Ekspertlər bildirirlər ki, dünya bazarlarında müşahidə olunan qiymət artımı Azərbaycan iqtisadiyyatı üçün mühüm faktordur...
Dünya bazarında neftin qiyməti artmaqda davam edir. Son bir ayda qiymətlər yüksələn xətlə inkişaf edir. Ekspertlərin artımın hansı müddəti əhatə edəcəyi barədə fikirləri isə çox fərqlidir.
Fins.az dünya bazarında neftin qiymətinin 1 ay ərzində necə dəyişdiyini araşdırıb. Qrafikə nəzər salsaq görərik ki, may ayı ərzində Brent markalı neftin qiyməti may ayının 9-dan etibarən artan xətlə inkişaf edib. Mayın 25-də neftin qiyməti ay ərzində ən maksimal həddə çataraq 1 barel neft- 49,74 dollar təşkil edib. Ən aşağı göstərici isə, 9 mayda qeydə alınıb- 43,63 dollar olub. Texas (WTI crude) neftində də artım may ayının 13-dən başlayaraq davam edib. Ayın 25-də neftin 1 barelinin qiyməti ən yüksək həddə- 49,56 dollara çatıb. Son iki gündür ki, hər iki markalı neftin qiymətində azalma müşahidə olunur. Dünya bazarında neftin qiyməti Azəri Light neftinə də birbaşa təsir göstərir. Mayın 27-də Azərbaycan neftinin bir barelinin qiyməti 51,31 dollara bərabər olub.
Ekspert Fikrət Yusifov musavat.com-a bildirib ki, dünya bazarlarında müşahidə olunan neftin qiymət artımı Azərbaycan iqtisadiyyatı üçün mühüm faktordur: “Bu gün büdcədə bir barel üçün neftin qiyməti 25 dollar həddində nəzərdə tutulub. Neftin qiymətinin qalxması büdcə vəsaiti hesabına gələcək valyutanın artmasına gətirib çıxaracaq. Ölkənin valyuta rezervləri, Neft Fondunun valyuta ehtiyatların artacaq. Neft Fondunun valyuta rezervlərinin indiki səviyyədən artıq olması, artması maliyyə vəziyyətimizin daha da sabit olmasının bir göstəricisi olacaq. Beynəlxalq kredit təşkilatları Azərbaycanın maliyyə durumuna qiymət verərkən bu göstəricilərə çox ciddi önəm verirlər. Bu qiymət isə Azərbaycana kapital axınının gəlməsinə, xarici kapital axınında əsas şərtlərdən biridir. Bu baxımdan, qiymətlərin artması valyuta rezerlərini kifayət qədər artıra bilər. Bu da beynəlxalq maliyyə müstəvisində reytinqimizin, kredit reytinqimizin yüksəlməsinə səbəb ola bilər. Nəticə etibarı ilə biz daha çox investisiyaların cəlb edilməsinə nail ola bilərik. Bu da ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına təkan verə bilər”.
Qeyd edək ki, yaxın gələcəkdə neftin qiyməti ilə bağlı proqnozlar bir-birindən çox fərqlənir. Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov neftin 1 barelinin qiymətinin orta perspektivdə 50 dollardan aşağı səviyyədə qalacağını vurğulayıb.
O, “The Business Year” jurnalına müsahibəsində bildirib ki, mövcud vəziyyətdə neftin qiyməti ilə bağlı dəqiq proqnoz vermək olduqca qəlizdir: “Buna baxmayaraq, son tendensiyalar, o cümlədən İran neftinin bazara qayıtması bizi vadar edir ki, neftin 1 barrelinin dəyərinin orta perspektivdə 50 dollardan aşağı olacağına inanaq”.
Energetika naziri Natiq Əliyev isə bildirib ki, dünya bazarında neftin qiyməti bu il ərzində 60 dollar/barel həddini keçməyəcək: “Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq. Amma bu il neftin qiyməti 60 dollar/bareli keçməyəcək. Çünki 60 dollar/bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək”.
Nazir əlavə edib ki, bu il neftin qiymətinin kəskin surətdə artımı gözlənilmir. N.Əliyev 2017-ci ildə neftin qiymətinin daha 5-10 dollar bahalaşa biləcəyini hesab edir.
ABŞ-da neft qiymətlərinin OPEC üzvlərinin hasilatında artım və şist nefti istehsalının yaxşılaşmasına bağlı olaraq 2020-ci ilə qədər 50-60 dollar/barel intervalında qalmasını gözlədiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Goldman Sachs” şirkəti açıqlama yayaraq bildirib ki, şist nefti istehsalı qiymətlərin yüksəlməsini əngəlləyəcək: “Buna görə neftin qiymətinin 2020-ci ilə qədər 50-60 dollar/barel aralığında qalacağını düşünürük”.
Ekspert Qubad İbadoğlu isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, neftin qiyməti 2016-cı ildə kəskin bahalaşmayacaq, çünki bunun üçün səbəblər yoxdur: “Qiymətlər təbii ki, indiki səviyyədə qərarlaşacaq. Bu ətrafda qiymətdə müəyyən dəyişikliyi müşahidə etmək mümkündür, dəyişiklik qiymət azalması istiqamətində ola bilər. Proqnozlar var ki, neftin qiyməti yüz dollar, yaxud hətta iki yüz dollar ola bilər, bu fikirləri bölüşmürəm. Əsas da yoxdur. Neftin qiymətinin bahalaşması üçün siyasi əsaslar yarana bilər. Bir anda da baş verə bilər. Həm regiondakı vəziyyətin gərginləşməsi şərtləri dəyişə bilər. Amma istənilən halda digər şərtlər dəyişmir, indiki şərtlər daxilində neft 50-60 dollar ətrafında, o da ən yaxşı halda dəyişə bilər”.
“The Daily Telegraph” qəzeti isə neftin yenidən ucuzlaşma təhlükəsindən yazıb. Bildirilib ki, ucuzlaşmaq təhlükəsi neftin başından hələlik nəinki sovuşmayıb, o hətta bir bareli 25 dollar həddinədək düşə bilər. Səbəb hazırda Səudiyyə Ərəbistanının düşdüyü vəziyyətdir. Məqalədə deyilir ki, kapitalın ölkədən axmaqda davam etməsi ölkədə pul tükənməsinə doğru davam edir. “The Telegraph” yazır ki, bununla əlaqədar Səudiyyə bankları misilsiz təzyiq altındadır. Üç aylıq təklif olunan banklararası faiz qəflətən kəlləçarxa çatıb. Bu vəziyyəti yalnız 2008-ci ildə baş vermiş Lehman böhranı ilə müqayisə etmək olar. Səudiyyə hökumətinin podratçıların pulunu alıcılıq qabiliyyəti olan borc öhdəlikləri kağızları ilə ödəməyə məcbur olması vəziyyətin nə dərəcədə kəskinləşdiyini göstərir. Ölkənin ən iri şirkətlərindən biri olan Bin Laden qrupu 50 min işçisini ixtisar edib. “The Telegraph” yazır ki, neft qiymətləri fevralın ortalarından 80 faiz qalxaraq bir barel üçün 50 dollara çatsa da, bu, Səudiyyənin düşdüyü maliyyə sıxıntısını azaltmayıb.
Ekspertlər bildirirlər ki, neft qiymətlərinin artımı hələ də kövrəkdir və ABŞ Federal Ehtiyatlarının sərt ritorikası dolları qiymətini yüksəltməkdə davam edir. Başqa sözlərlə dolların bahalaşması da neftin ucuzlaşması deməkdir. Total şirkətinin rəhbəri Patrick Pouyanne ötən həftə Fransa senatına deyib ki, neft qiymətləri qalxdığı sürətlə də düşə bilər və məntiqlə neft bazarı bu ilin sonunadək sabitləşməyəcək. “The Telegraph” yazır ki, əlbəttə, neft qiymətlərinin haçansa qalxacağı gözləniləndir, amma səudların həmin vaxtadək “öz su buraxan gəmilərində maliyyə fırtınasından” salamat çıxacağı sual altındadır.
cia.az
