|
Arif Alışanovun “dilçi ovu” iddiası doğrudurmu?
Bəzi KİV-lərdə gedən məlumata görə, AzTV sədri Arif Alışanov Qulu Məhərrəmlinin müsahibəsində təhqiramiz ifadələrin olması ilə dilçi alimlərdən  rəy almağa çalışıb. 

Mətbuatda yayılan xəbərlərdə iddia olunur ki, mayın 25-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin çəkiliş qrupu sədr müavini Elsevər Dünyamalıyevin rəhbərliyi ilə Dilçilik İnstitutunda olub və institutun əməkdaşlarını bir-bir direktorun otağına çağıraraq, müsahibədə təhqiramiz fikirlər olduğunu aydınlaşdırmağa çalışıblar.

Bizimxəbər. az saytının iddialarına görə, institut əməkdaşlarını bu barədə müsahibə verməyə təhrik ediblər. İşçilərdən şöbə müdirləri İdris Abbasov, İsmayıl Məmmədov, Sayalı Tağıyeva, həmçinin elmi katib Nəriman Seyidəliyev və başqaları mənfi rəy verməkdən çəkiniblər.
Məlumata görə, E.Dünyamalıyev təxminən 1 saat İnstitutda olsa da çəkiliş aparmağa nail olmayıb. Əməkdaşlar İnstituta xoş niyyətlə gəlməyən sədr müavininin hərəkətini alim şərəfinə ləkə yaxmaq cəhdi kimi qiymətləndirib və narazılıqlarını bildiriblər.

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən telejurnalist Qulu Məhərrəmli öz müsahibəsində təhqirə yol vermədiyindən əmin olduğunu diqqətə çatdırıb: “Bu hadisə özü məni məyus edir ki, alimlərə sayğısız yanaşma var. İkincisi, ekspertiza məsələsi vicdan məsələsidir. Rəy obyektiv şəkildə verilməlidir. Kiminsə xahişi və ya basqısı ilə rəy alınmaz. Çünki rəyi verən adam həm də gəlib məhkəmədə onu müdafiə eləməlidir. Mən tam şəkildə əminəm ki, mənim müsahibələrimdəki ifadələrdən heç biri təhqir deyil, açıq tənqiddir. Qarşı tərəf narahatdırsa, özü bilər. Ancaq bu cür yanaşma, alimlərə bu cür hörmətsizlik eləmək olmaz. Bu məsələnin, mənəvi tərəfi də var və mənim üçün ciddi mənəvi məsuliyyətdir. Ona görə də, mən bu tərzi qəbul eləmirəm".
 
 
Saxta bir rəyin ortaya çıxıb çıxmayacağına gəlincə, Qulu Məhərrəmli bildirdi ki, bu barədə proqnoz vermək çətindir: "Mən əvvəlcə, düşünürdüm  ki, məhkəmə hansı əsasla bu işi icraata götürə bilər. Mən gözləyirdim ki, götürməməlidir, ancaq götürdü. Bu situasiyada da nikbin, və ya  bədbin rəy verməyə çətinlik çəkirəm".
 
Q.Məhərrəmli sonda onu da bildirdi ki, bu gün yenidən Dilçilər İnstitutunun bir neçə alimini AzTV-yə çağıraraq, onlara sözügedən hadisə ilə bağlı danışmamağı tapşırıblar: “Bu gün həmin alimlərdən bir neçəsini çağırıblar və deyiblər ki, belə bir hadisə haqqında soruşan olsa, inkar edin”.
 
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova isə “Yeni Müsavat”a açıqlamasında bu haqda danışmaq istəmədiyini bildirdi: “Biz dezinformasiyalarla bağlı rəy bildirmirik. Rəsmi mövqeyimiz belədir”.

Dilçi-alim Qəzənfər Kazımov isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, sözügedən müsahibədə heç bir təhqir yoxdur və heç bir dilçi bu mənada rəy verə bilməz: “Mən o müsahibə ilə bağlı rəy yazıb Qulu Məhərrəmliyə təqdim etmişəm. O müsahibədəki sözlər sadəcə işğüzar mənada deyilmiş tənqiddir, heç bir kobud ifadə və təhqiramiz söz yoxdur. Arif Alışanovun nümayəndəsinin Dilçilər İnstitutuna getməsini və alimlərdən saxta rəy almağa çalışmasını mən də eşitmişəm, ancaq heç kim Q.Məhərrəmli əleyhinə rəy verməyib. Alimlərə bu cür hörmətsizlik doğru deyil”.
 
Sonda xatırladaq ki, Qulu Məhərrəmli televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı mətbuatda verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini tənqid etmişdi. O, AzTV rəhbərinin qeyri-peşəkar olmasını və menecmenti bilməməsini xüsusi vurğulamışdı.
Arif Alışanov isə öz növbəsində məhkəməyə müraciət edib və  Qulu Məhərrəmliyə cinayət işi açılmasını, həmçinin mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib.
 
Məhkəmə Q.Məhərrəmlinin məlum müsahibəsindəki söz və ifadələrində təhqir olub-olmamasını müəyyənləşdirmək üçün materialları linqvistik ekspertizaya göndərmək barədə qərar qəbul edib.
 
Ekspertiza Mərkəzi işə baxmaq üçün əlavə mütəxəssislərin cəlb olunması barədə məhkəməyə müraciət edib. Hazırda müsahibədəki ifadələrdə təhqirə yol verilib-verilməməsi araşdırılır.
Cia.az