“Uydurma ”erməni soyqırımı"nın tanınması nəzərdə tutulan layihə iyunun 2-də Bundestaqda səsverməyə çıxarılacaq. Bu qanun layihəsinin Bundestaq tərəfindən qəbul olunması Türkiyə-Almaniya münasibətlərinə xələl gətirə bilər". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Almaniyanın buna getməyəcəyinə ümid etdiyini bildirib: “Mən xanım Merkellə telefon danışığı apardım. O, əlindən gələni edəcəyini bildirdi. Məgər uydurma ”soyqırım"la bağlı problem var? Bizim bu mövzu ilə bağlı narahatlığımız yoxdur. Almaniya ilə çox yüksək səviyyədə münasibətlərimiz mövcuddur orada üç milyon türk yaşayır. Əgər biz bu cür oyuna getsək, bu bizim münasibətlərimizə xələl gətirə bilər. Qəbul olunmayan bir qərarı qiymətləndirməyin düzgün olmadığını düşünürəm. O nə vaxt qəbul olunacaqsa, biz də o zaman onu qiymətləndirəcəyik. Lakin onun beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur".
“Yeni Müsavat”a açıqlamasında bu prosesi dəyərləndirən politoloq Qabil Hüseynli Almaniyanın bu addımı atacağını gözləmədiyini bildirdi: “Çünki Almaniya-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edirdi. Son Suriya olaylarında Almaniya-Türkiyə münasibətləri daha da yaxşılaşmışdı. Birdən-birə belə bir məsələnin gündəmə gətirilməsi çox gülünc və əsası olmayan bir iddiadır. Xüsusilə Almaniya kimi ”Xalakost"u törədən, yəhudilərə qarşı irimiqyaslı soyqırım əməliyyatları həyata keçirən bir ölkənin yenidən siyasi ambisiyalara qoşulması və uydurma genosidi gündəmə gətirməyə çalışması Almaniyanın özü üçün çox ciddi fəsadlara gətirib çıxara bilər. Nəzərə alsaq ki, İkinci Dünya müharibəsindən sonra Marşal planına uyğun olaraq Almaniyanın inkişafında türklər böyük rol oynayıb, hətta almanlar türk millətinin şərəfinə Drezden şəhərində bir heykəl ucaldıblar. İndi isə Almaniyada 3 milyon yarımdan artıq türk yaşayır. Bundestaqda iki türk deputatı var. Bir sıra əyalətlərdə siyasi partiyaların tərkibində türklər yetərincə fəal iştirak edirlər".
Politoloqun fikrincə, türk faktorunun Almaniya siyasətində həlledici amil olduğunu unutmaq olmaz:“Almaniya belə bir addımı atmamalıdır. Üstəlik də Merkel Türkiyə prezidenti ilə telefonla danışıb və söz verib ki, belə bir hərəkətin həyata keçməsinə imkan verməyəcək. Ancaq hər halda, bu ilk növbədə Almaniyanın özü üçün lazımdır. Çünki Almaniya bu addımı atarsa, bir növ Fransa ilə bir cərgədə dayanmış olur. Fransa Türkiyəyə qarşı ayrı-seçkilik siyasəti həyata keçirir, soyqırımla bağlı bir-birinin ardınca müxtəlif xarakterli qərarlar qəbul edir. Bu qərarlar da dünya tərəfindən istehza ilə qarşılanır. Hesab edirəm ki, bu Almaniyanı, alman siyasətçilərini dalana dirəyəcək və onlar çox çətin bir vəziyyətlə baş-başa qalmış olacaq. Mən bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, Almaniyada Bundestaqda həmin qanunun qəbul edilməsi ehtimalı çox aşağıdır. Almaniya Türkiyə ilə münasibətləri pozmamaq naminə bu qondarma soyqırımın arxasınca gedərək özünü gülünc vəziyyətə salmayacaq”.
Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər belə bir qanun layihəsi qəbul olunarsa, Almaniyaya səfər etməyi nəzərdə tutan ölkə başçısı İlham Əliyev səfərini təxirə salmaqla bu ölkəyə etirazını bildirsə daha yaxşı olar: “Azərbaycan prezidenti İlham Əliyevin iyunun 7-də Almaniyaya səfər edəcəyi xəbəri yayılıb. Almaniya ATƏT-in hazırkı sədridir və bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərir, təkliflər verir. Bir müddət əvvəl Almaniyaya Ermənistan prezidenti Serj Sərkisyan da səfər etmişdi və ondan sonra İlham Əliyevin də Berlinə gedərək kansler Angela Merkellə danışıqlar aparacağı xəbəri yayıldı. Ancaq əgər İlham Əliyev Almaniyaya məhz iyunun 7-də səfər edəcəksə və əgər iyunun 3-də Almaniya parlamenti ”erməni soyqırımı" haqqında qətnaməyə səs verərsə, fikrimcə, Azərbaycan prezidentinin bu ölkəyə səfərinin təxirə salınması və başqa zamanda həyata keçirilməsi doğru qərar olar. Bununla Berlin Ankara ilə yanaşı Bakının da etiraz mesajını alar ki, Almaniyanın “erməni soyqırımı"nı tanıması Berlinin Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilik təşəbbüslərinə kölgə salır, çünki hazırkı gərgin zamanda “soyqırımı” tanımaq işğalçı Ermənistan hakimiyyətini cəsarətləndirmək, işğalçının tərəfini tutmaq deməkdir".
Cia.az
