|
“Hakimiyyət AB ilə tərəfdaşlıq sazişi imzalamaq istəyir”
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümü münasibətilə keçirilən bayram mərasimində çıxışı zamanı deyib ki, bütövlükdə Azərbaycan-Avropa Birliyi  əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Yaxın zamanlarda ciddi danışıqlar başlanacağına ümid edilir.
 
Bəs masa üzərində Avropa Birliyi ilə danışıqlarda nələr nəzərdə tutula bilər, prezidentin verdiyi açıqlama Avropa Birliyi ilə yaxınlaşmanın yeni mərhələyə daxil olacağının anonsu sayıla bilərmi?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Avropa Birliyi (AB) Şərq Tərəfdaşlığı Proqramında keçmiş 6 postsovet respublikası iştirak edirdi. İndi Şərq Tərəfdaşlığı Proqramında anormal bir vəziyyət yaranıb. Belə ki, bu proqrama daxil olan 6 ölkədən üçü-Gürcüstan, Ukrayna, Moldova artıq AB ilə assosiativ saziş imzalayıb və azad ticarət zonası haqqında razılıq əldə edib. Ermənistan və Belarus Avrasiya İqtisadi Birliyinə daxil olub. Azərbaycan isə heç bir addım atmayıb. Ermənistan və Belarus Avropa Birliyi ilə heç bir saziş imzalamaq niyyətində deyil, saziş imzalamadan əməkdaşlıq etmək istəyir. Azərbaycan isə Avropa Birliyi ilə ayrıca-ikitərəfli tərəfdaşlıq sazişi imzalamaq istəyir: “Bu sazişi imzalamaqda məqsəd odur ki, siyasi sahədə Azərbaycan öz üzərinə heç bir öhdəlik götürmür. Yəni demokratiya, insan haqları, ədalətli seçkilərin keçirilməsi istiqamətində heç bir öhdəlik götürülmür. İkitərəfli tərəfdaşlıq sazişi əsasən iqtisadi maraqları nəzərdə tutur. 
 
Diqqət etdinizsə, İlham Əliyev Azərbaycan hakimiyyəti ilə təzyiq dili ilə danışmağın qəbuledilməz olduğuna işarə edib. Heç bir başqa ölkənin daxili işinə qarışmadığını, heç kimə də bizim daxili işimizə qarışmasına imkan verilmədiyini deyib və bildirib ki, bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir, onu hədəfə alırlar. İlham Əliyevin verdiyi bəyanatın sətiraltı mənası odur ki, mənə siyasi sahədə təzyiq etməyin, bundan artıq güzəştə gedəsi deyiləm.
İndiki halda Azərbaycana həm Avropa Birliyi və ABŞ tərəfdən, həm də Rusiyadan təzyiq var. Azərbaycan hakimiyyəti hər zaman Rusiyanın adını çəkməkdən çəkinir. Ona görə də əsasən bu cür mesajlar Avropa Birliyi və ABŞ-la münasibətlər kontekstində verilir. Bu mesajda başlıca məqsəd ondan ibarətdir ki, əgər Avropa Birliyi Azərbaycanla tərəfdaşlıq etmək istəyirsə, biz ancaq iqtisadi, ticarət sahəsində tərəfdaşlığa hazırıq. Siyasi və demokratik islahatlar sahəsində güzəştə getmək fikrində deyil".  

Yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev də bildirdi ki, Azərbaycan Avropa Birliyi ilə ikitərəfli strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir. Ola bilsin ki, ölkə rəhbəri masa üzərində olan təkliflər deyərkən bunu nəzərdə tutub: “Son on ildə Avropa Birliyi Azərbaycanın neft sektoruna qoyulan bütün sərmayələrin 42%-nə, qeyri-neft sektorunun isə 35%-nə sahibdir. Yəni əsas sərmayəçi Avropa Birliyidir. Əgər Azərbaycanla Avropa Birliyi arasında daha yaxın münasibətlər qurulsa və ölkəmiz Şərq Tərəfdaşlığı çərçivəsində assosiasiya sazişinə imza atsaydı, o zaman bu pay daha da böyük ola bilər və dolayısı ilə manatın da möhkəmlənməsinə töhfə vermiş olardı. Azərbaycanın əsas tərəfdaşının Avropa Birliyi olduğu halda assosiasiya sazişini imzalamaqdan vaz keçməsinin tək səbəbi Rusiyadır. Azərbaycan Rusiyanı tapdalayıb keçmək istəmir. Bəs bunun müqabilində nə qazanırıq? Heç nə. Əgər Rusiya Dağlıq-Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycana yardımçı olmursa, biz niyə dövlətimizin iqtisadi maraqlarına zərbə vurmalıyıq?
 
Ölkədə ağır iqtisadi-sosial böhran davam edir. Əhali kifayət qədər kasıblaşıb. İşsizlik pik həddə çatıb. Belə bir vəziyyətdə Avropa Birliyi ilə daha yaxından əməkdaşlıq vacibdir. İlham Əliyev də münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyi ilə bağlı anons verib. Lakin Azərbaycanın siyasi elitasının assosiasiya sazişi imzalaması real görünmür. Yəqin ki, söhbət Azərbaycan tərəfinin Avropa Birliyinə təqdim etdiyi strateji tərəfdaşlıq sənədindən gedir. Amma əminəm ki, Avropa Birliyi bu sənədi müzakirə etmək istəmir. Əgər onlar Azərbaycanla ikitərəfli qaydada belə bir saziş imzalayarsa, o zaman bütünlükdə Şərq Tərəfdaşlığı təhlükə altına alına bilər. Bu presedentin yaranması Avropa Birliyinin marağında olmayan məsələdir”.
Qeyd edək ki, R.Nurullayev dünən Brüsseldə Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirak edib. 

musavat