|
İqtisad Universitetində imtahanlara İctimai Nəzarət Şurası nəzarət edəcək
Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC İctimai Nəzarət Şurası” yaradılıb. UNEC-də təşkil olunan 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına nəzarət istisnasız  bu quruma verilib. 
Universitetdən Musavat.com-a verilən məlumata görə, Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq nəticələri qiymətləndirəcək. İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökümət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər. Daxil olan müraciətlər mütəxəsislər tərəfindən şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apellyasiya Komissiyasının işinə nəzarəti də Şura həyata keçirəcək.  
İmtahan dövründə universitetin qaynar xətt xidmətinin (146-1-3) fəaliyyəti də şuraya həvalə ediləcək. 
Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparacaqlar. 
İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi olmadan yayılmayacaq.
 “UNEC İctimai Nəzarət Şurası”na “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə  Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Zaur Mahmudov, "Səs" informasiya agentliyinin icraçı direktoru Vəli Vəliyev, “Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" media qrupunun baş direktoru Elşad Eyvazlı və "525-ci qəzet" qəzetinin müxbiri Sevinc Qarayeva daxildir. 
Mayın 31-də üzvlərlə görüşən rektor, professor Ədalət Muradov bildirib ki, İctimai Nəzarət Şurasıın yaradılması UNEC-də keçirilən imtahan prosesində ictimai nəzarəti təmin etməyə xidmət edəcək. Ə.Muradov, monitorinqlər zamanı gördüklərini olduğu kimi ictimaiyyətə çatdırılmasını Şura üzvlərindən xahiş edib. İstəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır. Rektor qeyd edib ki, hədəfimiz UNEC-i dünya səviyyəli universitet sıralarında görməkdir.   
Görüşün sonunda İctimai Nəzarət Şurasının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə Şura üzvləri tərəfindən təkliflər verilib.  
Qeyd: UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yanvarın 21-də rəsmi qeydiyyata alınıb. 
Cia.az