Milli Şuranın sədri Cəmil Həsənli və Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP lideri Əli Kərimli mayın 26-da Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşüb. Görüş Avropa Birliyinin Bakıdakı nümayəndəliyində keçirilib. Bu barədə AXCP sədri özünün facebook səhifəsində məlumat yayıb
“Milli Şuranın sədri professor Cəmil Həsənli ilə birlikdə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində, nümayəndəliyin başçısı xanım Malena Mardın təşkilatçılığı ilə Avropa Birliyinə üzv olan 20 dövlətin səfir və diplomatları ilə görüşümüz keçirildi. Görüşdə Azərbaycan-AB əlaqələri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, iqtisadi və siyasi islahatların perspektivləri və digər aktual məsələlər müzakirə edildi. Olduqca maraqlı və səmərəli görüş oldu”.
AXCP-yə yaxın media isə sözügedən görüşü “Avropa səfirlərindən real müxalifətə jest” şəklində təqdim edib. Bəs əslində necədir, bu cür görüşlər jestdirmi, diplomatik mesajları nədir, kimədir?
Politoloq Ərəstun Oruclu “Yeni Müsavat”a bildirdi ki, səfirlərin müxalifətlə görüşü protokol qaydasıdır və burada xüsusi, qeyri-adi nə isə axtarmaq lazım deyil: “Vaxtı ilə İctimai Palatanın rəhbərliyi ilə bir neçə dəfə bu cür görüşlər olmuşdu. Ötən il də bəzi müxalifət partiyalarının rəhbərləri ilə Avropa Birliyinə daxil olan ölkələrin səfirlərinin görüşü keçirilmişdi. Burada qeyri-adi nələrsə axtarmağa dəyməz. Hər kəs bunu özünün təbliğatı məqsədilə istifadə edir. Ancaq adi protokol qaydasıdır”.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə bildirdi ki, səfirlərin müxalifət təşkilatlarının liderləri ilə görüşü protokol görüşüdür: “Eyni tərkib ötən il 23 oktyabrda Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Avropa Birliyinin Bakı ofisində görüşmüşdü. Görüşdə ölkəmizdə ictimai-siyasi vəziyyət, parlament seçkilərinin gedişi, Avrointeqrasiya məsələləri, Qarabağ konfliktinin ədalətli həlli yolları, siyasi məhbuslar problemi, Avropa İttifaqı strukturları ilə Müsavat Partiyasının əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunmuşdu.
Bu cür görüşlər müxalifətin yüksək diplomatik protokola salınmasıdır və mühüm hadisədir".
Cia.az
