Ötən il I və IV qrup üzrə qəbul imtahanında 86 faiz 0-199 bal toplayıb. Abituriyentlərdən 10 nəfəri 600-700 bal (0.08 %), 32 nəfəri 500-599 bal (0.27 %), 98 nəfəri 400-499 bal (0.83 %), 368 nəfəri 300-399 bal (3.11 %), 1109 nəfəri 200-299 bal (9.37 %), 10214 nəfəri isə 0-199 bal (86.33 %) arası nəticə göstərib.
Maraqlıdır, bu cür aşağı göstəricinin əsl səbəbi nədir? Orta məktəblərdə qazanılan bilik bazasının yetməzliyi, yoxsa heç bir faydasının olmadığı deyilən kurikulum sistemi?
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bu nəticələrin xeyli dərəcədə orta təhsilin keyfiyyəti ilə bağlı olduğunu dedi: “Ötən ilin məzunlarının belə nəticə göstərməsi orta təhsilin keyfiyyəti ilə bağlıdır. Ancaq nəzərə almaq lazımdır ki, ötən illərin məzunları məktəbdən ayrıldıqdan sonra, ya ordu sıralarına cəlb olunur, ya da əmək fəaliyyətinə başlayırlar. Nəticədə yaxşı hazırlaşa bilmirlər. Ona görə də bu cür nəticələr qaçılmaz xarakter daşıyır. Amma nəticələr bu şəkildə faciəvi olmamalı idi. Hər halda məktəb biliklərinin ehtiyatı məzunlara təkcə imtahanlarda yox, həyatda da yardımçı olmalıdır. Sovetlər vaxtı qəbuldan kənarda qalanlar, ali məktəblərə daxil ola bilməyənlər daha yaxşı hazırlaşırdılar ki, növbəti illərdə ali məktəblərə daxil olsunlar. O zamanlar qəbul bir qədər mürəkkəb idi. Ancaq indi gənclər elə başa düşürlər ki, həmin ildə qəbul olunmadılarsa, bütün şanslarını itirmiş olurlar. Məktəb biliklərinin ehtiyatı bir müddətdən sonra özünü doğrultmur. Bu nəticələr məhz onu sübut edir”.
E.Əliyev magistr məsələsinə də toxunaraq yeni qanunun bu sahədə də uşaq sayının ürək açan olmadığını bildirdi: “Cari tədris ilində magistraturaya daxil olan oğlanların sayı 1700 nəfərə yaxındır. Bunun cəmi 300 nəfəri ötən ilin məzunlarıdır. Bu onu göstərir ki, onlar ordu sıralarından sonra magistratura pilləsinə daxil olmaq üçün sənəd vermirlər. Təhsilin fasiləsizliyi pozulduqdan sonra onların magistraturaya həvəsləri ölür. Magistratura pilləsinə daxil olanlar üçün möhlət hüququnun verilməsi "Elm haqqında" qanundan yığışdırıldı. Bunun elmə zərbəsi özünü göstərəcək. Qara qızılın insan kapitalına çevrilməsi elm vasitəsilə olur".
Təhsil Şurasının sədri Əjdər Ağayev ən yaxşı təhsil metodunun kurikulum yox, müəllimin özünün təyin etdiyi metod olduğunu dedi: “Bu faciəvi bir nəticə deyil. Bu uşaqlar ötən il qəbul imtahanlarında iştirak edib orada öz zəifliklərini göstərdikləri üçün qəbul ola bilmədilər. Yəni keçən ildən bəlli idi ki, bu uşaqlar zəifdirlər. Builki 10 minlərlə məzun içərisində bu qədərin qeyri-kafi olması, yaxud aşağı bal yığması təbii bir prosesdir. Ona görə də burada faciəvi, qeyri-adi heç nə yoxdur. Bu uşaqlar bir il ərzində özü üzərilərində işləməli, çalışmalı idilər. Bu uşaqların içərisində 500, 600, 700 bal toplayanlar var. Aşağı bal toplayan zəif uşaqlar gərək özləri üçün təhsil proqramı tutardılar və nədən zəif olduqlarını müəyyənləşdirib, onu aradan qaldırardılar”.
Ə.Ağayev orta məktəblərdə buraxılış imtahanlarının nəticələrinin də ürək açan olmadığını dedi:“Azərbaycanın əksər məktəblərində buraxılış imtahanlarının nəticələri ürəkaçan deyil. Kurikulum deyilən bu tələblər toplusunun hazırlanmasında iştirak edənlərin əksəriyyəti pedaqoji prosesi bilmir. Ona görə də onların hazırladıqları tələblərdə nakamillik var. Digər tərəfdən xarici təcrübəni Avropadan, Dünya Bankının bizə ötürdüyü təcrübəni tərcümə edərək tətbiq edirlər. Tərcümə ilə iş alınmaz. Azərbaycanın öz zəngin təcrübəsi, milli koloriti, qabiliyyətləri var. Biz bunu olduğu kimi tətbiq etməli deyilik. Həmin kurikulum deyilən tələblər, xüsusən təlim metodları qondarmadır, heç bir əhəmiyyət vermir. Əhəmiyyətli metod yaxşı müəllimin özünün müəyyənləşdirdiyi metoddur. Çünki sinifdəki uşaqların sayı qədər ailə var, hərbi xüsusiyyətlər, anlama metodları və sair var ki, bunu o müəllim bilir. Buna görə də onun metodikasını da müəllim müəyyənləşdirməlidir. Bunu xaricdən gətirməklə deyil. Bunu uşaqlar qavraya bilmir. Məsələn, riyaziyyat dərsliyi bərbad vəziyyətdədir. Heç bir pedaqoji qaydalarla öyrənilmir. Bu cür süni yanaşmaların uşaqların biliyinə savadına təsir göstərir. Amma konkret olaraq imtahanda zəif bal toplayan cari ilin məzunları gərək yollarını düz seçərdilər. Hamı ali məktəbə daxil olmaq üçün hazırlaşmır ki, Peşə məktəbləri də var. Turizm, ekologiya və sairə xidmətləri var. Peşə məktəblərinə gedib bu sənətləri peşə məktəbində öyrənib işləsinlər. İşləyə-işləyə təcrübələri də olacaq. Ondan sonra ali məktəbə ərizə versinlər. Yəni məsələyə kompleks yanaşılmalıdır. Tədbirləri də bütün məktəblər görməlidir. Təhsil Nazirliyi, hansısa idarəedici qurum, əsas deyil. Əsas məktəblər, müəllimlər, direktorlardır”.
Sabiq təhsil naziri Firudin Cəlilov bu göstəricilərin dəhşətli göstərici olduğunu dedi: “Yəni bu bizim təhsilin hansı vəziyyətə düşməsini göstərir. Bu, zəncivari dövr edir. Savadsız şagirdlər buraxılır, savadsız müəllim yetişir və bu savadsız müəllim gedir təzədən savadsız kadrlar yetişdirir. Bu çox ciddi məsələdir. Uzmanlar bunu oturub müzakirə etməli, çıxış yolu axtarmalıdır. Ortalıqda fakt var. Bunun üstünü pərdələmək mümkün deyil. Bundan çıxış yolu tapmaq lazımdır”.
Cia.az
