Bakının hansısa “Qərbə açılım” proqramına gerçəkdən gərək var və bu, zamanın diktəsinə çevrilib. Ekspertlər bunun ciddi bir zərurət olduğunu bildirirlər.
Həmçinin, qeyd edilir ki, Azərbaycanda insan haqlarının durumunun yaxşılaşması yönündə son vaxtlar iqtidarın atdığı və Avropa və ABŞ-ın dərhal təqdir elədiyi addımlar, o sırada siyasi məhbus kimi tanınan insanların azadlığa buraxılmaqda davam eləməsi (Leyla və Arif Yunuslar, NİDA-çılar, Tofiq Yaqublu, jurnalist Xədicə İsmayıl yəqin ki, sonuncu olmayacaq) ölkədə nəhayət demokratik açılım gediləcəyi ümidlərini yaradıb.
Belə təəssürat yaranır ki, rəsmi Bakı hər halda yeni situasiyanın fərqindədir və Qərblə körpüləri gücləndirməyə meyllidir. Bunun üçün isə ilk növbədə ölkə daxilində demokratik açılım zəruridir. Ekspertlər hesab edir ki, son iki ayda siyasi məhbusların azadlığa buraxılması prosesinin intensiv getməsi bu istiqamətdə müsbət tendensiya sayıla bilər.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Azərbaycan hakimiyyəti ölkənin ən vacib həllini gözləyən problemlərinin həlli üçün demokratik açılıma getməlidir. Demokratik açılım təkcə siyasi məhbusları azad etməkdən ibarət olmamalıdır: “Azərbaycan dövləti kiçik bir dövlətdir və müstəqilliyini bərpa etməsindən elə də çox zaman keçməyib. Onu da nəzərə alsaq ki, çox problemli bir dövlətçilik tariximiz var, ərazisinin bir hissəsi hazırda işğal altındadır, belə bir dövlətdə ümumiyyətlə milli birliyə, demokratik açılıma çox ciddi ehtiyac var. Müharibə vəziyyətində olan hansı dövlət olur-olsun burada ən başlıca məsələlərdən biri milli birliyin yaradılmasıdır. Milli birliyin yaranması üçün də demokratik açılım olmalıdır. Çox təəssüf ki, Azərbaycanda iqtidardakı qüvvələr bunu nəzərə almır. Milli birliyin əldə olunması üçün siyasi birlik lazımdır. Siyasi birlik də ölkədə azad və ədalətli seçkilərin keçirilməsindən, siyasi mövqeyinə görə insanların həbs edilməməsindən, demokratik islahatların aparılmasından keçir. Yəni hansı məsələni təhlil edirsən gəlib Azərbaycanda demokratikləşmə məsələsinə, bütün sahələrdə demokratik açılıma gedilməsinə çıxır. Neçə ki, bu olmayıb ki, Azərbaycanda siyasi və ümummilli problemlərin köklü həlli mümkün olmayacaq”.
Müstəqil siyasi ekspert Natiq Miri isə bildirdi ki, siyasi məhbus sayılan şəxslərin son aylarda azadlığa buraxılmasının müşahidə olunması təqdirəlayiq bir haldır. Bunun demokratik açılıma gətirib çıxarması üçün proses davamlı və digər sahələri də əhatə eləməlidir: “Bu məsələ sistemli və fundamental demokratik qaydaların tətbiqi ilə həyata keçirilərsə ölkə üçün çox böyük əhəmiyyət kəsb edən demokratik proseslərdən danışmaq olar. İstər məhbusların azad olunması, istər digər sahələrdə islahatlar yarımçıq xarakter daşımasa, davamlı olsa cəmiyyətə təsiri az olacaq. Demokratik açılım hakimiyyətdəki bütün qüvvələr tərəfindən qəbul olunmadıqca proses uğurlu getməyəcək. Demokratik açılıma hakimiyyətin daxilindəki bəzi qüvvələr dirəniş göstərir.
Demokratik açılım bütün mənalarda Azərbaycanın əlini gücləndirər. Çünki siyasi anlamda demokratik açılım iqtisadi yöndə də liberallaşmaya, ölkə iqtisadiyyatının güclənməsinə gətirib çıxaracaq. Demokratik açılım cəmiyyətin konsolidasiyasına təkan verər, Qarabağ məsələsində danışıqlarda mövqelərimizi bir qədər də gücləndirər. Demokratik açılım Azərbaycanda demokratik cəmiyyətin qurulmasına gətirib çıxarar. Bu, həm Qərb dünyası üçün, həm də Dağlıq Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşları üçün Azərbaycanı cəlbedici edər".
