verib. Həmçinin Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Qarslıoğlunu Ankaraya çağırıb.
 
Hadisə ilə bağlı NATO-nun baş katibi Yens Stoltenberq də açıqlama verib. Məlumata görə, Y.Stoltenberq məsələyə fərqli yanaşıb. Belə ki, baş katib Türkiyə-Ermənistan münasibətlərinin ən qısa müddətdə normallaşmasına ümid etdiyini bildirib.
musavat