|
Azərbaycan yeməkləri Bolqarıstanda keçirilən kulinariya festivalında təqdim olunub

Sofiya şəhərində Bolqarıstanın Turizm Nazirliyi, “Globe Trade Centre” şirkəti, Beynəlxalq Qadın Klubu, Bolqarıstanın Kulinariya Akademiyasının təşkilatçılığı, Sofiya və digər şəhərlərin merlərinin dəstəyi və 17 ölkənin iştirakı ilə milli mətbəx nümunələrinin təqdim edilməsi ilə bağlı “Bolqarıstan dünyanın zövqünü alqışlayır” adlı tədbir keçirilib. Sofiyanın aparıcı ticarət mərkəzində baş tutan bu festivalda Azərbaycanın Bolqarıstandakı səfirliyi iştirak edərək ölkəmizin milli təamlarını nümayiş etdirib. Ölkəmizin stendində qonaqlara plov, dolma, dovğa, Azərbaycanın içki və şirniyyatları təqdim edilib. Bununla yanaşı, Azərbaycan stendi çərçivəsində “Gəncə Avropa Gənclər Paytaxtı”, “Formula-1” Avropa Qran-pri yarışı, Naxçıvanın “Duzdağ” otel və müalicə mərkəzinə dair guşə və posterlər təşkil olunub. Azərbaycan stendi bolluğuna və çeşidinə görə fərqlənib və çoxlu sayda ziyarətçi cəlb edib.

Festivalın açılış mərasimində çıxış edən Bolqarıstanın turizm naziri Nikolina Angelkova “Bolqarıstan dünyanın zövqünü alqışlayır” adlı festivala əcnəbilər də daxil olmaqla 100 mindən artıq insanın qatıldığını və bunun Bolqarıstanda turizmin inkişafı üçün böyük rol oynadığını söyləyib. Nazir, eyni zamanda, bu festivalın təşkilinin Bolqarıstanın yeni turizm istiqamətinə çevrilməsinə yönələn bir addım olduğunu bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu festivalın bir çox xalqların mədəniyyət və ənənələri ilə yaxından tanış olmağa geniş imkan yaratdığını bildirib. Səfir Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biri olduğunu diqqətə çatdıraraq, kulinariyamızın milli mədəniyyət, tarix, fəlsəfə və estetikanı özündə ahəngdar şəkildə birləşdirdiyini vurğulayıb. Diplomat ölkəmizin milli mətbəxinin qədim tarixi barədə danışaraq onun məşhur italyan səyyah Marko Polo və fransız yazıçısı Aleksandr Dümanı valeh etdiyini bildirib. Nərgiz Qurbanova, həmçinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin bu il ilk dəfə Avropa İttifaqına üzv olmayan ölkənin şəhəri kimi Avropa Gənclər Paytaxtı elan edilməsi barədə məlumat verərək, festival iştirakçılarını və qonaqları Gəncəyə dəvət edib. Bununla yanaşı, səfir iyun ayında Azərbaycanda təşkil olunacaq “Formula-1” Avropa Qran-prisinin keçiriləcəyini diqqətə çatdırıb. Diplomat qonaqları Azərbaycan stendinə yaxınlaşaraq milli təamları dadmağa və ölkəmiz haqqında məlumatlarla tanış olmağa dəvət edib.

Tədbir çərçivəsində səfir “milli təamın təqdimatı” proqramında iştirak edərək Azərbaycanın qədim milli təamı olan yarpaq dolmasının hazırlanması üsulunu tamaşaçılara təqdim edib. Təqdimat “facebook” media şəbəkəsində canlı yayımlanıb və böyük maraqla qarşılanıb.

Festival Bolqarıstanın 7 şəhərində keçirilib və bu şəhərlərdə Azərbaycan müvafiq stendlərlə təmsil olunub. Festivaldan əldə edilmiş gəlirlər təşkilatçılar tərəfindən Bolqarıstanda fəaliyyət göstərən xəstəxanalar və uşaq evlərinə yönəldiləcək.

Cia.az