|
Dəri hüceyrələrini yeniləyən kokteyl RESEPTLƏRİ

Smuzi qida dəyəri yüksək, sağlamlığa faydalı içkiyə deyilir. O, müxtəlif bitkilərdən, meyvə-tərəvəzlərdən hazırlanan qatı kokteyldir.

Smuzi yüksək lif, minerallar və vitaminlər ehtiva edir, xüsusilə də həzm sistemi üçün çox faydalıdır. İsti havalarda smuziyə buz əlavə edərək sərinləşdirici kimi də içilir. Çox yüngül və doydurucu olan smuzi tərkibindəki zəngin antioksidantlar sayəsində dəri hüceyrələrini yeniləyir.

Sizə bir neçə smuzi reseptini təqdim edirik:

Çuğundurlu və giləmeyvəli smuzi (qatı kokteyl)

1 porsiyası:  297 kalori, 5 qram yağ, 57 qram karbohidrat, 6 qram lif, 41 qram şəkər, 8 qram zülal ehtiva edir.

Ərzaq:

- 2 yemək qaşığı qatıq

- 1/2 stəkan təzə sıxılmış portağal suyu

- 1 kasa dondurulmuş və ya təzə giləmeyvə

- 2 yemək qaşığı yulaf əzməsi

- 1/2 çuğundur (50 qram)

- 1 çay qaşığı bal

- 2-3 buz qəlibi

Hazırlanması:

Çuğunduru çiy, ya da yarıbişmiş halda istifadə etmək olar. Bütün ərzaqları blenderdən keçirin. Bu içkini çox saxlamaq olmaz. Ümumiyyətlə, smuzi hazırlanan kimi içilməlidir.

Kivili və moruqlu smuzi

1 porsiyası: 198 kalori, 2 qram yağ, 43 qram karbohidrat, 5,8 qram lif, 32 qram şəkər, 4,4 qram zülal ehtiva edir.

Ərzaq: (3 porsiya)

- 2 ədəd kivi

- 1 stəkan təzə və ya dondurulmuş moruq

- 1 stəkan təzə sıxılmış portağal suyu

- 1 stəkan soya südü

- 2 çay qaşığı çia toxumu

Hazırlanması:

Kivinin qabığını soyub, 4 yerə bölüb bütün ərzaqlarla birlikdə  blenderdən keçirin. Moruq dənələri ilə bəzəyib təzə halda için.

Qırmızı bibər, yerkökü və pomidor kokteyli

1 porsiyası: 59 kalori, 0,6 qram yağ, 11 qram karbohidrat, 3,3 qram lif, 7,3 qram şəkər, 1,8 qram zülal ehtiva edir.

Ərzaq:  (1 porsiya)

- 1 ədəd orta boy yerkökü

- 1/3 qırmızı bibər

- 1 ədəd pomidor

- 1/2 limonun suyu

Hazırlanması:

Limon istisna olmaqla bütün ərzaqları doğrayıb blenderdən keçirin. Limonu sıxıb üzərinə tökün. Əgər acı bibər sevirsinzisə, üzərinə  acı qırmızı bibər, ya da acı sous əlavə edə bilərsiniz.

Ədviyyatlı yaşıl smuzi

1 porsiyası: 148 kalori, 0,7 qram yağ, 35 qram karbohidrat, 8 qram lif, 22 qram şəkər, 4 qram zülal ehtiva edir.

Ərzaq:  (2 porsiya)

- 1 ədəd yaşıl alma

- 1 ədəd portağal

- 1/2 xiyar

- 1 kiçik limon

- 1 fındıq dənəsi qədər zəncəfil

- 1 ovuc təzə yaşıl noxud

- 1 stəkan su

Hazırlanması:

Almanı iki yerə bölüb tumunu çıxarın. Zəncəfil, portağal və limonun qabığını soyun. Blenderə əvvəlcə suyu tökün. Daha sonra üzərinə digər ərzağı əlavə edin və blenderdən keçirin. Qatı hala gələndə stəkanlara boşaldıb için.(publika)

Cia.az