|
Azərbaycan-NATO münasibətlərinin gedişatı hara aparır?
May ayı Cənubi Qafqaza NATO qoşunlarının daxil olması ilə də yadda qaldı. NATO-nun bir hərbi kontingenti, hərbi texnikası ilə birlikdə 15 gün ərzində qonşu ölkənin ərazisində hərbi təlimlər keçdi. Ekspertlər bu hadisənin təkcə Gürcüstan deyil, həmçinin digər Cənubi Qafqaz ölkələri üçün də əhəmiyyətli hadisə olduğunu bildirirlər. 
 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, hansı sahədə olursa-olsun, NATO ilə hərbi və siyasi baxımdan əlaqələrin inkişafı müsbət qiymətləndirilməlidir. May ayında  Gürcüstanda keçirilən NATO-nun hərbi təlimlərinin ən mühüm cəhəti ondan ibarət idi ki, bu təlimlərdə Gürcüstan tərəfindən iştirak edən bir bölük NATO Çevik Reaksiya Qüvvələrinin tərkib hissəsinə daxil edildi. 
 
Bu təlimlərin ən böyük hərbi strateji nəticəsi budur: “Yəni artıq bu təlimlərdə iştirak edən Gürcüstanın bir rotası NATO sertifikatı aldı. Artıq biz deyə bilərik ki, Gürcüstanda rəsmi olaraq NATO-nun məhdud hərbi kontingenti var. Bu, çox mühüm bir məsələdir. Ötən ilin avqustunda Gürcüstanda NATO ilə birgə Təlim və Qiymətləndirmə Mərkəzinin yaradılmasından sonra bu, ikinci çox ciddi addımdır. Artıq NATO Gürcüstanda öz hərbi iştirakını təmin edib. NATO-nun Gürcüstanda hərbi iştirakının təmin olunması o deməkdir ki, artıq bu gün Gürcüstanda Rusiya və NATO qüvvələri qarşı-qarşıya durublar. Bu, Gürcüstanın əlaqələrinin inkişafında, onun NATO-ya üzvlüyü istiqamətində çox ciddi bir addımdır. Heç kəsə sirr deyil ki, Gürcüstan NATO üzvlüyünə tam hazırdır. Sadəcə olaraq, Almaniya başda olmaqla, Avropanın bir sıra ölkələri Rusiya faktoruna görə buna qarşı çıxırlar. Gürcüstan NATO üzvlüyünə hazırlıqla bağlı özündən asılı olan hər şeyi edib”.

Azərbaycan-NATO münasibətlərinə gəldikdə isə S.Əkbər bildirdi ki, burada durum tam fərqlidir:“Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, onlar nəinki NATO-ya üzv olmağa, hətta Avropa Birliyi ilə assosiativ saziş imzalamağa belə niyyətləri yoxdur. Azərbaycanın NATO ilə əməkdaşlığı fərdi tərəfdaşlıq proqramı çərçivəsində qalıb. İllərdir Azərbaycan NATO ilə fərdi tərəfdaşlıq proqramı çərçivəsində tərəfdaşlıq edir. Bu, Gürcüstan-NATO münasibətləri ilə müqayisədə kifayət qədər aşağı səviyyədir. Ona görə Azərbaycanın NATO-ya inteqrasiya etməsi üçün çox böyük yol qət edilməlidir. Bunun üçün birinci növbədə Azərbaycan öz strateji seçimini etməlidir, daxildə demokratiyaya keçid etməli, xarici siyasət vektorunda Avroatlantik məkana real inteqrasiya xəttini seçməlidir. Bu addımlar atılmadan Azərbaycanın NATO-ya həqiqi inteqrasiyası başlamayacaq”.

Ekspertin fikrincə, ölkəmizin NATO ilə yaxınlaşması müdafiə və hərbi sahədə NATO standartlarına yaxınlaşması deməkdir: “NATO və Azərbaycan Silahlı Qüvvələrinin standartları yaxınlaşdıqca, gələcəkdə birgə təlimlərin, hərbi əməliyyatların keçirilməsi də mümkün olur. Eyni zamanda bu, Azərbaycanın müasir döyüş qabiliyyətinə, strategiya və taktikasına yiyələnməsinə gətirib çıxaracaq. Ölkəmizin hərbi büdcəsinin planlaşdırılmasından tutmuş, strateji planlaşdırılmasına qədər zabitlərimizin müasir hərbi elmi öyrənməsi ilə nəticələnəcək. Bu mənada istənilən sahədə NATO-Azərbaycan əlaqələrinin inkişafı müsbət qiymətləndirilməlidir”.
 
S.Əkbərin sözlərinə görə, Qarabağ problemi kimi ciddi problemi olan və hər an müharibə ilə üz-üzə dayanan bir ölkənin heç bir hərbi ittifaqda yer almaması, əksinə, Qoşulmama Hərəkatında olması ziyanlıdır. Bu durum gələcəkdə ölkə üçün arzuolunmaz vəziyyət yarada bilər: “Təcavüzə məruz qalan, ərazisinin bir hissəsi işğal olunan Azərbaycanın bu gün Qoşulmama Hərəkatında olması, heç bir hərbi ittifaqda təmsil olunmaması zərərlidir. Qarabağ məsələsində bu vəziyyət bizim ziyanımıza işləyən bilən durumdur. Azərbaycanın Qoşulmayanlar Hərəkatında qalması və heç bir hərbi ittifaqda olmaması ölkəniın Milli Təhlükəsizlik Konsepsiyasına da uyğun deyil. Azərbaycan demokratik respublika olduğunu elan edib və 2007-ci ildə qəbul elədiyi öz Milli Təhlükəsizlik Konsepsiyasında Avroatlantik məkana inteqrasiyanı başlıca strateji hədəfi seçib. Amma bu günə kimi Azərbaycan heç bir hərbi ittifaqda təmsil olunmur. Azərbaycan nə Gürcüstan kimi NATO-ya xeyli dərəcədə yaxınlaşmış durumda deyil, nə hər hansı KTMT-yə üzvdür, nə də iki və ya çoxtərəfli başqa hərbi ittifaq müqavilələri yoxdur. Təbii, müttəfiqimiz olan qardaş Türkiyə ilə belə, hərbi ittifaq müqaviləmiz yoxdur. Bu, Azərbaycanın milli maraqlarına uyğun gəlməyən bir vəziyyətdir”. 

S.Əkbər bildirdi ki, bunu guya Rusiya faktoru ilə izah edirlər, lakin Gürcüstan nümunəsinə nəzər salınanda bu izahatın əsaslı olmadığı ortaya çıxır: “Deyirlər ki, Azərbaycan hansısa hərbi ittifaqa qoşulsa, Rusiya tərəfindən təzyiqlərə məruz qala bilər. Mən isə Gürcüstanla Azərbaycanı müqayisə eləməyi təklif edirəm. Gürcüstanın əraziləri olan Abxaziya və Cənubi Osetiya işğal olundu, Rusiya qoşunları ancaq Abxaziyanın və Cənubi Osetiyanın inzibati sərhədlərində dayanıb. Oradan irəli getməyib. Amma Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon işğal olunub. Bütün dünya ölkələri Rusiyaya görə Gürcüstanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını birmənalı dəstəkləyir. Gürcüstan NATO üzvü olmaq istiqamətində bütün addımları ata bilib. Sabah Rusiya zəifləyən kimi Gürcüstan asanlıqla öz ərazi bütövlüyünü təmin edəcək. Dünya birliyi isə Gürcüstanın addımını birmənalı dəstəkləyəcək. Azərbaycanın hətta bu gün Rusiya geri çəkilsə belə, ərazilərinin bərpası istiqamətində atacağı hərbi addımlara dünya birliyi tərəfindən birmənalı dəstək olacağına tam əminlik yoxdur. Çünki Azərbaycan NATO kimi hərbi ittifaqlarla Gürcüstan qədər sıx əməkdaşlıq qurmayıb. Azərbaycan buna nail olsa, Qarabağ məsələsində mövqelərini daha da gücləndirər və dünyadan birmənalı dəstək əldə edər”.    
 
Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub. Hakimiyyətə yaxın şəxslər isə bəyan edirdilər ki, bu, Azərbaycanın NATO ilə, Türkiyə ilə hərbi sahədə tərəfdaşlıqdan imtina edəcəyi demək deyil, Qoşulmama Hərəkatına üzv olması Azərbaycanın hər hansı beynəlxalq təşkilatla münasibətləri genişləndirməyinə mane olmayacaq. Məsələn, istənilən vaxt Azərbaycan Qoşulmama Hərəkatından çıxaraq, NATO-ya üzv olmaq istiqamətində addımlar ata bilər. 
Cia.az