|
Türkiyə-Rusiya barışığı hansı halda mümkündür?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin “Türkiyə ilə əlaqələri bərpa etmək istəyirik” açıqlamasına münasibət bildirib. Ərdoğan Rusiyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı irəli sürdüyü fikirlərə mövqeyini açıqlayaraq deyib ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması vacibdir. 

Ancaq Türkiyə müttəhimlər kürsüsündə əyləşən ölkə deyil: “Türkiyə münasibətləri korlayan ölkə deyil. Biz Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasında maraqlıyıq. O zaman adam düşünməyə vadar olur ki, görəsən, niyə rusiyalı pilotun səhvi Türkiyə ilə münasibətlərin bu dərəcədə qurban verilməsinə səbəb oldu”.

Hər iki prezident münasibətlərin normallaşmasını istədiklərini dilə gətirsə də Rusiya xarici işlər naziri Sergey Lavrov münasibətlərin bərpa olunması üçün Türkiyənin üzr istəməsi və təzminat ödəməsi şərtini irəli sürür.
 
Bəs belə bir durumda Türkiyə-Rusiya münasibətlərinin düzələcəyi gözlənilirmi? Türkiyə Lavrovun üzr və təzminat şərtini qəbul edəcəkmi və etməlidirmi? Bu şərt olmadan münasibətlərin normallaşması mümkündürmü?
 
Siyasi analitik Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya prezidenti Vladimir Putinin Yunanıstana səfəri zamanı Türkiyə ilə münasibətlərə dair verdiyi açıqlama münasibətlərin düzələcəyinə ümid yaratmışdı. Güman olunurdu ki, Rusiya rəhbərliyi mövqeyini yumşaldıb və tərəflər tezliklə ortaq məxrəcə gələ biləcək. Lakin xarici işlər naziri Sergey Lavrovun yenidən Rusiyanın əvvəlki şərtlərini təkrarlaması, hətta Türkiyədən İraqdakı hərbi kontingentini çıxarmasını tələb etməsi hər şeyi sıfır nöqtəsinə qaytardı: “Paralel olaraq, Türkiyə XİN-in Rusiyanı Suriyanın İdlib şəhərində mülki obyektləri bombalayaraq 60-dan çox mülki şəxsin ölümündə ittiham edən sərt bəyanatı göstərdi ki, hələlik tərəflər əlaqələri bərpa etməkdən uzaqdır. Türkiyəli həmkarı Ərdoğanın şəxsi xarakterinə bələd olan Putinin ondan üzrxahlıq gözləməsi təəccüb doğurur. Yadınızdadırsa, hələ münasibətlərin yaxşı olduğu dövrdə Putin Ərdoğanla bağlı suala cavab verərkən onu ”krepkiy mujik" adlandırmışdı. Yəni Ərdoğanın asanlıqla kimdənsə üzr istəməyəcəyini bildiyi halda Putinin bu cür tələb qoyması, necə deyərlər, işi yoxuşa sürməkdir. Ərdoğan üzr istəyərsə, şəxsi reputasiyasına ciddi zərbə dəyər və daxildəki opponentləri bundan yararlana bilər. Bu səbəblə, ondan üzrxahlıq gözləmək əbəsdir".
 
Ekspertin sözlərinə görə, əslində Türkiyə tərəfinin münasibətləri normallaşdırmaq barədə təklifi konstruktiv təklifdir. Ankara iki ölkə arasında diplomatlardan ibarət işçi qrup yaradılmasını və problemin çözüm yollarının o qrup daxilində axtarılıb tapılmasını təklif edir. Rusiya isə bu təklifi qəbul etməyəcəyini bildirir: “Bu, qeyri-konstruktiv mövqedir. Münasibətlər bərpa olunacaqsa, heç bir tərəfin qüruruna toxunmadan, bərabərhüquqlu şəkildə bərpa olunmalıdır. Üzrxahlıq və təzminat tələbləri ilə bu iş alınmayacaq. 
 
Ümumiyyətlə, Rusiya rəsmilərinin açıqlamalarına diqqət yetirdikdə, Türkiyəyə qarşı aşağılama, yuxarıdan aşağı baxma tendensiyasını hiss etmək olur. Üzrxahlıq tələbi də, bir növ, Türkiyəni sındırmağa, onu Rusiyanın qarşısında diz çökərək günahını boynuna almağa sövq etmək cəhdidir. Hesab edirəm ki, Türkiyə buna getməyəcək. Şübhə yoxdur ki, iki ölkə arasında münasibətlər gec-tez yaxşılaşacaq. Lakin düşünürəm ki, heç vaxt əvvəlki kimi yüksək səviyyədə olmayacaq".(musavat)
Cia.az