|
Əfv siyahısı hazırdır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı yaxınlaşır. Hər il olduğu kimi, bu il də bayram münasibətilə əfv fərmanının imzalanacağı da təsdiqlənir. Əfvlə bağlı İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hazırladığı siyahı da yekunlaşmaq üzrədir. Qaynar.info xəbər verir ki, bu barədə AzadlıqRadiosuna İnsan Hüquqları üzrə Birgə Qrupun təmsilçisi Novella Cəfəroğlu məlumat verib.

Onun bildirdiyinə görə, son siyahı dekabrın 23-də razılaşdırılacaq: “Hələ dəqiq deyə bilmərəm həmin siyahıda kimlər olacaq. Bütün bunlar Birgə Qrupun iclasında müzakirə olunacaq və yekun siyahı prezidentə göndəriləcək”.

O, hazırladıqları siyahıya 27 nəfər siyasi məhbusla yanaşı, əfv üçün müraciət edən sadə vətəndaşların da adının daxil edildiyini bildirib: “Bizə bir çox vətəndaş ərizə ilə müraciət edib, eyni zamanda cəza müddətinin üçdə ikisini çəkənlər də var, onların da müraciətinə baxırıq”.

“Biz ümid edirik ki, böyük ehtimalla cənab prezident İlham Əliyev hər il olduğu kimi, bu ilin sonunda da əfv sərəncamı imzalayacaq”.

Bu sözləri isə modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Çingiz Qənizadə bildirib.

“İnanırıq ki, dekabr ayının sonlarında prezident humanizm nümayiş etdirəcək və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə əfv fərmanı imzalayacaq. Biz bunu gözləyirik, arzulayırıq, ümid edirik. Və inanırıq ki, ümidlərimiz mütləq doğrulacaq”.

Əfv oluna biləcək məhkumların təxmini sayına gəlincə, komissiya üzvü bu barədə danışmağın tez olduğunu deyib.

Əfvə düşmək şansı olan məhbuslardan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və mərkəzin direktoru Bəşir Süleymanlı saxlandıqları təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu haqda AzadlıqRadiosuna məhbusların yaxınları məlumat verib.

Onların dediyinə görə, Anar Məmmədli dekabrın 18-də Qaradağdakı 13 saylı, Bəşir Süleymanlı isə dekabrın 19-da Binə qəsəbəsində yerləşən 2 saylı həbsxanaya köçürülüb.

Anar Məmmədli və Bəşir Süleymanlının vəkili Elçin Sadıqov musavat.com-a açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşmək üçün icazə verilmədiyini bildirdi: “Bizi görüşə buraxmadılar. Dedilər ki, bazar ertəsi görüşə bilərsiniz. Əsas olaraq karantində olmalarını göstərdilər. Qanunvericiliyin tələbinə görə vəkilin görüşünə karantin mane olmamalıdır. Bizə heç bir səbəb göstərmədilər. Anar Məmmədlinin köçürüldüyü 13 saylı cəzaçəkmə müəssisəsinin şəraitindən çox narazıyıq. Ora sovqat aparmaq çox çətindir. Ətrafı təmiz kanalizasiyadır. Yaşayış üçün uyğun şərait deyil. Binədə yerləşən 2 saylı cəzaçəkmə müəssisəsinin ətrafında yaşayış olduğuna görə nisbətən qəbul etmək olar. Gedib-gəlmək də normaldır. Amma 13 saylı da ümumiyyətlə, avtomobil də yoxdur”.

Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimlinin həbs müddəti isə növbəti dəfə iki ay uzadılıb. Bu barədə musavat.com-a başqan müavininin Hüquqlarını Müdafiə Komitəsinin sədri Əbülfəz Sadıqbəyli məlumat verib: “Dekabrın 20-də Fərəc Kərimlinin Nərimanov Rayon Məhkəməsində istintaq müddətinin uzadılması ilə bağlı prosesi oldu. Hakim heç bir əsas olmadan həbs müddətinin daha iki ay uzadılması ilə bağlı qərar çıxardı. Bütün bunlar tam ədalətsiz qərarlardır. Bu istiqamətdə əlimizdən gələn işləri görəcəyik”.

Müsavat başqanının həbsdəki digər müavini Tofiq Yaqublu ilə qızı Nigar Yaqublu dekabrın 21-də görüşüb. Görüş barədə Nigar Yaqublu bunları dedi: “Atamın əhvalı yaxşıdır. Əfvə ümidləri yoxdur”.

Bu arada isə məlum olub ki, həbsdə olan NİDA-çı gənc İlkin Rüstəmzadə 2-ci dəfə karserə (cərimə təcridxanası) salınıb. Bu barədə NİDA Vətəndaş Hərəkatının bəyanatında deyilir: “18 dekabrda İlkin Rüstəmzadənin atası Kürdəxanı təcridxanasına oğluna sovqat aparan zaman bilib ki, İlkin karserə salınıb. O, son bir ayda ikinci dəfədir karsa salınır. Karserə salınma ilə bağlı İlkinin atasına əsaslı heç bir səbəb deyilməyib. İlkin Rüstəmzadənin birinci dəfə cəza kamerasına salınması onun İşçi Qrupla bağlı yazısına görə idi”.

NİDA-çılar hesab edir ki, İlkin Rüstəmzadənin bu dəfə karserə salınması son apelyasiya məhkəməsində etdiyi çıxışı və həbsxanada rəhbərliyin onunla davranışlarına etiraz etdiyinə, problemləri ictimailəşdirdiyinə görədir (musavat.com).