Nizami Kino Mərkəzində Azərbaycanın tanınmış dedektiv yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılan “Xeyirlə şərin rəqsi” filminin təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmə Yavər Rzayev ekran həyatı verib. Ekran işində Dronqo obrazını əməkdar artist İlqar Muradov canlandırıb. Filmdə eyni zamanda xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Qurban İsmayılov, aktyor Rasim Cəfərov və başqaları rol alıb.
Film nümayişindən öncə ekran işinin yaradıcı heyəti səhnəyə çıxaraq təssüratlarını bölüşüblər.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, yeni qanun layihəsi ilə Milli Məclisə müraciət ediblər: “Növbəti layihəmizi sizə təqdim edirik. Bilirsiniz ki, Azərbaycan dilində bir çox janrlarda filmlər çəkilir. Bu təşəbbüs öz bəhrəsini verir. Hazırda yerli filmlər xarici ölkələrədə satılır, bu da sevindirici haldır. Biz kino haqqında yeni qanun layihəsini Milli Məclisə təqdim etmişik, birinci oxunuş olub. İnanırıq ki, bu qanun kinematoqrafiyanın inkişafına böyük təkan verəcək”.
Daha sonra “Xeyirlə şərin rəqsi” filminin yaradıcı heyəti səhnəyə çıxıb. Filmin quruluşçu rejissoru Yavər Rzayev çəkiliş heyəti ilə qonaqları tanış edib və sözü yazıçı Çingiz Abdullayevə verib.
Yazıçı bildirib ki, “Xeyirlə şərin rəqsi” onun onuncu filmidir: “Çox sağ olun ki, gəlmisiniz. Yazıçı təvazökar olmaz. “Təvazökar olmalıdır” deyənlər axmaq insanlardır. Yazışı gündəlik yazmır, kitab yazır ki, onu oxusunlar. Yazıçı təvazökar ola bilməz. Mən bu tədbirə heç kimi dəvət etməmişəm, dostlarım özü gəlib. Bu mənim 10-cu kinomdur, maraqlı alındı. Mənim əsas qəhrəmanım Dronqodur. O obrazı İlqar Muradova həvalə etdik, çünki mənə oxşayır, saçının yarısı yoxdur. Qızımın 13-14 yaşı olanda məndən soruşdu ki, baş qəhrəman Dronqonu kimə baxıb yazırsan. Cavab verdim ki, düşün, mənim boydadır, mənim kimi zarafatlar edir, mənim kimi danışır. Başa düşmədin? Dedi ki, ata başa düşdüm, amma sən onun kimi ağıllı deyilsən. Bu sözlərdən sonra anladım ki, bu obraz məndən ağıllıdır. Etiraf edək ki, Amerikanın dedektiv filmlərinə çatmağımıza çox var. Yavər müəllim bir düşüncə kinosunu çəkib. Təbii, istəyirəm ki, tamaşaçılar bu filmi sevsin”
Ç. Abdullayevdən sonra söz İlqar Muradova verilib. İfaçı bildirib ki, ekran işində rol aldığı üçün məmnundur: “Çingiz müəllim kimi yazıçının əsərində oynamaq böyük şərəfdir. Başda Yavər müəllim olmaqla bütün yaradıcı kollektivə minnətdaram. Onların dəstəyi ilə filmə çəkilmişəm. Peşəkar aktyor deyiləm, peşəkarlardan üzr istəyirəm”.
Sənətçi filmin qəhrəmanının əsas atributunu – çəliyi yazıçıya bağışlayıb.
“Bu əsanı qablaşdırıb Çingiz müəllimə təqdim etmək istəyirdik. Sonra qərara gəldik ki, çəliyə əl vurmadan Çingiz bəyə bağışlayaq. Çəliyin başına çəkiliş zamanı çox əngəllər gəlib. Yaradıcı qrup adından çəliyi təqdim edirik”,- baş rol ifaçısı qeyd edib.
Əsanı alan yazıçı bilidirib ki, bahalı əşyadır, qiymətində dörd rəqəm var.
Çıxışlardan sonra tamaşaçılar tərəfindən yaradıcı kollektivə gül dəstələri verilib və nümayiş başlayıb.
Cia.az
