|
Onlar real dünyada olmasalar da, facebookda yaşayırlar...
Nigar Yaqublu: “Nərgizin profilini bağlatsaq elə bilərəm ki, o, daha yoxdur. Çünki onun yoxluğunu qəbul etmirəm”

İlkin Zəfərli: “Əgər həyatdan getmiş insanla bağlı ancaq pozitiv, sevgi dolu xatirələr varsa, bunu necə silmək olar?””
 
Onlar indi sosial şəbəkədə “gəzinti” edərkən çıxırlar qarşımıza. Əslində real dünyada heç biri aramızda yoxdur. Amma facebookda profilləri qalıb. Kimsə adlarını tağ edib nəsə paylaşıbsa və ya köhnə fotolarından birini bəyənibsə, mütləq ana səhifədə də çıxır. Baxırıq, təəssüflənir, növbəti dəfə kədərlənir, onların itkisini yaşayırıq. 
 
Bəli, real dünyada aramızdan ayrılanların virtual dünyadakı varlıqları davam edir. Xüsusən də Azərbaycan kimi kiçik bir ölkədə, ictimai-siyasi sektorun tanınmış, məşhur simalarının profilləri hər birimizin qabağına çıxır: Rafiq Tağı, Şahin Ağabəyli, Ceyhun Nağı, Elçin Səlcuq, Anar Məmmədxanov... bunlar bir neçə il öncəyə qədər idi. İndi bu siyahıya sevimlimiz Nərgiz Yaqublu, Zəfər Quliyev, Elton Quliyev... və digərləri də daxildir...
 
Onların profillərini izləyir, xatirələri yada salırıq. Əslindəsə necə olmalıdır? Bu profillər qalmalıdırmı? Yaxınları onların bağlanmasını istəyirmi? Ümumiyyətlə, bu profillər əqli mülkiyyət növü kimi miras sayıla bilərmi? 
 
Nigar Yaqublu bizə açıqlamasında bildirdi ki, mərhum bacısı Nərgiz  Yaqublunun profili açıqdır: “Mən onun parolunu bilmədiyim üçün facebookda onun profilinə daxil olub, nəsə paylaşım edə bilmirəm. Amma kimsə adını tağ edib nəsə paylaşanda onun səhifəsində görünür və ümumi xəbər lentinə də çıxır. Daim izləyirəm ki, kim nə yazır, nə paylaşır onun haqqında. Profili aktivdir. Profil açılıb istifadə olunmur, amma tag olunmalarla qalır”.

Müsahibimiz mərhum bacısının profilini bağlatdırmaq haqda heç düşünmədiyini dedi. Onun sözlərinə görə, bu, onun üçün mümkün deyil: “Həm də onun profilini bağlatsaq elə bilərəm ki, o, daha yoxdur. Çünki onun yoxluğunu qəbul etmirəm”. 
 
Mərhum politoloq Zəfər Quliyevin oğlu İlkin Zəfərli isə hesab edir ki, facebook profili son 10 ildə internet istifadəçilərini həyatında ayrılmaz bir hissəyə çevrilib. Müsahibimizin sözlərinə görə, mərhum atası facebookda çox aktiv olub: “Onun postları, şərhləri, paylaşdıqları musiqilər, şəkillər, mənimlə və dostları ilə yazışmaları çox zəngin və təkrarolunmaz bir arxivə çevrilib. Bunu silmək, profili ləğv etmək sadəcə mümkün deyil. Facebookda maraqlı bir funksiya var. Məsələn, 1 il və ya 2-3, 4-5 il əvvəl məhz bu gündə etdiklərin paylaşımları, dostluq etdiyin insanlarla şəkillərini və sair xatırladır. Məndə elə olur ki, tamamilə yadımdan çıxardığım bir şəkli və yaxud şərhi, statusu bu formada yadıma salır. Beləliklə, atamla olan digər xatirələr yada düşür, insan maraqlı hisslər keçirir. Əgər həyatdan getmiş insanla bağlı ancaq pozitiv, sevgi dolu xatirələr varsa, bunu necə silmək olar?”
 
Müsahibimiz hesab edir ki, ölən insanın profilini ancaq o halda silmək olar ki, ondan ancaq neqativ xatirələr qalsın: “Bunu isə mənə və Zəfər Quliyevi sevən insanlara aid etmək olmaz. Onun profili artıq məndədir, amma mən orada heç bir dəyişiklik, heç bir şərh və ya “like” qoymağa mənəvi ixtiyarım yoxdur. Bu profil artıq onun virtual abidəsidir. Bizim onunla yazışmamız bizim virtual arxivimizdi. Atam üçün darıxanda onun çoxsaylı şəkillərindən, videolarından, məqalələrindən savayı bizim onunla yazışmamızı oxuyanda ən azından onunla real danışdığımı hiss edirəm, o dövrü yada salıram. Heç vaxt pozmayacam”. 
 
Amma bu mövzu facebook rəhbərliyi üçün də prioritet olub. 2012-ci ildə rəhbərlik ölənlərin səhifələrinin bağlanması ilə əlaqədar bir qərar verib. Facebook bundan belə vəfat edən istifadəçilərin profilinə, “Xatirələrimizdə” mənasını verən “Memorialise” yazısını yazacağını vəd edib. İstifadəçinin xüsusi məlumatları da saytdan silinəcək. Bu “Memorialise” yazısını isə yalnız ölən şəxsin dostluğunda olanlar görə biləcək və profil açıq olsa belə, orada paylaşmalar etmək mümkün olmayacaq. Lakin adamın divarına yazılar yazıla biləcək.
 
 
Həmçinin, istifadəçilər vəfat edən adama dostluq göndərə bilməyəcəklər. Facebook təhlükəsizlik müəssisəsinin başçısı Max Kelly öz bloqunda yazıb ki, mövzu araşdırılıb və vəfat edən istifadəçilərin səhifələrinin hələ də aktiv olması məqbul sayılmayıb. Amma bəzilərinin bu yeniliyi pislədiyi bildirilib. Sayt ölən istifadəçinin yaxınlarından, adamın öldüyünə dair bir dəlil tələb edəcək. Bu dəlil bir ölüm elanı ya da qəzetdə bir xəbər ola bilər.
 
BBC də bu mövzu ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Louise Palmer adlı qadın 19 yaşında dünyasını dəyişmiş qızı Beckinin facebook profili ilə bağlı mübarizə aparıb. Qizi öz həyatını facebookda paylaşmağı sevən birisi idi. O, beyin şişindən ağır xəstə düşüb nitq və hərəkətini itirəndə Louise İnternetə girib Becky-nin öz dostları ilə təmasına köməklik edərdi.
Becky 2010-cu ildə vəfat etdi, lakin Louise qızı ilə yaxınlığını itirməmək üçün onun hesabına daxil olmaqda davam etdi. "Bu çox mühüm idi", deyir Louise. "Övlad itirmək dünyanın ən böyük itkisidir. Ən çox qorxduğun da bu olur ki, başqaları onu unudacaqlar. Və sən hər dəfə onun səhifəsinə daxil olub adamların orada yazdıqlarını oxuyur, göndərdikləri mesajları görürsən. Bu mənə təsəlli verirdi ki, qızımı unutmayıblar".
 
Lakin sonra facebook Beckynin hesabanı bağladı və ya belə demək mümkündürsə, "xatirələdi".
 
Louise onlara yazıb və qızının necə öldüyündən söz açıb. Başa salmağa çalışıb ki, onun şəxsi mesajlarını oxumaqda, səhifəni səliqəli saxlamaqda davam etmək istəyir.
 
O belə bir cavab alıb: “Salam Louise, biz sizin itkinizə çox acıyırıq. Lakin siyasətimizə uyğun olaraq vəfat etmiş istifadəçilərin hesablarını xatirəyə çeviririk. Bunu ona görə edirik ki, onun profilini yalnız dostları görüb axtarışa verə bilsinlər. Facebook hesabının “divarı” qalır. Dostlar və ailə üzvləri orada yaza və xatirə postlarını buraxa bilərlər. Təəssüf ki, biz profilə dəyişiklik edə və hesabın parol informasiyasını verə bilmərik. Bunun yarada biləcəyi hər hansı narahatlıq üçün üzr istəyirik. Əgər yenə də sualınız olsa, lütfən müraciət edin. Facebook-la əlaqəyə girdiyinizə görə çox sağ olun”.
 
Louise bundan sonra Facebook-un yaradıcısı Mark Zuckerbergə də yazıb, lakin cavab almayıb.
Britaniyanın YouGov ictimai rəyi öyrənmə mərkəzinin apardığı sorğu adamların əksəriyyətinin İnternetdəki materiallarının sahibinin kim olduğunu bilmədiyini göstərib.
 
YouGov 2185 nəfərin rəyini öyrənib: “Sizcə Facebook istifadəçisi rəhmətə gedəndə onun buradakı materialları avtomatik olaraq kimin mülkiyyətinə çevrilir?” Cavablar aşağıdakı kimi olub:
 
Facebook - 36%
Yaxın qohum - 20%
Heç kim - 17%
Bilmirəm - 27%
 
Adamların dörddə biri bundan tamamilə xəbərsizdir. Hər üç adamdan biri isə düşünür ki, bizim ölümümüzdən sonra materiallarımız Facebook-un mülkiyyətinə çevrilir.
Elə isə İnternetdəki materialların sahibi kimdir?

"Mishcon de Reya" hüquq firmasından Mark Keenan deyir ki, bu, tamamilə minalanmış sahədir, yeni cəbhə xəttidir: "Adamlar sadəcə olaraq şərt və qaydaları oxumurlar və buna görə də xidmət provayderləri ilə İntrenet irsi uğrunda mübarizə aparan ailə üzvləri arasında çəkişmələr artmaqdadır".
 
Hazırda İnternet provayderləri arasında rəhmətə gedənlərin rəqəmli mülkiyyətinin onların varisinə keçməsini təmin edən standart praktika yoxdur.
 
Ötən il Hüquq Cəmiyyəti adamlara tövsiyə edib ki, öz sosial mediaları, kompüter oyunları və başqa İnternet hesabları barədə vəsiyyət hazırlasınlar.
 
Cəmiyyət vurğulayırdı ki, e-mail, bank, investisya və sosial şəbəkə hesabları barədə məlumatı yazıb saxlamaqda fayda var. Belə olduqda, ölənin yaxınları onun rəqəmli irsini bir yerə toplamaq, rəhmətliyin ruhunu şad etmək imkanı qazanırlar.
 
Axı itib-batan heç də təkcə sentimental materiallar olmaya bilər.
 
Rəqəmli mülkiyyətə real pul dəyəri olan materiallar – musiqi, filmlər, e-mail hesabları, kompüter oyunlarının fərdi qəhrəmanları, domen adları, təyyarə biletləri üçün güzəşt balları, PayPal və Bitcoin hesabları da aid ola bilər.
 
2015-ci ilin fevral ayında facebook ABŞ-dakı istifadəçilərinə belə bir xidmət təklif edib ki, öləndən sonra ya hesabları bağlansın, ya da müəyyən hissəsi dosta və ya qohuma ötürülsün. Lakin başqa yerlərdə belə deyil.
Cia.az