|
“Putinlə görüşdə Sərkisyan təlimatlar alacaq”
Mayın 31-də Qazaxıstanın paytaxtı Astanada Avrasiya İqtisadi Birliyinin yüksək şurasının toplantısı keçiriləcək. Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, toplantıda birliyə üzv olan ölkələrin prezidentləri (Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan) iştirak edəcək.
 
Məlumatda deyilir ki, qurumun yığıncağında birliyə daxil olan ölkələr arasında inteqrasiyanın dərinləşdirilməsi, o cümlədən ümumi neft, qaz və neft məhsulları bazarının formalaşdırılması müzakirə olunacaq. Toplantı çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır. Kremlin mətbuat xidmətindən bildirilib ki, Astanada prezident Vladimir Putinin qazax həmkarı Nursultan Nazarbayevlə ikitərəfli görüşü də nəzərdə tutulub. Erməni qaynaqları isə Putinin Astanada Serj Sərkisyanla ikitərəfli görüşünün gözlənildiyi haqda xəbəri tirajlayıb. Ehtimal olunur ki, bu görüşdə əsas diqqət Qarabağ münaqişəsi ətrafındakı indiki vəziyyətə ayrılacaq. Yeri gəlmişkən, aprel ayında Qarabağda baş verən hərbi toqquşmalardan sonra Astanının Ermənistanla bağlı bir sıra qərarları işğalçı ölkədə rezonans doğurmuşdu və erməni hakimiyyətini qəzəbləndirmişdi. 
 
Bu mənada Sərkisyanın Qazaxıstanda özünü necə aparacağı da maraq doğurur. Ancaq bizi daha çox maraqlandıran işğalçı ölkə prezidentinin Rusiya lideri ilə ikitərəfli təmasında nələr danışacağı və ümumiyyətlə, onun üzünə necə baxacağıdır. Məsələ burasındadır ki, apreldəki toqquşmaların ardınca Almaniyaya səfər edən S.Sərkisyan kansler Merkellə görüşündə Rusiyadan ona şikayət etmişdi. Demişdi ki, onun müttəfiqi olmasına baxmayaraq, Rusiya Azərbaycanı silahlandırır, Ermənistan isə ötən əsrin 80-ci illərinin silahlarına möhtac qalıb.
 
Sonrakı günlərdə İrəvanda Rusiya səfirliyi yumurta atəşinə tutuldu, Rusiyanın bayrağına isə od vuruldu. Bütün bunlardan sonra Sərkisyanın Putinlə hansı üzlə “strateji müttəfiqlik”dən danışacağı doğrudan da maraqlı məsələdir. Ancaq erməni prezidentin gözlənilən iyun görüşü - Rusiyanın vasitəçiliyi ilə baş tutması ehtimal edilən İlham Əliyev-Serj Sərkisyan görüşü ərəfəsində öz “ağa”sının hüzurunda dayanması da təsadüf ola bilməz. Ekspertlər Sərkisyanın Putindən təlimat alacağını güman edir. Bundan əvvəl iyun görüşünün baş tutmasının sual altında olduğu da iddia olunur və bu barədə daha çox erməni mənbələr canfəşanlıqla məlumat yayır. Bu mənada sözsüz ki, son qərar Putinin olacaq və ondan sonra İrəvan qərarını konkretləşdirəcək. 
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Astana görüşü ilə bağlı məhz ermənilərin yaydığı məlumat diqqət çəkir. Ekspert mövcud situasiyada iyun görüşünün baş tutmasının sual altında olduğunu da vurğuladı. Bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşkilatçılğı ilə baş tutan Vyana görüşündə ciddi nəticə əldə olunmayıb: “Həmin görüşdə əsasən bununla bağlı prinsipial razılaşmaya gəlindi ki, sonrakı danışıqlarda mühüm irəliləyişə nail olmaqdan ötrü atəşkəsi qorumaq mütləqdir. Ancaq Vyana görüşünün ardınca Ermənistanın müdafiə naziri Ohanyan dəfələrlə Dağlıq Qarabağa gəlib və hətta onun rəhbərliyi ilə işğalçı ordu Ağdamda hərbi təlimlər keçirib. Ohanyanın bu addımları Ermənistan ordu hissələrinin Dağlıq Qarabağ ərazisində yerləşdirildiyini təsdiqlədi”.
 
A.Nağıyev belə bir situasiyada ATƏT-in Minsk Qrupunun heç olmasa bir bəyanatla da çıxış etməməsinə diqqət çəkdi: “Üstəlik, aprel ayında atəşkəsə nail olan Rusiyanın öz movqeyini ortaya qoymaması da faktdır. Zahirən belə görünür ki, Moskvanın atdığı addımlar öz bəhrəsini vermir.
 
Sanki Rusiya status-kvonun saxlanması üçün atəşkəsin pozulmasını istəyir. Çünki Moskva Sərkisyanın alternativini görmür və onun hakimiyyətdə saxlanmasında maraqlıdır. 
Putin-Sərkisyan görüşündə hansı qərarın veriləcəyini iyun görüşünə münasibətdə hiss edəcəyik. Yaxud iyun görüşü baş tutarsa, onun gedişində və ya yekununda da bu təsir özünü göstərəcək. Şübhə yoxdur ki, Putinlə görüşdə Sərkisyan təlimatlar alacaq".
 
Bu arada Ermənistandan növbəti aqressiya dolu məlumatlar gəlməkdədir. Düşmən ölkə nəinki Dağlıq Qarabağ ətrafındakı 7 rayonla bağlı güzəştə hazır görünmür, hətta apreldə itirdikləri strateji yüksəklikləri geri qaytarmaqla bağlı sərsəm bəyanatlar verməkdədirlər. Özü də bu bəyanatların Putin-Sərkisyan görüşü ərəfəsində ortaya çıxması da təsadüfi deyil. Düşmən ölkə bununla Sərkisyanın “çətin seçim” qarşısında qaldığını Putinin də diqqətinə çatdırmaq, bu yolla danışıqların davamı naminə Kremlin və ümumən həmsədrlərin Azərbaycana təzyiqinə nail olmaq iddiasındadır.     
 
Ermənistanın hakim Respublika Partiyasından deputat Lernik Aleksanyan bəyan edib ki, aprelin əvvəllərində Qarabağda gedən hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən 800 hektar ərazi“münasib vaxtda hərbi və ya diplomatik yolla” qaytarılacaq. (virtualaz.org) Onun sözlərinə görə, yaddan çıxarmaq lazım deyil ki, iyunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilməlidir. 
 
“Bu görüş çox şeyi həll etməlidir. Ermənistan təmas xəttində əvvəlki mövqelərə qayıtmaqda israr edir, yəni bu il sentyabrın 1-nə qədər. Bura həmin 800 hektar ərazi də daxildir. Ona görə də tələsmək lazım deyil” - deputat bildirib. Aleksanyan Ermənistan tərəfinin təmas xəttində sentyabrın 1-nə qədər tərəflərin əvvəlki mövqelərinə qayıtması şərtinin hansı şəraitdə irəli sürüldüyünü dəqiqləşdirməyib. Əlavə edib ki, itirilmiş ərazilər “istənilən münasib vaxtda” geri qaytarılacaq. Bundan əvvəl dəfələrlə yazmışdıq ki, düşmən ordusu məqam düşən kimi Azərbaycana zərbə endirib azad olunmuş ərazilərimizi yenidən işğal etmək, bununla da Sərkisyan hakimiyyətinin qarşıdakı dövrdə “rahat nəfəs almasına” nail olmaq istəyir. Bu mənada Ermənistanın hakim partiyası bəlkə də hərbi sirri açıb və bu da Azərbaycan ordusunu daha ayıq-sayıq olmağa vadar edən məqamdır. 
Cia.az